Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Kağız israfına son...

Uzun illərdir müzakirə mövzusuna çevrilən kağız israfı  yaxın zamanda elm dünyasının səyi nəticəsində azaldıla bilər. Belə ki, sinqapurlu alimlər kağız tullantılarına və ağac israfına birdəfəlik son qoyacaq yeni bir  kəşfə imza atıblar. Ən maraqlısı isə  günəbaxan polenindən  hazırlanan bu kağız həm də təkrar istifadə  edilə bilir.

Bu çözüm tam olaraq hələ ki,  öz həllini tapmasa da, Sinqapur Nanyang Texnologiya Universitetinin alimləri yaxın günlərdə kağızın təkrar istifadə oluna biləcəyini göstərən  nailiyyət də  əldə ediblər. Alimlər nəinki yeni bir kağız növü hazırlayıblar, eyni zamanda  üzərindəki bütün yazıları asanlıqla silə biləcək yeniliyin möhürünü vurublar. Üstəlik, bu kağız hazırda istifadə etdiyimiz kağızlar kimi  ağaclardan deyil, günəbaxan polenindən istehsal edilib.

Kağız  polen taxıllarından istifadə edilərək 1 millimetr qalınlığında vərəqlərə çevrilə bilən geləbənzər bir maddədən hazırlanıb.  Üzərindəki yazılar hətta su altında belə silinmir.

Polen əsaslı təkrar istifadə edilə bilən kağızın funksiyası standart kağızlardan o qədər də  fərqlənmir. Belə ki, yeni kağız adi ağac sellüloz əsaslı kağızdan daha yumşaq və şəffaf bir quruluşa sahib olmasa da, lazer printerlə də çap etmək olur.

Bir neçə dəqiqə ərzində vərəqi qələvi məhlulda islatmaqla üzərindəki yazını tamamilə silmək mümkündür.  Hətta bu proses 8 dəfə təkrar edilə bilir. Alimlər inkişaf etdirdikləri bu yeniliyi  gələcəkdə daha da təkmilləşdirməyi planlaşdırırlar. Belə ki, tədqiqatçılar  silinmə prosesinin  "ömrünün"  daha çox uzanmasını təmin etmək üçün yeni üsullardan istifadə etməyi hədəfləyirlər.

Tədqiqatla bağlı məlumat "Forshung und Wissen" jurnalında dərc edilib.

 

Əlimiz plastik kartları əvəz edəcək

37 yaşlı Patrick Paumen mağaza və ya restoranda ödəniş edərkən hər kəsin  heyrət dolu baxışları ona  tərəf zillənir.  Bunun səbəbi  Paumenin ödəniş üçün debet kartından və ya mobil telefondan istifadə etməməsidir. O, bu əməliyyatların əvəzinə sol əlini smart kart oxuyucusuna yaxınlaşdıraraq  edir. Hollandiyalı mühafizəçi Paumen: "Kassirlər buna daha çox təəccüblənirlər!" - deyir.

2019-cu ildə dərisinin altına təmassız ödəniş mikroçipi yeridildiyi üçün o,  artıq  ödənişləri əli ilə edir.  Çip yerləşdirmə prosesi haqqında o, belə deyir: "Bu, kiminsə dərinizi çimdikləməsinə bənzəyir".

Mikroçip ilk dəfə 1998-ci ildə insana implantasiya edilib, lakin bu texnologiya yalnız yaxın zamanlarda satışa çıxarılıb. Britaniya-Polşa şirkəti Walletmor bu məhsulları satışa təqdim edən ilk firmadır.

"İmplantımızla təmassız ödənişin qəbul edildiyi hər yerdə  alış-veriş etmək mümkündür. Dünyanın bütün ölkələrində istər geyim dükanları, istərsə də ərzaq mağazasında bu sistem keçərlidir" - deyə şirkətin qurucusu və baş icraçı direktoru Wojtek Paprota söyləyib.

Walletmorun  mikroçipi bir qramdan az və düyüdən bir qədər böyükdür. O, plastikə bənzər təbii material olan biopolimerin daxilinə  yerləşdirilmiş antenadan ibarətdir.

Paprota cihazın tamamilə təhlükəsiz olmaqla yanaşı,  yerində həmişə möhkəm qaldığını, implantasiyadan dərhal sonra isə işləyə biləcəyini əlavə edib. O, həmçinin cihazın batareya və ya digər enerji mənbəyi tələb etmədən çalışdığını bildirib. Bilavasitə   hazırda firmanın 500-dən çox çipi satışa çıxardığı vurğulanıb.

Qeyd edək ki, Walletmorun istifadə etdiyi texnologiya  yaxın sahə rabitəsi və ya smartfonlarda təmassız ödəniş sistemi olan NFC-dir. Digər ödəniş implantları isə  adətən fiziki təmassız debet və kredit kartlarında olan bənzər texnologiyaya, radio tezliyi identifikasiyasına (RFID) əsaslanır.

İnformasiyanı "Phys.Org" veb saytı yayıb.

