DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VLADİMİR PUTİN: AVROPA ÜÇÜN RUSİYA QAZININ ALTERNATİVI YOXDUR

“Hazırda Avropa üçün Rusiya qazına ağlabatan alternativ yoxdur”. “APA”nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

Verilən xəbərə əsasən, Rusiya lideri qeyd edib ki, digər ölkələrdən, ilk növbədə ABŞ-dan Avropaya yönəldilə biləcək tədarüklər istehlakçılara dəfələrlə baha başa gələcək və insanların həyat səviyyəsinə, Avropa iqtisadiyyatının rəqabətqabiliyyətliyinə təsir edəcək.

Eyni zamanda, Vladimir Putin əlavə edib ki, Rusiyanın enerji şirkətləri qlobal bazarın məsuliyyətli iştirakçılarıdır və bunu onilliklər ərzində apardıqları iş və öhdəliklərini ciddi şəkildə yerinə yetirməklə sübut ediblər.

 

FRANSADA SEÇKİLƏRİN BİRİNCİ TURUNUN NƏTİCƏLƏRİ AÇIQLANIB

Fransada Konstitusiya Şurası prezident seçkilərinin birinci turunun yekun nəticələrini açıqlayıb. “Report” agentliyinin xəbərinə görə, ölkə prezidenti Emmanuel Makron 9,78 milyon, ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen isə 8,13 milyon səs toplayıb.

Səsvermə hüququna malik olan ümumilikdə 48,7 milyon nəfərdən 35,9 milyonu seçkiyə qatılıb. Konstitusiya Şurası rəsmi olaraq elan edib ki, Makron və Le Pen prezident seçkilərinin ikinci turunda iştirak etmək hüququna malikdirlər.

Qeyd edək ki, prezident seçkilərinin birinci turu aprelin 10-da baş tutub. Seçki yarışında 12 namizəd iştirak edib. Bülletenlərin 100 faizini emal etdikdən sonra Emmanuel Makron 27,84 faiz, Marin Le Pen isə 23,15 faiz səs toplayıb.

Beləliklə, aprelin 24-də keçiriləcək ikinci turda Yelisey sarayı uğrunda final duelində Makronla Le Pen mübarizə aparacaq.

 

TÜRKİYƏ DOQQUZ İLDƏN SONRA MİSİRƏ SƏFİR TƏYİN EDƏ BİLƏR

Türkiyə doqquz illik aradan sonra Misirə yeni səfir təyin edə bilər. “Trend” agentliyinin məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “NTV” telekanalına müsahibəsində bildirib.

“Misirlə münasibətləri düzəltmək lazımdır. Ölkələr arasında münasibətlərin normallaşması Şərqi Aralıq dənizi regionu üçün çox vacibdir. İlkin olaraq, söhbət qarşılıqlı səfir təyin olunmasından gedə bilər”, - deyə XİN başçısı vurğulayıb.

Xatırladaq ki, Türkiyə ilə Misir arasında münasibətlər 2013-cü ildə hərbi çevriliş zamanı o zamankı prezident Məhəmməd Mursinin devrilməsi və Əbdülfəttah əs-Sisinin hakimiyyətə gəlməsindən sonra gərginləşmişdi.

 

NYU-YORK METROSUNDA QORXU HÖKM SÜRÜR

ABŞ-ın ən böyük şəhərlərindən biri olan Nyu-York metrosunda qorxu hökm sürür. “Report”un xəbərinə görə, dünyanın ən qədim ictimai nəqliyyat sistemlərindən biri, ən çox stansiyaya sahib olan Nyu-York metrosu bu günlərdə dünyanın ən təhlükəli yerlərindən birinə çevrilib. Belə ki, hər gün minlərlə sərnişini mənzil başına çatdıran Nyu-York metrosu son günlərdə cinayətkarlara və evsiz insanlara ev sahibliyi edir.

Metroda az qala hər gün baş verən hücumlar səbəbindən sərnişinlər qorxu içindədir. Elə bu səbəbdən də metrodan istifadə edən əhalinin və turistlərin sayı kəskin şəkildə azalıb.

Bununla yanaşı, stansiyalarda cinayət hadisələrinin artması ilə əlaqədar Nyu-York Polis Departamenti gücləndirilmiş iş rejimində çalışır. “Heç vaxt yatmayan şəhər” kimi tanınan Nyu-Yorkda metro 24 saat ərzində ilin hər günü fasiləsiz xidmət göstərir.

Qeyd edək ki, aprelin 12-də səhər saatlarında Nyu-Yorkun “36th Street” metro stansiyasında atışma nəticəsində azı 29 nəfər xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən 62 yaşlı Frenk Ceyms  saxlanılıb.

