DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

PUTİN MARİUPOLDA “AZOVSTAL”A HÜCUMU DAYANDIRMAĞI ƏMR EDIB

“Mariupol şəhərinin “Azovstal” sənaye zonasına hücum etmək məqsədəuyğun deyil”. “APA”nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı bəyan edib.

“Sənaye zonasına hücumu məqsədəuyğun saymıram. Əməliyyatı ləğv etmək əmri verirəm”, - deyə prezident müdafiə nazirinə bildirib. Putin bu əmrini Rusiya hərbçilərinin itkilərinin qarşısının alınması məqsədilə izah edib. O, həmçinin Mariupoldakı hərbi fəaliyyəti ordunun uğuru adlandırıb.

Bununla yanaşı, Rusiya dövlət başçısı “Azovstal”dakı Ukrayna hərbçiləri təslim olacaqları təqdirdə, onların həyatına təminat veriləcəyini və ləyaqətlə davranılacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Mariupolun tam nəzarətə götürüldüyünü Vladimir Putinə məruzə edən Sergey Şoyqu “Azovstal”da 2 mindən artıq ukraynalı döyüşçünün qaldığını, əməliyyatı tam başa çatdırmaq üçün isə 3-4 gün lazım olduğunu vurğulayıb.

 

FRANSA PREZIDENTI LE PENİN HİCAB QADAĞASI TƏKLİFİNİ PİSLƏYİB

“Mən islamla mübarizə aparmıram, şəriət adlı dini qanunu tətbiq etməyə çalışan islamçı ideologiya ilə mübarizə aparıram. İctimai yerlərdə hicabın qadağan edilməsinin tərəfdarıyam”. “Report” agentliyinin məlumatına görə, bunu Fransada prezidentliyə namizəd, ifrat sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen hazırkı prezident Emmanuel Makronla debat zamanı bildirib. Onun fikrincə, hicab islamçıların aşıladığı uniformadır.

Fransanın dövlət başçısı isə rəqibinin fikirlərinə qarşı çıxaraq qadağanın vətəndaş müharibəsinə səbəb ola biləcəyini bildirib: “Siz təklif edirsiniz ki, Fransa ictimai yerlərdə dini simvolu yasaqlayan ilk ölkə olsun”.

Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da keçirilib. Daxili İşlər Nazirliyinin yekun məlumatına görə, Makron 27,84 faiz, Le Pen isə 23,15 faiz səs toplayıb. İkinci tur aprelin 24-də baş tutacaq.

 

ƏFQANISTANDA MƏSCİDDƏ PARTLAYIŞ TÖRƏDİLIB

Əfqanıstanın Məzari-Şərif şəhərində aprelin 21-də şiələrə aid məsciddə partlayış törədilib. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Hadisə şahidləri bombalı hücumda ölənlərin sayının 31-ə yüksəldiyini, yaralıların sayının isə 80-dən çox olduğunu iddia ediblər. Şahidlərin sözlərinə görə, hücum məsciddə günorta namazı qılınan zaman baş verib.

Məzari-Şərifdəki xəstəxana rəsmisi həkim Qavsuddin Ənvəri bildirib ki, məsciddə baş verən partlayışdan sonra ölən və yaralananlar təcili yardım və şəxsi avtomobillərlə xəstəxanaya aparılıblar.

Eyni zamanda, qeyd edilir ki, məscid şəhərin gediş-gəlişin çox olduğu hissəsində yerləşir. Bu səbəbdən ölənlərin sayının artacağı istisna olunmur.

 

DÜNYA ÖLKƏLƏRININ ENERJİ BÖHRANINDAN XİLAS YOLLARI

Dünya 2030-cu ilə qədər enerji böhranından qurtulmaq üçün əlavə 1,3 trilyon ABŞ dolları həcmində investisiya tapmalıdır. Bu barədə “APA” agentliyi ABŞ-ın “JP Morgan” bankının proqnozuna istinadən məlumat yayıb.

Proqnoza əsasən, sərmayələr neft və qaz, bərpa olunan enerji və nüvə enerjisi də daxil olmaqla bütün enerji mənbələrinə qoyulmalıdır.

Qeyd olunur ki, 2030-cu il üçün neftə tələbatın 10 faiz, qaza isə 18 faiz artacağı gözlənilir. Proqnoza əsasən, 2030-cu il üçün enerji tələbatının artımı tədarük artımını təqribən 20 faiz üstələyəcək.

