DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

MARİUPOLDA İLK DƏFƏ BOMBARDMANÇILARDAN İSTİFADƏ EDİB

Rusiya Ukraynaya hücum etdikdən bəri ilk dəfə olaraq mühasirədə olan liman şəhəri Mariupola qarşı uzaqmənzilli bombardmançılardan istifadə edib. “APA”nın “Guardian” nəşrinə istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzyanik bildirib.

Bununla yanaşı, nazirlik rəsmisinin sözlərinə görə, Rusiya həftələrdir mühasirədə olan liman şəhəri ilə yanaşı Rubejnoe və Popasnaya şəhərlərini də almağa çalışır.

Mətbuat katibi həmçinin Rusiya Silahlı Qüvvələrinin Mariupolu tam ala bilmədiyini və orada küçə döyüşlərinin hələ də davam etdiyini vurğulayıb.

Eyni zamanda, Müdafiə Nazirliyinin sözçüsü əlavə edib ki, Mariupolun İlliç Polad və Dəmir Zavodunun ətrafında, eləcə də liman ərazisində aktiv döyüşlər gedir.

 

MARİN LE PEN: PREZIDENT SEÇİLSƏM EDAM CƏZASINI BƏRPA EDƏCƏYƏM

Fransa prezidentliyinə namizəd, ifrat sağçı Marin Le Pen aprelin 24-də keçiriləcək ikinci tur kampaniyası çərçivəsində verdiyi vədləri sadalamağa davam edir. “Teleqraf.com”un məlumatına görə, bundan əvvəl prezident seçiləcəyi təqdirdə Fransanı NATO-nun hərbi qanadından çıxaracağına söz verən Le Pen bu dəfə ölüm hökmündən danışıb.

Seçiləcəyi təqdirdə referenduma müraciət edəcəyini vurğulayan xanım siyasətçi masasında ölüm hökmünün bərpası məsələsinin olduğunu dilə gətirib.

Məlumat üçün qeyd edək ki, Marin Le Pen ilk dəfə deyil ki, Fransanın 1981-ci ildə ləğv etdiyi edam hökmünün yenidən tətbiqi ehtimalını gündəmə gətirir. O, 2012-ci ildə ölüm hökmündən danışsa da, 2017-ci il seçkilərində bu haqda söz açmamışdı. Hətta o vaxt bildirmişdi ki, şəxsən ölüm hökmünün bərpasının əleyhinə səs verəcək.

 

UKRAYNAYA ALMANİYADAN SİLAH TƏDARÜKÜ ILƏ BAĞLI ÇAĞIRIŞ

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Almaniya kansleri Olaf Şoltsu Kiyevə növbəti silah tədarükü ilə bağlı mümkün qədər tez qərar verməyə çağırıb. “Report” agentliyi bu barədə Almaniya mətbuatına istinadən xəbər yayıb.

Bildirilir ki, D.Kulebanın sözlərinə görə, Almaniya daha öncə silah tədarükünə razılıq versəydi, hərbi əməliyyatların qarşısını almaq olardı.

Eyni zamanda, XİN başçısı yenidən neft idxalına embarqo da daxil olmaqla Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə çağırıb. “Almaniya Avropanın aparıcı ölkəsidir. Və biz bu rola ümid edirik”, - deyə o əlavə edib.

Xatırladaq ki, bir müddət öncə Almaniyanın xarici işlər naziri Annalena Burbok bildirib ki, Kiyevin ağır silahlara ehtiyacı var və indi bu məsələdə bəhanə axtarmağın vaxtı deyil.

 

YAPONİYA ƏHALİSİNIN SAYI KƏSKİN ŞƏKİLDƏ AZALIB

Yaponiya əhalisi 2020-ci il oktyabrından 2021-ci ilin oktyabrınadək olan müddət ərzində rekord həddə, 644 min nəfər azalaraq 125,5 milyon nəfər təşkil edib. “Trend” agentliyinin məlumatına görə, bu barədə Yaponiyanın İnzibati İşlər və Kommunikasiyalar Nazirliyi açıqlama yayıb.

Bildirilir ki, bu, 20-ci əsrin ortalarından bəri qeydə alınan ən yüksək azalma səviyyəsi olub. Eyni zamanda, son 10 il ərzində ölkə əhalisi 2,3 milyon nəfər azalıb.

Bununla yanaşı, statistikaya əsasən, Yaponiya əhalisinin 36,2 milyonu və ya təxminən 29 faizi 65 yaşdan yuxarı şəxslərdir.

Hesablamalara görə, 2053-cü ilədək Yaponiyada əhalinin 100 milyon nəfərə, 2065-ci ilədək 88 milyon nəfərədək azalacağı proqnozlaşdırılır.

