DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

RƏSMİ KİYEV MÜHARİBƏNİ DAYANDIRMAĞIN MÜMKÜN VARİANTINI AÇIQLAYIB

“Müharibəni dayandırmaq üçün Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında danışıqlar lazımdır”. “Report” agentliyinin məlumatına görə, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bəyan edib.

“Biz ilk növbədə döyüş qabiliyyətimizi sübut etməliyik. Və artıq bunu etmişik. Həm də Rusiyanı inandırmaq lazımdır ki, o, təkcə iqtisadi mənada deyil, həm də döyüş meydanında çox şey itirəcək. Beləliklə, danışıqlar masası arxasında mövqeyimizi müdafiə etmək daha asan olacaq. Çünki biz hücum edən yox, hücuma məruz qalan tərəfik”, - deyə müşavir vurğulayıb.

Qeyd edək ki, Ukrayna lideri Volodimir Zelenski də bir neçə dəfə V.Putinlə görüşə hazır olduğunu bildirib. Onun fikrincə, müharibəni dayandıra biləcək yeganə qüvvə V.Putindir.

 

AVROPA İTTİFAQI ÖLKƏLƏRİ TÜRKİYƏ PUA-LARI ÜÇÜN SIRAYA DÜZÜLÜB

Türkiyənin öz imkanları hesabına istehsal etdiyi pilotsuz uçuş aparatları (PUA) müharibələrin gedişində həlledici rol oynayır. Türk dronları PKK/YPG terror təşkilatına qarşı keçirilmiş əməliyyatlarda, eləcə də Suriya, Azərbaycan və Liviyada öz effektivliyini sübut edib. Nəhayət, dünya “Bayraktar”ların Rusiya-Ukrayna müharibəsindəki üstünlüyünü müzakirə etməyə başlayıb. “Teleqraf.com”un xəbərinə görə, Almaniyanın Türkiyədən PUA alacağı iddia edilib, Serbiya isə ixracat üçün Ankara ilə razılaşdığını açıqlayıb.

Məlumata görə, Rusiyanın Ukraynaya qarşı aqressiv münasibətindən narahat olan və müdafiəsini gücləndirmək istəyən Avropa İttifaqı ölkələri artıq Türkiyə PUA-ları üçün sıraya düzülüb. Əvvəllər Türkiyənin müdafiə sənayesini sərt tənqidlərlə hədəfə alan, hətta terror təşkilatına qarşı əməliyyatlarda satdıqları silahların istifadəsinə icazə verməyən ölkələr indi “Bayraktar” sifariş verməyə başlayıblar.

Bununla yanaşı, Avropa İttifaqının Ankaraya silah sənayesində əməkdaşlıq təklif etməyə hazırlaşdığı, PUA istehsalında Türkiyənin üstün texnologiyasından yararlanmaq istədiyi iddia edilib.

 

BÖYÜK BRİTANİYADA İNFLYASİYA ƏN YÜKSƏK HƏDDƏ ÇATIB

Böyük Britaniyada mart ayında inflyasiya illik 7 faizə çatıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə Böyük Britaniya Milli Statistika Xidmətinin hesabatında qeyd olunur.

Açıqlamaya əsasən, bu, ölkədə 1992-ci ilin martından bəri qeydə alınan ən yüksək göstəricidir. Həmin il Böyük Britaniyada inflyasiya 7,1 faizə çatmışdı.

Mütəxəssislər Böyük Britaniyada mart ayı üzrə inflyasiya dərəcəsini 6,7 faiz səviyyəsində proqnozlaşdırırdı, lakin istehlak qiymətləri bu həddi ötüb. Aprel ayında inflyasiyanın 8 faizə çata biləcəyi gözlənilir.

İlin sonunadək isə bəzi analitiklər inflyasiyanın 10 faizi üstələyə biləcəyini güman edirlər.

 

İRANDAN XARİCİ VALYUTA İLƏ BAĞLI YENİ QƏRAR

İranda xarici valyutaların daşınması və saxlanması qanunsuz hesab olunur. “APA”nın məlumatına görə, İran parlamentinin təsdiqlədiyi yeni qanuna əsasən, xarici valyutanın ölkəyə giriş-çıxışı qaçaqmalçılıq nümunəsi kimi qəbul ediləcək.

Valyuta sahibləri qaçaqmalçılığa görə cəzalandırılmamaq üçün üç ay ərzində aktivlərini sistemdə qeydiyyatdan keçirməlidir. Məlumatda qeyd olunur ki, əgər qeyd olunan müddətdə aktivlər sistemə yerləşdirilməsə, bu, qaçaqmalçılıq hesab olunacaq.

