MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

Yuxular bizə göndərilən mistik mesajdırmı?

Tam olaraq xatırlamasaq da demək olar ki, hər gecə yuxu görürük. Hətta bəzi canlıların da yuxu gördüyünə dair sübutlar var. Yuxuların gələcəkdən xəbər verməsinə və ya bu vasitə ilə bizlərə bəzi mistik mesajlar göndərilməsinə inananlar da var. Bəs əslində nə üçün yuxu görürük?

Yuxu ilə bağlı bir sıra fərqli nəzəriyyələr irəli sürülüb. Onlardan birinə görə, yuxu görməyimizin əsl səbəbi xatırlamağımızla əlaqəlidir. Gün ərzində yaşanan müsbət və ya mənfi hadisələrin yuxularımızda canlanması, beynimizin xatirə və məlumatları yaddaşa qeyd etməsinə kömək edir.

Bəzi alimlərin fikrincə isə yuxular emosional travmalarımızla üzləşmənin bir yoludur. Yuxu zamanı beynimiz daha çox emosional vəziyyətdə olduğu üçün şüurlu olduğumuz zaman qarşılaşmadığımız və ya qarşılaşmaqdan çəkindiyimiz duyğulara adaptasiya olmağımızı təmin edir.

Yuxular mövzusunda olan daha bir mistik yanaşmada isə onların ilahi mesajlar olduğuna və ya yuxu zamanı ilham pərilərinin bizi ziyarət etdiyinə inanılır. Təbii ki, bu nəzəriyyələrin heç birinin elmi əsası yoxdur. Ancaq yuxu zamanı beynimiz başqa bir şüur vəziyyətində olduğu üçün bu cür qeyri-adi şeylərlə qarşılaşmağımız olduqca normaldır.

Psixi və fiziki sağlamlığımızla əlaqəli olan bəzi problemlər də yuxularımıza təsir edə bilər. Məsələn, ayağınız ağrıyaraq yatırsınızsa, yuxuda onların "başına" çox iş gələ bilər. Pis bir əhvali-ruhiyyə ilə yatdıqda hətta özünüzü müharibənin içində belə görə bilərsiniz.

Yuxular ümumilikdə film kimi konkret səhnələrdən ibarət deyil. Bir yerdən başqa yerə uçursan, tanıdığın birinə oxşayan, həm də sənə oxşayan birini görəndə özünü həm stadionda, həm də evinin bir otağında hiss edə bilərsən. Başqa sözlə, aydın xatırlanacaq heç bir hekayə yoxdur.

Bəzi gecələr o qədər gözəl yuxular görürük ki, kaş heç yuxudan oyanmasaq və ya dərhal yatıb onları bir daha görə bilsək deyirik. Amma bunun əksi də var, kabuslar. Kabusların da səbəbləri yuxulara bənzəyir. Gün ərzində qarşılaşdığınız pis hadisələr, spirtli içkilərin qəbulu, müxtəlif dərmanlardan istifadə və ya  ağır yeməklərin istehlakı  kabusları qaçılmaz edir.

Unutmayın ki, ruhi və fiziki sağlamlığınıza diqqət etməklə yuxu və yuxu keyfiyyətinizi artıra bilərsiniz.

 

Yalnız qan içərək həyatda qalırlar...

Təbiətin fövqəladə varlıqları olan yarasaların bəzi növləri qansoran kimi də tanınır. Bəzən heyvanların qanı ilə də qidalanan yarasalar bir vaxt dişlədikləri heyvanı daim tanımaq və qoxusu ilə izini tapmaq qabiliyyəti ilə də məşhurdur. Vampir əfsanəsinin ortaya çıxmasında da, təbii ki, bu məməlilər böyük rol oynayır. İndiyə qədər onların həm də, böcəklərlə qidalandığı bilinirdi. Lakin bu yaxınlarda elm adamları yarasaların 3 növünün yalnız qanla qidalandığını ortaya çıxarıblar.

"Science Advances" jurnalında dərc olunan araşdırmada tədqiqatçılar vampir yarasaların genomlarını digər növlərin genomları ilə müqayisə ediblər. 26 yarasa növündən yalnız vampir yarasalarda əskik olan və ya artıq işləməyən 13 genin mövcud olduğu ortaya çıxıb. Elm adamları onların genində zaman keçdikcə dəmir və proteinə olan tələbatın artdığını, yağ və ya karbohidrata qarşı isə azaldığını müşahidə ediblər.

Tədqiqat müəlliflərindən Michael Hiller, uzunluğu təxminən 8 santimetr olan, gecələr bəzi heyvanların qanı ilə qidalanan bu yarasa növünün Cənubi və Mərkəzi Amerikada yaşadığını bildirib.