 

NATO GƏMİLƏRİ TƏLIMLƏR ÜÇÜN BALTİK DƏNİZİNƏ DAXİL OLUB

NATO-nun birinci daimi dəniz qrupunun gəmiləri Baltik dənizinə daxil olub. “APA”nın “ERR” portalına istinadən verdiyi xəbərə görə, onlar müttəfiq ölkələrlə təlimlərdə iştirak edəcəklər.

Portalın xəbərinə əsasən, gəmilərin bir hissəsi cümə axşamı Baltik dənizinə daxil olub, qrupun qalan gəmiləri cümə günü Tallin limanının terminalına çatıb.

Bildirilir ki, gəmilərin əsas vəzifəsi Baltik dənizi regionunda müttəfiqlərin mövcudluğunu nümayiş etdirmək və Estoniya donanması ilə təlimlər keçirməkdir.

Estoniya Hərbi Dəniz Qüvvələrinin komandanı Yuri Saska bildirib ki, gələn həftə Estoniya dəniz piyadaları ilə birgə təlimlərə başlamaq planlaşdırılır. Onun sözlərinə görə, təlimlər minaların quraşdırılması və aşkarlanması üçün həyata keçiriləcək.

 

TRANSMİLLİ ŞİRKƏTLƏR MİLYARDLARLA DOLLAR İTİRƏCƏK

Transmilli şirkətlər Rusiyada fəaliyyətini dayandırdıqdan sonra on milyardlarla dollar ziyana düşüblər. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” nəşri şirkətlərin bəyanatları, onların sənədləri və analitiklərin şərhlərinə əsasən məlumat yayıb.

Qeyd edilir ki, artıq 600-dən çox Qərb şirkəti Ukraynadakı münaqişə səbəbindən Rusiya bazarını tərk edir və ya oradakı əməliyyatları azaldacaqlarını bəyan edib.

Zərərlər həm də şirkətlərin Rusiyadakı fəaliyyətini tamamilə dayandırıb-dayandırmamasından asılı ola bilər. Qlobal şirkətlər aktivlərin satışı, zavodların bağlanması və sanksiyaların nəticələri ilə mübarizə apararkən Rusiya əməliyyatlarından on milyardlarla dollar itkilər hesablayırlar.

 

İSRAİL XÜSUSİ LAZER SİLAHINI SINAQDAN KEÇİRİB

İsrailin “Rafael” şirkəti Müdafiə Nazirliyinin Müdafiə Tədqiqatları İdarəsi ilə birgə “Iron Beam” raket əleyhinə lazer sisteminin sınaqlarını həyata keçirib. “Trend”in məlumatına görə, sınaqlar zamanı lazer sistemi pilotsuz uçuş aparatları, mina və raketləri zərərsizləşdirib.

Məlumata əsasən, “Iron Beam” İsrailin “Dəmir qübbə” raket əleyhinə taktiki sistemini tamamlayacaq.

Xatırladaq ki, “Iron Beam” sisteminin prototipi ilk dəfə 2014-cü ildə Sinqapurda sərgi zamanı nümayiş etdirilib. Sistemin atəş məsafəsi yeddi kilometr təşkil edir.

“Iron Beam”in əsasında fiber lazer dayanır və hədəfləri bir neçə saniyə ərzində şüalandıraraq məhv edir.

 

BMT: 9 MİLYON İNSAN ACLIQDAN ÖLMƏK ƏRƏFƏSİNDƏDİR

Cənubi Sudanın 9 milyona yaxın sakini dünya bazarında ərzaqların qiymətinin xeyli qalxması və silahlı qruplaşmaların hərəkətləri səbəbindən ərzaq yardımına kəskin ehtiyac duyur. “Report” agentliyinin məlumatına görə, bu barədə BMT-nin Cənubi Sudandakı missiyasının rəhbəri Nikolas Heysom bəyan edib.

“Cənubi Sudan əhalisinin üçdə ikisi və ya 9 milyona yaxın insan - bunlardan 4,6 milyonu uşaqdır - sağ qalmaq üçün köməyə ehtiyac duyur. Ərzaq qıtlığı ölkənin müxtəlif bölgələrində hiss olunacaq”, - deyə o Afrika ölkəsinin paytaxtı Cubada keçirdiyi mətbuat konfransında bildirib.

Eyni zamanda, Nikolas Heysom ölkənin təcili və daimi maliyyəyə ehtiyacı olduğunu vurğulayıb. “Yalnız dünya birliyinin birgə səyləri Cənubi Sudanda ən pis hadisələrin qarşısını ala bilər”, - deyə BMT rəsmisi əlavə edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.