Sağlam həyat
Maraqlı

Sağlam həyat

Bu xarakter yaşla düz mütənasib imiş

Yeni bir araşdırmada   insanların   yaşlandıqca,  daha səxavətli və mərhəmətli olması ortaya çıxıb. Belə ki,  Kaliforniya ştatındakı Claremont Graduate Universitetinin tədqiqatçıları yaşlı insanların gənclərdən daha səxavətli olduğunu iddia edirlər.

"Daily Mail" qəzetində yayımlanan xəbərdə  alimlər bunu  yaşlandıqca "sevgi hormonu" olaraq da bilinən oksitosinin ifrazının artması ilə əlaqələndirirlər. Tədqiqatçılar  məhz bu səbəblə təqaüdçülərin daha səxavətli olduğunu söyləyirlər. 

Tədqiqat zamanı 18-99 yaş arası 103 nəfər sınaq iştirakçısına  beyin xərçəngindən ölmək üzrə olan bir atanın  iki yaşlı  oğlu ilə bağlı duyğularını izah edən tükürpədici  videosu nümayiş etdirilib. Videoda körpənin xəstəxanada  atasının yanında oynaması da  əks olunub. Daha sonra isə  iştirakçılardan bu xəstəyə anonim olaraq  ianə etmələri istənilib. Yaşı 65-dən yuxarı olanlar 18-35 yaş arası cavanlarla müqayisədə  təxminən üç dəfə çox ianə veriblər.

Həmçinin videodan əvvəl və sonra aparılan qan analizləri yaşlıların videoya baxarkən daha çox oksitosin ifraz etdiyini göstərib.

"Təcrübə zamanı   oksitosin ifrazı daha çox olan  insanlar səxavətli olmaqla yanaşı,  eyni zamanda  xeyriyyəçilik  davranışları da nümayiş etdirdilər. Biz gördük ki,  başqalarına kömək edən insanların  məmnunluq  hissi artdığı üçün bu, onların xoşbəxtliyinə səbəb olur", - deyə  tədqiqat rəhbəri  dr. Paul Zak qeyd edib.

Araşdırma "Frontiers in Behavioral Neuroscience" jurnalında dərc olunub.

 

Orta hesabla niyə 80 il yaşayırıq?

Deyirlər sağlam olmaq və uzun ömür sürmək insanın özündən asılıdır. İnsanlıq yaranandan hər kəs uzun ömür sürmək arzusu ilə yaşayır, amma təəssüf ki, bu, hamıya nəsib olmur. Sağlamlıq qaydalarına nə qədər riayət etməyə  çalışsaq da, ən yaxşı halda 70-80-i haqlaya bilmirik. Elə bu məqsədlə də,  ingiltərəli alimlər bu sirri çözməyə çalışıblar. Onlar insanların ortalama ömür uzunluğunun  digər məməlilərlə  müqayisədə nə üçün az olduğunu  öyrənməyə müvəffəq olublar.

Cambridge Wellcome Sanger İnstitutunun alimləri  tərəfindən edilən araşdırmada  canlıların ömür uzunluğunun uğradıqları mutasiyalarla tərs mütənasib olduğu ortaya çıxıb. Bundan əlavə, bir insanın DNT-sinin isə  ildə orta hesabla 47 mutasiyaya məruz qaldığı məlum olub.

Alimlər genetik zərər sürətinin sağlamlığın "açarı" ola biləcəyini söyləyirlər. "Nature" jurnalında dərc olunan araşdırmada  hər hansı bir canlının  ömür müddətinin müəyyən edilməsində DNT-də  baş verən xətaların sürətinin vacib  olduğu irəli sürülüb.

Tədqiqatçılar  məməlilər qrupuna  aid, cəmi altı ay yaşayan Cənubi Asiya siçanlarından tutmuş 200 il yaşayan balinalaradək  bütün heyvanları araşdırıblar. Canlılarda  baş verən  hər bir  genetik dəyişkənliklərə  diqqət yetirən tədqiqatçılar heyvanların DNT-dəki  mutasiya sürətinin uğurlu bir şəkildə  ləngiməsi üçün ölçünün böyük rol oynadığını müəyyənləşdiriblər.

Mütəxəssislər daha kiçikölçülü heyvanların  enerjini daha sürətlə yandırdığı və daha çox hüceyrə dövrü tələb etdiyi üçün  az yaşadığını söyləyirlər. Bu səbəblə  də  elm adamları ölçünün uzunömürlülüyün "açarı" olduğunu deyirlər.

Araşdırma zamanı insanlarda  ortalama  ömür uzunluğunun 83,6 il olduğu bildirilib.

 

Yağ yandıran meyvələr

Meyvələr sağlam və balanslı pəhrizin ayrılmaz bir hissəsidir. Gözəl rəngi və özünəməxsus dadı ilə yanaşı, orqanizmimiz üçün gərəkli olan bəzi meyvələr tərkibindəki  əhəmiyyətli miqdarda  həll olunan və olunmayan  liflərlə seçilir. Lif bağırsaqların daha yaxşı çalışmasına  kömək etməklə yanaşı, həmçinin toxluq hissinə sahib olmaq və  qida qəbulunu tənzimləmək üçün  arıqlamağımıza da  kömək edir.  Həmçinin qan şəkəri və  xolesterolun səviyyəsini tənzimləməsi  səbəbindən bəzi meyvələr arıqlamaq üçün olan xüsusi pəhrizlərə əlavə  edilir.

