Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Çiçəklərin də "utancağı" var imiş...

"Dünyanın damı" hesab edilən Tibet yaylası nadir endemik bitkilərilə yanaşı, həm də çox qiymətli torpağa sahibdir. Bu yaxınlarda çinli alimlər həmin ərazidən qeyri-adi xüsusiyyətə malik yeni çiçək növü aşkar ediblər. Dünyanın ən "utancaq" çiçəyi adlandırılan bu bitki toxunduqdan bir neçə saniyə sonra bükülür.

Qinghai-Tibet yaylasında tapılan bu çiçəyin ləçəkləri toxunduqdan 7 saniyə sonra bağlanır. Alimlər acıçiçəkkimilər (Gentianaceae) növünə aid edilən bu bitkini dünyanın "ən utancaq" və "ən təvazökar" çiçəyi adlandırıblar.

Bitkilər aləmində yarpaqların sürətli hərəkəti həmişə alimləri və təbiətsevərləri valeh edib, çünki adətən bitkilər heyvanlardan fərqli olaraq statik orqanizmlər kimi qəbul olunur.

Venera milçək tələsi kimi ətyeyən bitkilərin də bəzi xüsusi yarpaqları saniyələr içində toxunmaya reaksiya verir. Yeni çiçəyin kəşfindən əvvəl, bu cür davranış nümayiş etdirən başqa bir çiçək isə Günəş gülü (sundev) idi. Bu çiçək 2-10 dəqiqə ərzində tacını büzüşdürə bilir.

Tibetin Naqçu bölgəsindəki gölün yaxınlığında aşkar edilən çiçək isə digərlərindən daha tez bir zamanda, 7-8 saniyə ərzində ləçəklərini bükməklə fərqlənərək dünyanın ən həssas və ən tez reaksiya verən çiçəyi hesab edilir. Tamamilə bağlandıqdan sonra isə günortalar 21 dəqiqə ərzində yenidən açıla bilir.

"Bu mənzərəyə canlı şahid olmaq olduqca maraqlı idi. Çiçəklər gözümüzün önündə sanki bir anlıq qeyb oldu", - deyə professor Dai Can söyləyib.

Alimlər bitkinin bu qeyri-adi davranışını arıların müdaxilələrindən qorunmaq üçün istifadə etdikləri müdafiə mexanizmi kimi qiymətləndirirlər.

 

Dünyanın "ən darıxdırıcı" insanları və onların peşələri sıralanıb

Dünyanın "ən darıxdırıcı" insan tipi ilə bağlı aparılan araşdırma zamanı maraqlı nəticələr ortaya çıxıb. Qəsəbədə yaşayan, televiziya izləməyi , məlumatları analiz etməyi sevən şəxslər ən darıxdırıcı insanlar siyahısında başda yer alıblar.

İngiltərənin Essex Universitetinin alimləri ən darıxdırıcı insanın xüsusiyyətlərini müəyyən etmək üçün 500 nəfər arasında 5 cür müxtəlif sorğu aparıblar. Araşdırmanın sonunda darıxdırıcı peşələr və şəxsiyyət xüsusiyyətləri sıralanıb. Məlumatların təhlili (analitik) mühasibat uçotu, təmizlik, vergi, sığorta və bank işi ən darıxdırıcı peşələr siyahısına daxil edilib. Ən maraqlı beş iş isə incəsənət, elm, jurnalistika, səhiyyə, tədris seçilib.

Tədqiqatçılar televizora baxmaq, yatmaq, heyvanları seyr etmək və siqaret çəkməyin bezdirici xobbilər arasında olduğunu söyləyirlər. Həmçinin cansıxıcı insanların böyük yaşayış məntəqələrində yaşamaqdansa, kiçik şəhər və qəsəbələrə üstünlük verdikləri də məlum olub.

Araşdırmanın müəllifi dr. Wijnand Van Tilburg görülən işin maraqlı olmasının real həyata çox böyük təsir etdiyini söyləyib.

"Dünyagörüşü zamanla dəyişsə belə, insanların darıxdırıcı işlərlə məşğul olması və gərəksiz xobbilərə zaman ayırması onların cəmiyyətdən təcrid olunmasına da gətirib çıxara bilər. Bu isə belə insanların həyatına mənfi təsir edərək onların tənha qalmasına səbəb olur", - deyə Tilburg qeyd edib.

 Bəs darıxdırıcı insanlar işlərində necə, kifayət qədər bacarıqlıdırlarmı?

 Tədqiqatçılar darıxdırıcı kimi təsvir edilən insanlar haqqında olan yanlış bir təsəvvürü də üzə çıxarıblar. Belə insanların əksinə, peşələrində daha qənaətbəxş olduqları aşkar edilib.