Qeyd olunur ki, xarici vətəndaşlar İrana səfər edərkən hər nəfər üçün 10 min avro və ya onun dəyərində digər xarici valyuta ölkəyə gətirə bilər. Xarici vətəndaşlar ölkədən hava yolları vasitəsilə 5 min avro, quru yollarla 2 min avro və ya onun dəyərində digər xarici valyuta ölkədən çıxara bilər.

ƏRDOĞAN: MÜNAQİŞƏLƏRİN SÜLH YOLU İLƏ HƏLLİNİN TƏRƏFDARIYIQ

“Türkiyə mövcud münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır”. “Report”un verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra televiziya ilə çıxışı zamanı bəyan edib.

Prezidentin sözlərinə görə, Ankara beynəlxalq arenada konstruktiv mövqe tutur və burada iki dünya müharibəsindən sonra öz layiqli yerini alıb.

Ərdoğan həmçinin qeyd edib ki, Türkiyədə ölkənin dünyanın 10 ən böyük iqtisadiyyatından biri olması üçün bütün lazımi səylər göstərilir. Dövlət başçısı həmçinin ölkənin 2023-cü il hədəflərinə çatmasını təmin etmək əzmində olduğunu bir daha təsdiqləyib.

Bununla yanaşı, Ərdoğan bildirib ki, 2053-cü ilə qədər Türkiyədə dəmir yolu, avtomobil, dəniz və hava kommunikasiyalarının infrastrukturunun inkişafına 198 milyard dollar sərmayə qoyulması planlaşdırılır.

 

UKRAYNA ORDUSU MARİUPOLDA MÜHASİRƏDƏN ÇIXMAĞI BACARIB

Ukraynada bütün cəbhə xəttində şiddətli döyüşlər davam edir. Şərq cəbhəsində rus hərbçilər ukraynalı müdafiəçiləri, cənub və şimal-şərq cəbhələrində Ukrayna Silahlı Qüvvələri rus ordusunu məğlub etməyə çalışırlar. “Teleqraf.com”un verdiyi xəbərə görə, Donetskdə rus ordusu Severodonetsk şəhərinə girməyə cəhd etsə də, buna nail ola bilməyib.

Mariupolda isə rus ordusu şəhərin bəzi ərazilərində hücum əməliyyatları həyata keçirir. Şəhərdə Ukrayna dəniz piyada briqadasının diviziyası xüsusi əməliyyat nəticəsində mühasirəni yararaq Azov alayı ilə birləşməyi bacarıb. Nəticədə bir neçə yüz dəniz piyadası, o cümlədən yaralılar xilas ola bilib.

Donetsk vilayətinin cənubunun tam işğalına baxmayaraq, Mariupolun bir neçə rayonu istisna olmaqla, bölgədə kəskin dəyişiklik baş verməyib. Ukrayna Silahlı Qüvvələri əsasən 2015-ci ildə müəyyən edilmiş cəbhə xəttində mövqelərini saxlayır.

 

CAR-DA ŞİDDƏTLİ DAŞQINLAR 253 NƏFƏRİN HƏYATINA SON QOYUB

Cənubi Afrika Respublikasının (CAR) Kvazulu-Natal əyalətində bir neçə gündür davam edən leysan yağışları və daşqınlar nəticəsində 253 nəfər həlak olub. “Trend”in verdiyi xəbərə görə, bu barədə əyalətin səhiyyə xidməti məlumat yayıb.

Açıqlamaya əsasən, ötən sutka ərzində Durban şəhərinə 300 millimetr yağıntı düşüb ki, bu da əvvəlki rekorddan iki dəfə çoxdur.

Əyalət rəhbərliyi ziyan dəymiş bölgələri fəlakət zonası elan edib. Ölkə prezidenti Siril Ramaposa bölgəyə səfər edib.

Xatırladaq ki, CAR ərazisində aprelin 8-dən etibarən Antarktidadan daxil olan soyuq hava kütləsi hökm sürür. Meteoroloqlar leysan yağışlarının davam edəcəyini bildirir.

 

BEYNƏLXALQ CİNAYƏT MƏHKƏMƏSİNİN PROKURORU UKRAYNAYA SƏFƏR EDİB

Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Kərim Xan Ukraynanın baş prokuroru İrina Venediktova ilə görüşüb. “APA”nın verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Cinayət Məhkəməsinin “Twitter” hesabında məlumat verilib.

Bildirilir ki, Kiyevdə baş tutan görüşdə Kərim Xan müstəqil araşdırmalar üçün Ukrayna hökuməti ilə sıx əməkdaşlığı qiymətləndirdiyini vurğulayıb.

Eyni zamanda, tərəflər təması daha da fəallaşdırmaq və Ukraynada hərbi cinayət törədənləri məsuliyyətə cəlb etmək üçün tərəfdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru mülki vətəndaşların kütləvi şəkildə öldürüldüyü Buça şəhərinə də baş çəkib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.