Dahiləri bir də belə tanıyaq
Maraqlı

Dahiləri bir də belə tanıyaq

Andre Mari Amper

Fransız fiziki və elektrodinamikanın (elektromaqnetizm) banilərindən biri, elektrikin "Nyutonu" adlandırılan Andre Mari Amper həyatda çox sınaqlardan keçsə də, mehriban, həyatsevər və xeyirxahlığı ilə diqqət çəkib.

Amper varlı bir ailənin uşağı olsa da, heç vaxt məktəbdə oxumayıb, atasının kitabxanasından istifadə edərək evdə təhsil alıb. Lakin buna baxmayaraq, atası onda elmə qarşı həvəs, məhəbbət aşılamağı bacarmışdı. Ona görə də uşaq ikən hər şeylə maraqlanırdı Amper və bu isə onun biliyə olan "susuzluğunu" yatırmağa daha da çox zəmin yaradırdı. Atasının rəhbərliyi ilə riyaziyyat, tarix, fəlsəfə və təbiət elmləri ilə bağlı kitablar, şeirlər oxuyurdu. Elmə olan marağı ilə yanaşı, anası çox dindar qadın olduğu üçün katolik inancı ilə də maraqlanırdı.

Ömrünün son illərində Amper psixi pozğunluqlardan əziyyət çəkir və demək olar ki, bütün elmlərdən, xüsusən də riyaziyyatdan artıq diksinirdi. Çox unutqan olan Amper həyatının son çağlarında öz kimliyini belə unudurmuş. Onun unutqanlığı ilə bağlı maraqlı əhvalatlar var:

Bir gün dahi fizik alimlərin yığıncağında çıxış etdikdən sonra yerinə qayıdanda əyləşdiyi oturacağın bir nəfər tərəfindən zəbt edildiyini görür.

Anındaca o, həmin adamın Napoleon Bonapart olduğunun fərqinə varır. Amper başa düşür ki, Napoleon onunla zarafatlaşmaq üçün belə bir vasitəyə əl atıb. Ertəsi gün isə Napoleon onu nahara dəvət edir. İnanmayacaqsınız amma, Amper nahara dəvəti tamamilə unudubmuş.

Başqa bir əhvalatda isə deyilir ki, Amper mənzilindən çıxarkən qapısına belə bir qeyd qoyur: "Amper evdə ancaq axşam olacaq". Amma günorta evə gəlir, qapının üzərindəki yazını oxuyub geri qayıdır. Çünki alim özünün Amper olduğunu da unutmuşdu.

Amper haqqında danışılan başqa bir əhvalat da belədir: Bir gün evinə gedən dahi yolboyu faytonçunun kürəyinə tabaşirlə düstur yazır. Mənzilbaşına çatan Amper düsturun faytonçu ilə birlikdə uzaqlaşdığını görəndə çox təəccüblənmişdi.

Deyilənə görə, dahi fizik olduqca qonaqpərvər biri olub. Onun evi çoxsaylı dostlarının və tələbələrinin üzünə hər zaman açıq idi. Yemək rasionuna daim diqqət edən Amper də bir çox dahilər kimi vegeterian olub. Lakin sağlamlığının nə qədər qeydinə qalsa da, dahi alim təftiş görüşlərinin birində möhkəm soyuqlayır və sətəlcəm olur. Həmin zamanlar ağciyərin iltihabının antibiotiklərlə müalicəsi kəşf edilmədiyi üçün fizik 61 yaşında dünyasını dəyişir.

 

Edqar Allan Po

Amerikanın mistik şairi, yazıçısı, dedektiv janrının "atası" Edqar Allan Po təkcə sənətdə deyil, qırx bir illik həyatında baş verən faciəvi hadisələrlə də məşhurdur. Zəngin ədəbi irsə malik yazıçı uğursuz və məhrumiyyətlərlə dolu bir həyat yaşamışdır. İzdivac günü toyundan qaçan, 13 yaşlı qız uşağı ilə evlənərək qınaq obyektinə çevrilən yazarın bu davranışları bəlkə də, onun ruhi dünyası ilə bağlı idi...

