İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Avropa kuboku yarışının birinci günündə beş cüdoçumuz mübarizəyə qoşulub

Aprelin 23-də Xorvatiyanın Dubrovnik şəhərində Avropa kuboku turniri start götürüb.

Turnirin birinci günündə 5 cüdoçumuz mübarizə aparır. Təmsilçilərimiz Nazir Talıbov (60 kq), İsmayıl İbrahimov, Ruslan Paşayev, Elçin Hüseynov (66 kq) və Nəriman Mirzəyev (73 kq) medallar uğrunda yarışırlar.

Azərbaycan bu turnirə 10 cüdoçu ilə qatılıb. Avropa kuboku turnirində 25 ölkədən 300-ə yaxın cüdoçu iştirak edir.

 

Qılıncoynatma üzrə beynəlxalq turnirdə iki idmançımız qızıl medal qazanıb

Antalyada oğlanlar və qızlar arasında qılıncoynatma üzrə beynəlxalq turnir keçirilib.

Türkiyə, Azərbaycan, ABŞ, Gürcüstan və Qazaxıstan komandalarının mübarizə apardıqları turnirdə Təhsil Nazirliyinin 1 saylı idman liseyinin idmançılarından Mirnuray Abbasova (U-12) və Nəzrin Mehdiyeva (U-14) şpaqa üzrə birinci yeri tutaraq yarışın qızıl medalını qazanıblar.

 

On yeddi yaşadək güləşçilər arasında ölkə çempionatına yekun vurulub

On yeddi yaşadək güləşçilər arasında Azərbaycan çempionatı başa çatıb.

Yarışda 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Elvin İbadov (48 kq), Tural Əhmədov (55 kq), Əli Əlizadə (65 kq), İsmayıl Rzayev (80 kq) və Məzahim Mərdanov (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə oğlanlar arasında futbol yarışları

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə oğlanlar arasında futbol yarışları keçirilib.

Yarış "UNIFIED Sports" (inklüziv birləşmiş idman komandası) proqramına uyğun olaraq üç divizionda təşkil edilib.

Yekun nəticələrə görə, ən güclü divizionda Qaradağ rayonunun E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 saylı xüsusi internat məktəbinin komandası birinci yeri tutub. Xəzər rayonunun valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 saylı ümumi internat məktəbinin futbolçuları ikinci, sərbəst məşqçi Lyudmila Qasıyevanın komandası isə üçüncü yerə layiq görülüb.

Nərgiz İSMAYILOVA,

"Respublika".