Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Duzu əvəz edən elektron çubuq

Yaponiya bu gün dünyanın ən çox duz istehlak edən ölkələrindən biridir. Elə  bu  məqsədlə də  yaponiyalı alimlər   duz istifadəsinin qarşısını almaq üçün dünyada ilk dəfə ağlasığmaz   bir kəşfə  imza atıblar. Belə ki, elm adamları duzluluq hissi yaradan  elektron çubuq hazırlayıblar.

İstər burger, istər bir kasa makaron, istərsə də salat olsun, fərq etməz  duzsuz heç bir yeməyi təsəvvür etmək mümkün deyil. Hər kəsə məlumdur ki, duzun  həddindən artıq istifadəsi də orqanizmə zərərli təsir edir.  Təsəvvür edin ki, yemək yeyərkən  istifadə etdiyiniz  çubuq vasitəsilə duzun dadını hiss edirsiniz, ancaq onun sizə heç bir zərəri olmur. Yaponiyanın Meiji Universitetinin alimləri  kulinariya  tarixində  ilk dəfə olaraq məhz   belə bir üsula əl atıblar. Tədqiqatçılar qolbaqdan natrium ionlarını ağıza ötürən elektron çubuq  hazırlayıblar.

"Hazırladığımız yemək çubuqları  elektrik stimullaşdırması və  bir bilək bandına bərkidilmiş mini kompüterin köməyi ilə yeməyin dadını dəyişə bilir.  Qurğu zəif  elektrik cərəyanından istifadə etməklə  yeməklərdən natrium ionlarını çubuqlar vasitəsilə ağız boşluğuna çatdıraraq duzluluq hissi yaradır. Nəticədə duzlu dad 1,5 dəfə artır", - deyə Universitetinin professoru Homei Miyaşita bildirib.

Yetkin bir insanın gündə təxminən orta hesabla 10 qram duz istehlak etdiyi bildirilir ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi miqdardan iki dəfə çoxdur.  Bu günə qədər aparılan araşdırmalar daha çox  natrium qəbulunun yüksək təzyiq və insult kimi xəstəliklərin inkişaf riskini artırdığını ortaya qoyub. Mütəxəssislər bu texnologiyanın   belə  xəstəliklərin qarşısının alınmasında  əla bir fürsət olduğunu söyləyirlər.

Professor Miyaşita çubuqların prototiplərinin artıq hazır olduğunu və 2023-cü ilə qədər isə  bazara çıxarılacağını  qeyd edib.

İnformasiya "The Guardian" qəzetində dərc edilib.

 

"Kosmik kərpic"lə Marsda ev tikiləcək

Yerdən kənar planetdə yaşamaq yüzlərlə, hətta minlərlə ildir ki, bəşəriyyətin ən böyük arzularından biridir.  Başqa bir planetdə yaşamaq   dedikdə  isə ilk olaraq ağla gələn  Marsdır. Yaxın 10 ildə insanların  bu planetə göndərilməsi nəzərdə tutulur.  Lakin uzun müddətdir ki , orada  yaşayış mühitinin necə yaradılacağı sual altında idi və  bu, ən başlıca problemlərdən biri hesab olunurdu. Ancaq  yaxın günlərdə   əldə edilən   nailiyyət  bu problemin potensial həllini təklif edir.  Belə ki, elm adamları Qırmızı planetdə kərpic istehsalını hədəfləyir.

"PLOS One" jurnalında dərc  olunan yeni araşdırma  bu suala olduqca qeyri-adi bir həll yolu  təklif  edir. Belə ki, Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO)  alimləri bakteriyalardan Marsda yaşayış yerləri yaratmaq üçün istifadə edilə biləcəyini iddia edirlər. Elm adamları Qırmızı planetdə evlərin inşasında istifadə ediləcək kərpicin  heyvanların  ifrazatından əldə etməyin mümkün olduğunu söyləyirlər. Tədqiqatçılar  Marsın torpağının peynin tərkibindəki azot və bakteriyalarla  qarışığının tikinti materialı hazırlamaq üçün daha əlverişli  xammal olacağını  bildiriblər. Mütəxəssislər  müxtəlif bakteriya və  karbamid adlı  maddələrlə  zəngin olan bu qarışıqdan  əldə edilən   xammalın beton qədər möhkəm ola biləcəyini vurğulayıblar.  Lakin bu  metodun Marsda tətbiqi üçün daha çox sınağa ehtiyac olduğu qeyd edilib.

"Mars torpağı canlı  orqanizmlər üçün zəhərlənməyə səbəb olacaq qədər dəmirlə zəngindir. Başlanğıcda bakteriyalarımız ümumiyyətlə böyümədi.  Daha sonra nikel, xlorid əlavə etməklə torpağı münbitləşdirə bildik. Bu bizim üçün  ilkin olaraq böyük nailiyyətdir", - deyə araşdırma rəhbəri Aloke Kumas bildirib.