Qan qorxunc bir qida mənbəyidir. Bu məməlilərin yalnız qanla qidalanaraq həyatda qala bilməsi həqiqətən təəccüblüdür. Onlar digər yarasaların arasında da, olduqca qəribə görünürlər, - deyə Tulane Universitetinin tədqiqatçısı Kim Frank bildirib.

Bundan əlavə bu heyvanların təkcə qanla qidalanmasının nadir bir hal olduğu bildirilib. Həmçinin 1400 yarasa növünün 3 növündən başqa qalanlarının daha çox böcək, meyvə, kiçik qurbağa və balıqlarla qidalandığı vurğulanıb.

 

Dünyanın ən çox sevilən qoxusu məlum olub

Əslində qoxu seçimi insan xarakterinə əsaslanan, mürəkkəb və eyni zamanda da çox çətin prosesdir. Zövqlər müxtəlif olsa da, lakin alimlər dünyada insanların daha çox hansı qoxuları bəyənib-bəyənmədiyini araşdırıblar.

Eksperimental araşdırmaya dünyanın müxtəlif yerlərindən 200-dən çox insan cəlb edilib. Tədqiqatçılar Tayland, Meksika, Ekvator və ABŞ-ın müxtəlif əyalətlərindən olan fərqli mədəniyyətləri təmsil edən insanların daha çox hansı qoxulara üstünlük verdiklərini araşdıraraq, toplanan məlumatları analiz ediblər. Respondentlər arasında bir sıra müxtəlif qrup və icmaların nümayəndələri də iştirak edib.

Sınaqlarda iştirak edən respondentlərə qələmə bənzər ətir paylayıcılar verilib. 10 fərqli milləti təmsil edən nümayəndələr 10 cür müxtəlif qoxu içərisində daha çox hansına üstünlük verdiklərini yaxşıdan pisə doğru sıralamalı olublar. Ümumilikdə ən çox bəyənilən ətir vanil, ən pis qoxu olaraq qəbul edilən isə pendir və soya südü seçilib.

Bundan əlavə fərqli mədəniyyətlərin qoxu seçiminə təsir etmədiyi də məlum olub. Ətir seçimlərinin əksəriyyətinin şəxsi zövqlərə görə 54 faiz olduğu açıqlanıb.

"Biz bütün dünyada insanların bənzər qoxu zövqünə sahib olub-olmadığını araşdırmaq istədik", - deyə İsveçrə Karolinska İnstitutunun nevroloqu söyləyib.

Elm adamları növbəti addımlarının beynin qoxuya reaksiyası ilə bağlı olacağını açıqlayıblar.

 

Göbələklər də "danışa" bilir

Meşələrin dərinliklərində, ağacların dibində öz-özünə cücərən göbələklər ilk baxışdan sadə quruluşa sahib və müstəqil orqanizmlər kimi təəssürat yaradır. Əslində onlar düşündüyümüz qədər də sadə deyillərmiş. Çünki yeni bir araşdırma ilə bu bitkilərin öz aralarında yaxşı bir "həmsöhbət" olduğu ortaya çıxıb.

İngiltərəli alimlər bu yaxınlarda təəccüblü bir araşdırmaya imza ataraq , bəzi göbələk növlərinin ünsiyyət qura bildiklərini ortaya çıxarıblar. "The Sun" qəzetində yayımlanan xəbərə görə, İngiltərənin Qərb Universitetinin tədqiqat qrupu dörd fərqli göbələk növünün yaratdığı elektrik nümunələrinin riyazi analizini təhlil etməklə, onların bir-biri ilə əlaqə saxladığını müəyyən ediblər. Elm adamları göbələklərin göndərdiyi elektrik siqnallarında insan nitqinə bənzər heyrətamiz struktur oxşarlığının nümunələrini aşkar ediblər. Hətta onların təxminən 50-ə qədər söz bazasına da sahib olduğu bildirilir. Bunun necə baş verdiyini müəyyən etməyə çalışan tədqiqatçılar bitkilərin havadan və müəyyən səbəblərdən məruz qala biləcəkləri potensial risklərdən xəbər tutduqlarını ehtimal edirlər.

Tədqiqat zamanı göbələklərin insanlarda olan neyronların məlumat ötürmə üsuluna bənzər uzun, yeraltı filamentvari strukturlar vasitəsilə elektrik siqnalları və impulslar yaydıqları bəlli olub.

Tədqiqat rəhbəri, professor Dr. Andrew Adam bir göbələyin orta "söz" uzunluğunun 5,97 hərf olduğunu söyləyib.

Bəzi elm adamları göbələklərin rəsmi olaraq danışıq dilinə malik olduğuna dair daha çox sübuta ehtiyac olduğunu söyləyirlər.

Hazırladı: 

Elenora HƏSƏNOVA,

"Respublika".