 

UKRAYNADA 9 HUMANİTAR DƏHLİZLƏ BAĞLI RAZILIQ ƏLDƏ OLUNUB

Ukrayna baş nazirinin müavini İrina Vereşyuk mülki şəxslərin təxliyyəsi üçün 9 humanitar dəhlizlə bağlı razılığın əldə olunduğunu açıqlayıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Baş nazirin müavini açıqlamasında münaqişə bölgələrindəki mülki şəxslərin doqquz dəhlizdən keçərək təhlükəsiz bölgələrə daxil ola biləcəyini vurğulayıb.

Mariupol, Berdyansk, Tokmak və Enerqodardan Zaporojyeyə keçmək istəyənlərin yalnız şəxsi avtomobilləri ilə hərəkət edə biləcəklərini qeyd edən İ.Vereşyuk təxliyə üçün Severonodetsk, Lisiçansk, Popasna və Rubijne şəhərlərinə və Qornoe stansiyasına avtobuslar göndərəcəklərini bəyan edib.

Bununla yanaşı, baş nazirin müavini əlavə edib ki, Rusiya qoşunları tərəfindən atəşkəslə bağlı razılıq əldə olunarsa, Luqansk vilayətindəki dəhlizlər də işləyəcək.

 

ÇİNDƏ KORONAVİRUSA REKORD SAYDA YOLUXMA QEYDƏ ALINIB

Çində pandemiya başlayandan bəri “COVID-19”a yoluxma sayında rekord qeydə alınıb. “APA”nın məlumatına görə, son 24 saat ərzində Çində 29411 virusa yoluxma halı qeydə alınıb ki, bu da pandemiyanın başlanğıcından bəri ən yüksək sayda yoluxma faktıdır.

Çinin Gigiyena və Sağlamlıq üzrə Dövlət Komitəsinin məlumatına görə, “COVID-19”a yoluxan şəxslərdən 73-ü xaricdən gəlib. Gün ərzində ən çox yoluxma Şanxayda (2573) və şimal-şərqdəki Tszilin əyalətində (325) qeydə alınıb. 26391 nəfərdə xəstəliyin simptomları müşahidə edilməyib.

Hazırda Çində yoluxanların sayı 171,3 min nəfərdir. Onlardan 143 mindən çoxu sağalıb, 4638 nəfəri isə vəfat edib.

 

GÜRCÜSTAN PARLAMENTI PREZİDENTLƏ BAĞLI QANUNU TƏSDİQLƏYİB

Gürcüstan parlamenti üçüncü oxunuşda “Konstitusiya məhkəməsi” haqqında qanuna dəyişiklikləri təsdiqləyib. “Report”un xəbərinə görə, qanun layihəsini 83 deputat dəstəkləyib, 6-sı isə əleyhinə olub.

Dəyişikliklərə əsasən, Gürcüstan prezidenti, hökumət, Baş Prokurorluğun fəaliyyəti və ya fəaliyyətsizliyindən Konstitusiya Məhkəməsinə şikayət etmək mümkün olacaq.

Məhkəmədə həmçinin parlament, Ali Ədliy

yə Şurası, Milli Bankın Şurası, Xalq müdafiəçisi, baş auditor, Muxtar Respublikanın Ali Şurası da iddia qaldıra biləcək.

Qeyd edək ki, qanunvericiliyə dəyişikliklərin edilməsi təşəbbüsü hakim Gürcü Arzusu Partiyasına məxsusdur. Partiya bu yaxınlarda prezident Salome Zurabişvilinin səfirlərin təyinatı zamanı fəaliyyəti ilə bağlı Konstitusiya Məhkəməsinə şikayət təqdim edə bilməyib.

 

ŞİMALİ KOREYA CƏNUB QONŞUSUNUN OBYEKTLƏRİNİ DAĞIDIB

Şimali Koreyanın Kumqanq dağında Cənubi Koreya şirkəti tərəfindən tikilmiş qolf meydançasını və bəzi kurort obyektlərini dağıtdığı bildirilib. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Cənubi Koreyanın Birləşmə Nazirliyi məlumat yayıb.

Cənubi Koreya tərəfi rəsmi Pxenyanı baş verənləri izah etməyə və həll yolu tapmaq üçün sərhədyanı danışıqlar çağırışına tez cavab verməyə səsləyib.

Eyni zamanda, peyk fotolarından da məlum olub ki, Şimali Koreya Kumqanq dağındakı bir oteli, həmçinin yaxınlıqdakı qolf meydançasını və bir sıra kurort obyektlərini söküb.

Qeyd edilib ki, dağıdılan obyektlər Cənubi Koreyanın “Hyundai Asan” şirkəti tərəfindən tikilib və texniki cəhətdən cənuba məxsusdur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.