Komandanın  yeni hədəfi istehsal etdikləri kərpicləri Marsda laboratoriya şəraitində  atmosfer və cazibə  xüsusiyyətlərinə görə  sınaqdan keçirməkdir.

 

Bədən üzvlərini itirənlərə müjdə

Bristol Universitetinin alimləri 3D printerdən istifadə edərək insan dərisindən daha həssas  süni dəri istehsal ediblər. Elm adamları ərsəyə gətirdikləri robotun bədən üzvləri amputasiya olunmuş insanlar üçün ümid yeri olacağını söyləyirlər.

Alimlər 3D printerdən istifadə edərək süni dərini həqiqi dəridən   daha "gerçək"  bir vəziyyətə gətirməyə  nail olublar.  Yeni texnologiyanın ən böyük  üstünlüyü isə  insanlarda olmayan barmaq ucu reseptorlarının  olmasıdır.

Bristol Universitetinin robototexnika laboratoriyasının professoru Nathan Leporanın rəhbərliyi ilə tədqiqatçılar  insan dərisində tapılan və toxunma hissindən  məsul olan dermal papilla hüceyrələrini təqlid etməklə robot əlin  daha həssaslığını təmin ediblər.

"The Royal Society Interface" jurnalında dərc olunan  məqalədə insanlarda toxunma hissini yaradan  sinir siqnallarının  elektrik qeydləri ilə süni əlin  barmaq ucu qeydlərinin təəccüblü dərəcədə oxşar olduğu ortaya çıxıb.

Məqsədlərinin insan dərisinə bənzər, hətta ondan daha yaxşı bir  dəri istehsal etmək olduğunu söyləyən professor Lepora  yeni texnologiyanın ən  incə detallara qədər  həssas olmadığını bildirib.  Bunun səbəbinin isə  printerlərin  insan dərisindən daha qalın bir  dəri çap etməsi ilə əlaqəli olduğu bildirilib.  Tədqiqatçılar gələcəkdə mikroskopik üçölçülü printer texnologiyası ilə bu problemin aradan qaldırıla biləcəyini söyləyirlər.

Bilavasitə amputasiya edilmiş ətrafların yerinə istifadə edilən protez əllərin performansının da artırılması gözlənilir. Beləcə, əzalarını itirmiş insanların həyatı bir az da asanlaşacaq.

Professor Lepora  bu yeniliyin yumşaq hüceyrəli robototexnika sahəsində daha cəlbedici olacağını vurğulayıb. Bütün bunlar sürətlə inkişaf edən robot texnologiyasında perspektivli bir  başlanğıc kimi görünür.

İnformasiya "TechXplore" veb saytında yayımlanıb.

 

Günəş enerjisini 10 ildən çox saxlamağın yolu

Günəşdən əldə edilən enerji ilə bağlı hələ  də böyük problemlər yaşanırdı. İndiyə qədər bu   enerjini saxlaya biləcək ucuz və səmərəli sistem yox idi. İsveçrənin Chalmers Texnologiya Universitetinin  alimləri günəş enerjisinin  saxlanması yolunda mühüm addım atıblar. Elm adamları günəş enerjisini 10 ildən çox depolaya bilən xüsusi maye hazırlayıblar.

Universitetin mühəndisi Jeffrey Grossman verdiyi açıqlamada günəş panelinin təkrar doldurulan batareya kimi olduğunu izah edib: "Əgər elektrik əvəzinə günəş işığını işə salmaq  istəyirsinizsə, o, avtomatik qoşulur. Bu molekul karbon, hidrogen və azotdan ibarətdir. Molekulun atomları arasındakı bağlar yenidən qurularaq, izomer adlanan enerjinin yeni bir versiyasına çevrilir. Bu izomerdəki enerji 18 ilə qədər saxlanıla bilər. Tələyə düşən  bir yırtıcı kimi, günəşdən gələn enerji izomerin güclü kimyəvi bağları arasında tutulur. Hətta  otaq temperaturuna qədər soyuduqdan sonra  belə orada qala bilir. Enerjiyə ehtiyac olduqda  molekul orijinal formasına geri dönən və istilik şəklində enerji verən katalizatordan çəkilir".

Universitet binasının damında quraşdırılmış sisteminin bir  prototipi ilə yeni maye sınaqdan keçirib. Tədqiqatçılar bu layihənin  bir  çox investorun diqqətini çəkdiyini qeyd ediblər.

Yenilənə bilən, emissiyasız enerji cihazı, bir növ peyk antennası kimi Günəşi izləyən mərkəzdə boru olan kreflektordan ibarətdir. Sistem dairəvi şəkildə işləyir. Şəffaf borularla pompalandıqdan sonra maye günəş işığı ilə qızdırılır. Enerji lazım olduqda isə molekullar mayeni 63 dərəcə qızdıran  xüsusi bir katalizatordan  süzür.

Hər şey planlaşdırıldığı kimi gedərsə, texnologiyanın 10 il ərzində kommersiya məqsədləri üçün istifadə oluna biləcəyi düşünülür.

 Hazırladı:

 Elenora HƏSƏNOVA,

"Respublika".