Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Beynimizdə "Riyaziyyat hüceyrələri" var imiş

İstər  mürəkkəb əməliyyatları yerinə yetirən magistr tələbə, istərsə də pulunuzun qalığını hesablayan bir müştəri olun, fərq etməz, gündəlik həyatda hər birimiz riyaziyyatdan istifadə edirik. Amma beynimizin bu hesablamaları necə yerinə yetirdiyi elmə naməlum olaraq qalırdı. Lakin almaniyalı elm adamları  riyazi əməliyyatları yerinə yetirərkən beynimizdə  bəzi neyronların  xüsusi aktivlik nümayiş etdirdiklərini aşkar ediblər.

Tübingen və Bonn universitetlərinin alimlərinin  "Current Biology" jurnalında dərc edilən  araşdırmalarına görə, beyindəki neyronların bəziləri xüsusilə toplama və çıxma  əməliyyatı zamanı aktivləşir. Üstəlik bu neyronlara hesablamaların mətn və ya rəqəmlərlə aparılmasının heç bir fərqi yoxdur.

Bonn Universitetinin alimləri təcrübə zamanı beş kişi və beş qadının beyin nahiyəsinə  elektrodlar yerləşdiriblər. Sınaq iştirakçılarına qısa bir zamanda sadə hesab əməliyyatlarının yerinə yetirilməsi tapşırılıb. Bu ərəfədə neyronların fəaliyyəti kabel bağlantısının köməyi ilə fərdi olaraq izlənilib. 

"Biz toplama və çıxma zamanı bəzi neyronların "alovlandığını" kəşf etdik. Ancaq bu durum, bəzi neyronların yalnız "+", digərlərinin isə "-" işarəsinə cavab verməsi anlamına gəlmir. Hətta riyazi simvolları sözlərlə əvəz etdikdə  belə, eyni təsirin meydana çıxdığını gördük. Meymunlar üzərində apardığımız təcrübələrdən bilirik ki, onların da beyinlərində hesablama ilə  əlaqəli müəyyən neyronlar var. Ancaq bu kontekstdə  indiyə qədər insanlarla bağlı çox məlumat yox idi. Bu kəşf bizim ən əlamətdar işlərimizdən biridir və  rəqəmlərlə hesablamanın daha yaxşı başa düşülməsi istiqamətində mühüm addımdır", - deyə Bonn Universitetinin professoru Florian Mormann söyləyib.

Komanda heyəti  gələcəkdə bu  sinir hüceyrələrinin  beyində tam olaraq daha hansı rolu oynadığına dair araşdırma aparacaqlarını bildirib.

 

Avtomobildə kitab oxuyarkən niyə halımız pisləşir?

Maşında gedərkən kitab oxumaq istəyənlər bunu daha yaxşı  bilər. Bəzi insanlar hər hansı bir nəqliyyat vasitəsilə yol gedərkən nə isə oxuyan zaman səhhətlərində narahatlıq yaradan dəyişikliklərdən şikayət edirlər. Müəyyən bir müddətdən sonra isə bu vəziyyət baş ağrısı, xüsusilə də ürəkbulanma ilə müşayiət olunur. Bəs bunun əsl səbəbi nə ilə əlaqədardır?

Daha çox arxa oturacaqda və ya hərəkətin əks istiqamətinə baxan oturacaqlarda oturarkən meydana gələn  bu xoşagəlməz vəziyyətin səbəbi tamamilə balans sistemi ilə bağlıdır. Kosmik tədqiqatçılar bunu "məkan oriyentasiyası" adlandırırlar.  Tibbi adı isə "hərəkət xəstəliyi"dir. Beyin hərəkəti daxili qulaq, gözlər və vücudun  dərin toxumalarından gələn xəbərdarlıqlara görə qəbul edir.  Gəzinti kimi şüurlu hərəkətlər bu üç sinir yolu vasitəsilə beyinə göndərilir.

Hərəkət xəstəliyinin  tam olaraq necə yarandığı dəqiq bilinmir. Üç fərqli sinir yolu arasında əlaqənin olması fikri də əslində bir fərziyyədir. Hərəkəti daxili qulaqdakı strukturlar təsbit etdiyi üçün bu xəstəliyin səbəbinin buradan  qaynaqlandığı təxmin edilir.

Gözlərdən gələn mesajların isə bir o qədər təsir etmədiyi düşünülür, çünki görmə məhdudiyyətli  insanlarda da  bu problem ortaya çıxa bilir. Beyin və sinir sistemi arasında əlaqəni asanlaşdıran kimyəvi maddələrdən  olan bəzi neurotransmitterlər də bu vəziyyətə  səbəb ola bilər. Bu səbəbdən də, hərəkət xəstəliyinin müalicəsində  neurotransmitterlərə təsir edən dərmanlar istifadə edilir.