Meyvələr içərisində ən  faydalı hesab edilən  alma bu məqamda da  ön plana çıxır. Kalori və şəkər miqdarı baxımından az olan bu meyvə tərkibindəki flavonoidlər və liflərin köməyi ilə qarın  yağlarının  yandırılmasına kömək edir. Bilavasitə almanın tərkibindəki pektin adlı maddə   yavaş-yavaş parçalanaraq toxluq hissini  də artırır.

Hər bir  arıqlama pəhrizinin vazgeçilməzi olan çiyələk  süfrələrimizə  ayrıca bir rəng qatmaqla bərabər, həm də kalori baxımdan əlverişlidir. 100 qramında cəmi 33 kalori olan bu giləmeyvə yağların yandırılması üçün əla seçimdir.

Təbii olaraq həzmi yaxşılaşdıran kivi də  arıqlamağa kömək edən meyvələr sırasındadır. Tərkibindəki aktinidain adlı ferment  sayəsində bədəndəki zülalları parçalamağa kömək etməklə yanaşı, qıcıqlanmış bağırsaq sindromu olan insanlara da müsbət təsir edir.

Antiinflamatuar xüsusiyyətləri  ilə zülalları metabolizə edərək qarın yağını azaltmağa kömək edən  ananasın bu işdə əsas köməkçisi tərkibindəki lif və  bromelain fermentidir.

Bəziləri qarpızın insanı kökəltdiyinə inansa da, amma bu, belə deyil. 94 faiz sudan və demək olar ki, sıfır kaloridən ibarət olan qarpız kalori yandırmaqda "mahirdir".  Odur ki,  qarın piyləri ilə vidalaşmaq istəyirsinizsə,   onu pəhrizinizə əlavə edə bilərsiniz.

Araşdırmalar göstərir ki, gündəlik avokado istehlakı obez (piylənmə xəstəliyi) və kilolu qadınlarda qarın yağlarını azaldır.  Maraqlıdır ki, bu meyvə   həm tərkibindəki yağın miqdarına görə, həm də yağ yandıran meyvələr cərgəsində birinci yerdədir. Yüksək miqdarda sağlam mono doymamış yağlar ehtiva edən avokado maddələr mübadiləsini sürətləndirərək  yağın enerjiyə çevrilməsinə  kömək edir. Avokado həm də toxluğu artıraraq lazımsız qəlyanaltıların qarşısını alır.

Qreyfrutun orqanizmimizə  faydalı olan  ən sağlam sitrus meyvələrindən biri olduğunu bilirdinizmi? Bəzi mütəxəssislərin fikrincə, bu meyvə pəhrizdə ciddi dəyişikliklərə ehtiyac olmadan arıqlamağı sürətləndirə bilər. Tərkibindəki yüksək su və yağ yandıran fermentlərin sayəsində  qreyfrut orqanizmi təmizləyir, toxluq hissini artıraraq,  arıqlamağa kömək edir.

Araşdırmalara görə, narın tərkibindəki güclü antioksidantlar,  polifenollar   maddələr mübadiləsini sürətləndirir və orqanizmi toksinlərdən azad edir. Üstəlik, qarın yağını yandıran bu meyvə şirni istəklərini  də azaldır.

 

Sağlamlığın "düsturu" açıqlandı...

Sağlamlıq həyatın ən böyük sərvətlərindən biri hesab olunur.  Sağlam yaşamın "açarı" isə  ilk növbədə  düzgün qidalanmaqla  bədən çəkisini nəzarətdə saxlamaqdadır. Məlumdur ki, bədən çəkisinin artıq olması təhlükəli xəstəliklərə düçar olma riskini  artırır.  Çəkini nəzarətdə saxlamağın ən vacib amillərdən biri olduğunu vurğulayan mütəxəssislər  bununla bağlı  bir formula irəli sürüblər.  Alimlər boyumuzu bel ətrafının ölçüsünə bölərək alınan nisbətlə sağlam olub-olmadığımızı müəyyən etməyin mümkün olduğunu söyləyirlər.

İngiltərənin National İnstitute for Health and Care Excellence (NİCE)  İnstitunun alimləri  insanların   bel-boy nisbətlərini ölçməyə təşviq edilməsinin vacib olduğunu deyirlər. Bu üsulun sağlam olmaq üçün ideal bir metod olduğu bildirilir.

Mütəxəssislər bel nahiyəsində  olan artıq piyləri yüksək qan təzyiqi,  Tip 2 diabet  və ürək xəstəliyi riskinin artması ilə əlaqələndirirlər. Elm adamları bütün dünyada insanlar arasında günü-gündən  artan piylənmə nisbətləri ilə mübarizə aparmaq üçün tövsiyələr veriblər.

NİCE-nin pofessoru  Paul Chrisp təklif etdikləri metodun insanların sağlamlıqlarına nəzarət etmələri üçün sadə və təsirli bir yol olduğunu deyir.

"Sağlam bir bel-boy nisbəti 0,4 ilə 0,49 arasında təsnif edilir. 0,5 ilə 0,59 arasında olan  nisbət  sağlamlığın risk altında olduğunu göstərir. Bu göstəricilərin daha da artıq olması isə ən yüksək risk qrupuna aiddir və ya hər hansı bir təhlükəli xəstəliklə qarşı-qarşıya olduğunuzun əlamətidir", - deyə professor bildirib.

İnformasiya "Apetite" jurnalında dərc edilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".