 

Kosmosa hava şarı ilə səyahət dövrü başlayır

Nəhəng bir hava şarı ilə sərnişinlərə kosmos səyahəti xidmətləri təqdim etməyi hədəfləyən Space Perspective, Spaceship Neptun şirkəti  kapsulun içindən ilk görüntüləri paylaşıb. Şirkətdən verilən məlumatda   kosmik səyahət  sınaqlarına 2023-cü ildə başlanılacağı və ilk kommersiya uçuşlarının isə 2024-cü ildə həyata keçiriləcəyi bildirilib.

Floridada yerləşən Space Perspective şirkəti nəhəng bir şarla sərnişinlərə kosmos səyahəti xidmətləri təqdim etməyə hazırlaşdığını açıqlayıb. Sərnişinləri statosferə qədər  daşıyacaq Spaceship Neptune kapsulunun içindən ilk görüntülər paylaşılıb. 360 dərəcə baxış bucağı ilə panoramik pəncərəyə malik olan kapsulun  sərnişinləri yerdən 30 kilometr yüksəklikdə daşıyacağı qeyd edilib.

Olduqca möhkəm materiallardan istehsal edilən kapsulun eyni anda 8 sərnişin daşıyacaq gücə malik olduğu vurğulanıb. "Space Lounge" adlı kapsulun qrup səfərləri və ya cütlərin şam yeməyi kimi tədbirlər üçün fərdiləşdirilə biləcəyi də qeyd edilib.

Bütün səyahət  hava şarının içərisində və xaricindəki  kameralarla qeydə alınacaq. Sərnişinlər, həmçinin kapsuldakı teleskopdan istifadə edərək Yeri və kosmosu uzaqdan müşahidə edə biləcəklər.

Həmçinin səyahət zamanı sərnişinlərə yemək və içki xidmətləri də göstəriləcək. Bundan əlavə, interaktiv ekranlar vasitəsilə sərnişinlərin məlumatlandırılması ilə yanaşı,  işıqlandırma  sisteminin də fərdiləşdiriləcəyi vurğulanıb.

 Bilavasitə səfərlərin gün işığında və 2 saat müddətində  həyata keçiriləcəyi bildirilib.  Qeyd edək ki,  kosmosa adambaşına səyahətin  qiymətinin  125 min  ABŞ dolları məbləğində olacağı gözlənilir.

İnformasiyanı "TechXplore" veb saytı yayıb.

 

Beyin siqnallarımız qulaqlıqlarla oxunacaq

Bəzi insanlar rahat yuxuya gedə bilmək üçün müəyyən  problemlər yaşayır. Çox zaman  bu problemin  nədən qaynaqlandığı naməlum olaraq da qalır.  Lakin NextSense sayəsində  istifadə etdiyimiz qulaqlıqların köməyi ilə yuxu əsnasında baş verə biləcək  qıcolmalardan   əvvəlcədən xəbər tuta biləcəyik.

Texnologiya inkişaf etdikcə,  bəzi xəstəliklərin diaqnozunun qoyulması və bu problemin aradan qaldırılması ilə bağlı hər keçən  gün ümidverici yeniliklərlə qarşılaşırıq. Yuxu problemləri də ən çox rast gəlinən xəstəliklər arasındadır. Dünyaca məşhur texnologiya şirkəti, Google-u özünə "ideal" olaraq görən NextSense qulaqlıq vasitəsilə məhz bu problemin öhdəsindən gələ biləcəyini iddia edir. Ancaq bəzi alimlər bu qulaqlıqların təkcə yuxu problemləri üçün deyil, həm də beynin digər fəaliyyətlərini aşkar etmək üçün istifadə edilə biləcəyini düşünürlər. Bu isə o deməkdir ki, artıq EEG cihazlarına gərək qalmayacaq. Sadəcə  bir cüt qulaqlıq vasitəsilə beyin siqnallarını oxumaq mümkün olacaq.

Beyin siqnalları adətən baş dərisinə bərkidilən elektrodların köməyi ilə oxunur. Tədqiqatçılar bu qulaqlıqlara kifayət qədər elektrod yerləşdirilərsə, beyin siqnallarının daha asan oxuna biləcəyini söyləyirlər. İlk baxışdan bu, çoxları üçün qeyri-mümkün kimi görünsə də,  alimlər  artıq uğurlu nəticələr əldə etməyi bacarıblar.

"Wired" veb saytının yaydığı xəbərə  görə, şirkət bu il qulaqlıqları  FDA  tərəfindən təsdiqlətmək və ən qısa zamanda bazara çıxarmaq istəyir.

NextSense-in uzun illərdir üzərində çalışdığı bu  qulaqlıq təkcə yuxu zamanı qıcolmaların deyil, digər mümkün problemlərin də qarşısının alınması üçün böyük bir addım kimi qiymətləndirilib. Elm adamları qulaqlıqların daha da təkmilləşdirilməsi və başqa sahələrdə də istifadəsi yönündə çalışmaqda davam edirlər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".