Belə problemlə qarşılaşmamaq üçün səyahət edərkən  avtomobilin ön oturacağında  oturub üfüq xəttinə baxın və uzun müddət kitab, telefon, planşet kimi əşyalardan uzaq durmağa çalışın.

Bu heyvanlar sahiblərinin adlarını bilir

Yaponiyalı alimlərin yeni araşdırmasına görə, sevimli dostlarımız olan pişiklər həm sahiblərinin, həm də birlikdə yaşadıqları  digər heyvanların adlarını bilirlərmiş.

"Scientific Reports" jurnalında dərc edilən araşdırmada Kyoto Universitetinin tədqiqatçılarının bir  evdə və ya pişik qəfəsində ən azı iki ev heyvanı ilə  birgə yaşayan  48 pişiyin üzərində apardıqları  tədqiqatdan bəhs edilib. Təcrübə zamanı heyvanlara ev sahibi tərəfindən yoldaşlarının adıçəkilən səs yazıları eşitdirilib. Sonra  isə  ya həmin pişiyin, ya da evdəki digər pişiyin şəkli kompüter ekranında nümayiş etdirilib. 19 pişik adıçəkilən pişiyi ekranda  görmədikdə və yaxud tanımadıqda şəkilə daha çox baxaraq  təəccüblü reaksiya verib. Digər bir sınaqda pişiklər adları ilə çağırılıb, ekranda isə ya sahibinin, ya da özlərinin şəkli göstərilib. Ümumilikdə  sorğuda iştirak edən 48 pişikdən  26-sı müvəffəqiyyət qazanmasa da, daha böyük ailədə yaşayan 14 heyvan sınaqdan uğurla çıxıb.

Nəticələri şərh edən tədqiqatçılar pişiklərin bir-birlərinin adları ilə bərabər,  sahiblərinin də adlarını bildiklərinə əmin olduqlarını söyləyirlər.

"Bu vəziyyət rəqabətlə də bağlı ola bilər. Adətən sahibi pişiyinə yemək verərkən və ya əzizləyərkən onu adı ilə səsləyir. Belə bir hal başqa bir heyvanı  çağırdıqda da ola bilər. Bununla belə, pişiklər heç vaxt yemək zamanı insanlarla rəqabət aparmırlar, ona görə də onların adlarını bilmək üçün daha az səbəb var", - deyə Kyoto Universitetinin tədqiqatçısı  əlavə edib.

 

Ölüm bir illüziyadırmı?

Elm aləmində yeni bir mübahisənin "fitili" alovlanıb. Alimlərdən biri  ölümün gerçək deyil, şüurumuzun yaratdığı  bir illüziya olduğunu iddia edir. Onun irəli sürdüyü nəzəriyyəyə görə, bədən öldükdən sonra həyat bitmir, əksinə, əbədi olaraq davam edir.

Wake Forest Universiteti Tibb Məktəbinin alimi Robert Lanza "Biosentrizm" kitabında ölümün şüurumuz tərəfindən yaradılan bir  illüziya olduğundan bəhs edir.  Qeyd edək ki, dr. Lanza dünya üzrə  qədim dövrə aid ilk erkən insan embrionlarını kopyalayan alimlər qrupunun üzvüdür. Professor Lanza kvant fizikası konsepsiyalarına əsaslanan  fərziyyəsini açıqladıqdan sonra ictimai şöhrət qazanıb. Onun nəzəriyyəsinə görə, müxtəlif şüur səviyyələri tərəfindən dəstəklənən bir çox reallıqlar var və  ölüm  beynimizin yaratdığı düşüncədən başqa bir şey deyil. Lanzanın fikrincə, əgər zaman və məkan yoxdursa, ölümdən söhbət  belə gedə bilməz.

Alim internet səhifəsində ölümün zamansız və məkansız dünyada olmadığına dair açıqlamalar verib. Bu nəzəriyyə əvvəllər Eynşteyn tərəfindən  də irəli sürülmüşdür. Yeni sübutlar Eynşteyni təsdiqləyir. Lanza ölümsüzlüyün  zaman içərisində daimi yox, zamandan kənar  bir  durum olduğunu deyir.

Professorun fikrincə, insan  zamanla ölümün varlığını qəbul edir, amma əslində bu, sadəcə ağıldan irəli gəlir. Çünki onu əhatə edən həyatdan asılı olmadan  hərəkət edə biləcək zaman yoxdur. Dolayısıyla əgər hər kimsə həyatı boyu ölümün varlığına inanarsa, bu inancı o, özü  yaradar. Əksinə yox, əgər ölümsüzlüyün bir parçası  olduğumuza inanarıqsa, əvvəlkindən daha  fərqli bir biçimdə  yaşamağa davam edərik.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".