 "Həqiqət budur ki, bankirlər və mühasiblər olduqca bacarıqlıdırlar və cəmiyyətdə yaxşı mövqeyə sahibdirlər. Bəlkə də, bizim onları darıxdırıcı kimi qələmə verməyimiz düzgün deyil", - deyə professor həmçinin əlavə edib.

 

Arılar niyə öz əksindən qorxur?

Bal arılarının kölgələri əks olunan səthlər üzərində uça bilmədiklərini bilirdinizmi? Əslində, onlardakı bu qəribəlik uzun müddət əvvəl məlum olsa da, səbəbi hələ də bilinmirdi. Nəhayət ki, 60 il sonra elm adamları bu sirri çözüblər.

1963-cü ildə Herbert Heran adlı avstriyalı bir entomoloq və alman psixoloqu Martin Lindauer bal arılarının uçarkən davranışlarındakı qeyri- adiliyin fərqinə varmışdılar. Onlar gölün üzərində kölgəsini görən arıların uçmaqda çətinlik çəkərək yerə düşdüklərinin şahidi olmuşdular. Sonralar bu tapıntı arıların uçarkən naviqasiya etmək üçün vizual işarələrdən istifadə etməsinin ortaya çıxmasına kömək etdi. Bu yaxınlarda aparılan araşdırmalar isə bu fikrə tamamilə yeni bir yanaşma gətirdi. Keçmişdə aparılan təcrübələri təkrarlayan tədqiqatçılar bu dəfə arıların uçuş zamanı hündürlüyü idarə etmək üçün aşağı baxarkən sürətlərini tənzimləyə bilmədiklərini ortaya çıxarıblar.

Tənzimlənən güzgülərlə təchiz olunmuş düzbucaqlı şəklində olan tuneldə aparılan təcrübələr zamanı bütün güzgülərin bağlandığı müddətdə bal arılarının sabit hündürlüyü saxlayaraq tunelin o biri tərəfinə asanlıqla keçə bildikləri müşahidə olunub. Lakin tunelin döşəməsində olan güzgülər açıldığı zaman isə vəziyyət dəyişib, bu, həşəratların normaldan iki dəfə uzaq görməsinə səbəb olub. Adətən problemsiz uça bilən arılar 40 santimetrlik yolu belə qət edə bilməyib, hündürlüyü tənzimləyə bilmədikləri üçün yerə düşüblər.

Bu daha çox aviatorların yerin sürətini görə bilmədikdə hündürlüyü tənzimləməkdə çətinlik çəkməsinə səbəb olan məkan dezorientasiyasına bənzəyir. Xoşbəxtlikdən, fəza əksini aradan qaldırmağa kömək edəcək texnologiyamız var. Lakin eyni şey arılar üçün keçərli deyil.

Yeni araşdırma arıların hündürlüklərini qorumaq üçün göydən deyil, yerdən gələn vizual siqnallardan istifadə etdiklərini dəstəkləyir.

 

Həkimlər şokdadır: qadına köçürülən "kişi əlləri"...

Hindistanda avtobus qəzasında iki əlini də birdən itirən ağdərili gənc bir qadına tünd dərili kişi donorun əlləri köçürülüb. Maraqlısı odur ki, illər sonra köçürülən əllərin dərisi ağararaq qadına xas olub.

Baş verən qəzadan sonra 18 yaşlı Şreya Siddanagowderin qolları dirsəkdən aşağı amputasiya edilmişdi. "The Indian Express"in verdiyi məlumata görə, Siddanagowder 20 cərrah və 16 anestezioloqdan ibarət komanda tərəfindən 13 saatlıq transplantasiya əməliyyatı keçirmişdi. Ona köçürülən əllər isə velosiped qəzasından sonra dünyasını dəyişən 21 yaşlı kişidən alınmışdı. Bir il yarım fizioterapiya müalicəsi alan qızın qol və əllərinin hərəkət funksiyaları zamanla yaxşılaşıb və əvvəlki illə müqayisədə getdikcə incələşib. Lakin başqa bir gözlənilməz hadisə isə onun "yeni" bədən üzvlərinin dərisinin rənginin zaman keçdikcə ağararaq öz rənginə bənzəməsidir.

Gənci müalicə edən həkimlər onun bədəninin donorundan daha az melanin (dəriyə rəng verən piqment) istehsal etdiyindən şübhələnirlər. Bununla belə, Mumbaydakı King Edward Memorial Xəstəxanasının Dermatologiya Şöbəsinin müdiri dr. Uday Khopkar verdiyi açıqlamada bunun səbəbini təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu bildirib. O, həmçinin iki əlin də birdən köçürülməsi və üstəlik nəql edilən bədən üzvünün cinslərarası olmasının dünyada bir ilk olduğunu qeyd edib.

Facebookda paylaşım edən qız videoçarxda "Mən dünyada kişi əlinə sahib olan ilk qadınam", - deyib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".