 

“BÖYÜK YEDDİLİK” UKRAYNAYA 24 MİLYARD DOLLAR VƏSAIT AYIRIR

“Böyük yeddilik” ölkələri 2022 və 2023-cü illər üçün Ukraynaya əlavə dəstək məqsədilə 24 milyard ABŞ dollarından artıq maliyyə vəsaiti ayıracaq. “Report”un “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Böyük yeddiliyə” daxil olan ölkələrin maliyyə nazirlərinin yaydıqları birgə bəyanatda qeyd olunur.

Nazirlər bəyanatda rəsmi Kiyevə daha böyük məbləğdə maliyyə dəstəyi verməyə hazır olduqlarını vurğulayıblar.

“Böyük yeddiliyin” maliyyə nazirləri “G20”, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının iştirakı ilə aprelin 20-də keçirilən beynəlxalq foruma Rusiyanın nümayəndəsinin qatıldığını təəssüf hissi ilə qeyd ediblər.

Verilən xəbərə görə, ABŞ-ın maliyyə naziri Canet Yellen Rusiyanın iştirakına etiraz olaraq nazirlərin bu toplantısına qatılmayıb. Rusiyanı isə bu tədbirdə maliyyə naziri Anton Sulianov təmsil edib.

 

DÜNYADA KORONAVİRUSA YOLUXMA HALLARI AZALIB

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal  koronavirusa yoluxma nisbətinin son bir ayda azalmağa davam etdiyini açıqlayıb. “TRT” telekanalının verdiyi xəbərə görə, təşkilatın yaydığı həftəlik hesabatda 11-17 aprel tarixlərində qlobal yoluxma artımına dair məlumatlar əks olunub.

Hesabata əsasən, bu müddət ərzində dünyada 18 min 215 nəfər virus səbəbilə həyatını itirib, 5,5 milyon yoluxma halı qeydə alınıb.

Eyni zamanda, qlobal yoluxmada artım nisbəti əvvəlki həftə ilə müqayisədə 24 faiz azalıb və yoluxmaların azalması martın son həftəsindən bəri davam edir.

ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus Təşkilatın Strateji Hazırlıq və Mübarizə Planını qiymətləndirməsində “COVID-19”un bu ilin sonuna doğru tamamilə nəzarət altına alına biləcəyini dilə gətirərək, ən yaxşı ssenari üçün qlobal peyvənd nisbətinin artırılmasını tövsiyə edib.

 

RUSİYA BMT-NIN TƏKLİFİNİ QƏBUL ETMƏYİB

Rusiya BMT-nin baş katibi Antonio Quterreşin Ukraynada “Pasxa humanitar fasiləsi” tətbiq etmək təklifini rədd edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa bildirib.

“Moskvanın mövqeyi bir neçə saatdan sonra Təhlükəsizlik Şurasında açıqlandı”, -  deyə diplomat Rusiya nümayəndəsinin çıxışının videosunu yayaraq vurğulayıb. Qeyd edək ki, Rusiya diplomatı barışıq çağırışını “Kiyev millətçiləri və radikallarına möhlət vermək istəyi” adlandırıb.

Xatırladaq ki, BMT-nin baş katibi münaqişə tərəflərini bazar gününə kimi “Pasxa barışığı” elan etməyə çağırıb. Baş katibin sözlərinə görə, belə bir atəşkəs Ukraynanın döyüşlərdən zərər çəkmiş rayonlarında daha çox mülki əhalinin təxliyəsinə, humanitar təşkilatlara isə zərərçəkənlərə yardım etməyə imkan verəcək.

 

ÜST UŞAQLAR ARASINDA YAYILAN XƏSTƏLIKLƏ BAĞLI ARAŞDIRMALARA BAŞLADI

Dünya ölkələrində uşaqlar arasında naməlum hepatit növünə yeni yoluxma faktları aşkar edilir. “Trend” agentliyinin verdiyi xəbərə görə, artıq Böyük Britaniya, Hollandiya, İspaniya, Danimarka, İsrail və ABŞ-da adıçəkilən xəstəliyə yoluxma halları qeydə alınıb.

Avropa Xəstəliklərin Qarşısının Alınması Mərkəzi bəzi xəstələrdə gedişatın ağır olduğunu, hətta qaraciyər transplantasiyasına ehtiyac duyulduğunu bildirib.

Məlumatlara əsasən, ümumi simptomlar kəskin hepatit üçün xarakterikdir. Lakin bu xəstəliyin elmə məlum olan növlərinin heç biri laboratoriya müayinələri zamanı təsdiqini tapmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı da artıq yoluxma halları ilə bağlı müvafiq araşdırmalara başlayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.