İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Bədii gimnastlarımız Rumıniyada 5 medal qazanıblar

Rumıniyanın paytaxtı Buxarestdə uşaqlar, yeniyetmələr və gənclər arasında bədii gimnastika üzrə 21-ci "Irina Deleanu Cup" adlı beynəlxalq turnir keçirilib.

Turnirdə ölkəmizi təmsil edən gimnastımız Məryəm Əliyeva topla gümüş, lentlə hərəkətlərin icrasına görə isə bürünc medal qazanıb.

Komandamızın digər üzvləri Gövhər İbrahimova gürzlərlə və halqa ilə, Nəzrin Salmanlı isə gürzlərlə çıxışına görə üçüncü olub.

 

Azərbaycan üzgüçüləri lisenziya xarakterli beynəlxalq turnirdə iştirak edəcəklər

Aprelin 29-dan mayın 1-dək Çexiyanın Ostrava şəhərində beynəlxalq turnir keçiriləcək.

Yarış bu il Budapeştdə, gələn il isə Fukoukada baş tutacaq dünya çempionatlarına lisenziya xarakteri daşıyır. Turnirdə ölkəmizlə yanaşı, İsveçrə, Ukrayna, Rumıniya, Polşa, Macarıstan, Xorvatiya, Çexiya və Gürcüstandan olan  idmançılar güclərini sınayacaqlar. Yarışda Azərbaycan yığma komandasını yeni tərtib olunmuş cədvələ uyğun normativləri yerinə yetirən Ramil Vəlizadə, Məryəm Şeyxəlizadəxangah, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov təmsil edəcək.

 

Cüdo üzrə Avropa çempionatında 11 idmançımız yarışacaq

Bolqarıstanın Sofiya şəhərində start götürəcək Avropa çempionatında Azərbaycanı 11 idmançı təmsil edəcək.

Yarışda yığma komandamızın üzvlərindən Balabəy Ağayev, Əhməd Yusifov (60 kq), İbrahim Əliyev, Yaşar Nəcəfov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar. Qadınların turnirində isə Şəfəq Həmidova və Ramilə Əliyeva (48 kq) güclərini sınayacaqlar.

 

Badmintonçularımız İspaniyada keçirilən Avropa çempionatında

Azərbaycan badmintonçuları Edi Reski Dviçayo-Ezmi Qovimuramadhoni tandemi İspaniyanın paytaxtı Madriddə keçirilən Avropa çempionatında ilk qələbəsini qazanıb.

Badmintonçularımız kişilərin qoşa yarışında Covanni Qreko-Kevin Strobl (İtaliya) cütünə 2:0 (21-13,21-16) hesabı ilə qalib gələrək səkkizdəbir finala yüksəlib. Edi-Ezmi tandemi bu mərhələdə İngiltərə təmsilçiləri Ben Leyn-Şon Vendi cütlüyü  ilə qarşılaşıb. Gərgin keçən görüş üç set davam edib. Edi-Ezmi cütlüyü ilk setdə rəqibinə 22:20 hesabı ilə qalib gəlsə də, növbəti iki setdə uduzub (17-21,10-21).

Kişi badmintonçuların şəxsi yarışında on altıdabir finalda İrlandiya təmsilçisi Nhat Nguyenlə qarşılaşan Edi isə rəqibinə 0:2 (10-21,14-21) hesabı ilə məğlub olub.

Nərgiz İSMAYILOVA,

"Respublika".