Düzdür inanmaq çətindir, amma faciə janrının banisi, "Morqun həyətində qətl" əsərinin müəllifi qaranlıqdan yaman qorxurmuş. Yazıçının bioqrafları, onun yalnız parlaq işıqda və ya heç olmasa şam işığında yuxuya gedə biləcəyini söyləyirdilər. Bu qorxu o qədər güclü idi ki, Edqar qaranlıqda yola çıxmaqdan və tamaşaçı salonunda işıqların söndürüldüyü şoulardan da imtina edirmiş. "Gecə zülmətində iblislərin hərəkətə gəlib xeyirxah ruhları yoldan çıxarmaq istədiklərinə əminəm, - bir dəfə dostuna deyib. - Yaxşı bilirsən ki, - sonra tələsik əlavə edib, - iblislərə inanmıram". Bəlkə də Allan Po taleyinin qasırğa dolu qara buludları altında ömür sürəcəyini hiss edirmiş. Buna görə onu qınaya bilmərik.

Həyatı boyu depressiyadan əziyyət çəkən Ponun belə bir fobiyasının olması heç də təəccüblü deyildi. Axı o, sözün əsl mənasında, az qala qəbiristanlıqda oxuyub. Oxuduğu məktəbin sinif otaqları birbaşa qəbiristanlığa baxırdı. Dərslik çatışmazlığı ucbatından məktəbin direktoru riyaziyyat dərsinin açıq havada, qəbirlərin arasında keçirilməsini tələb edirdi. Qəribəliklərdən biri də bu idi ki, riyaziyyat müəllimləri uşaqlara hesab öyrədərkən baş daşlarına yazılmış ölüm və doğum tarixlərini hesablamağı tələb edirdilər. İdman dərsi isə bundan da "təmtəraqlı" keçirdi. Məktəb işçilərindən biri öldükdə, xərc olmasın deyə onun məzarını qazmağa uşaqları da aparırdılar. Buna isə idman- sağlamlıq tədbirləri deyilirdi. Bəlkə də, bütün bunlar Ponun canında əbədi bir qaranlıq qorxusu yaradaraq taleyinə təsir etdi...

Eşq "cəbhəsində"də məşhur olan bu yazıçının deyilənlərə görə, qadınlara "əli düşərli" imiş.

Edqarın münasibət qurduğu qadınlar dünyasını erkən dəyişirmiş. Yəqin, mərhum yazar sevdiklərinə də mistik yanaşırmış...

Po pişiklərə çox bağlı idi. Şeir yazarkən siyam cinsindən olan pişiyi çiynində, yaxud başının üstündə saxlayardı. O, düşünürdü ki, bu vəziyyətdə ilhama gəlir və yazmağa konsentrasiya ola bilir. Daha bir ilham qaynağı isə işə başlamadan yemədən, içmədən oturub ağ kağıza saatlarla tamaşa etməsiydi.

Qumara və içkiyə qurşanmasına görə böyük xərcə düşən yazıçının ömrünün sonuna qədər cibində "siçanlar" oynayırdı. Üstəlik bir qədər sonra bu düşkünlüklərinin sırasına narkotik də qoşulur.

Cır-cındır içində, tanınmaz, səfil bir görkəmdə şəhərətrafı xəndəkdə huşunu itirmiş vəziyyətdə tapılan sərxoş yazıçı xəstəxanaya çatdırılsa da, bir neçə gün sonra: "Tanrım, bu bədbəxt canımı al!", - deyə bağıraraq gözlərini əbədi olaraq yumub...

 

Sergey Aleksandroviç Yesenin

Sergey Yesenin dedikdə, ağıla ilk olaraq onun "Angleterre" mehmanxanasındakı otağının istilik borusundan özünü asmağı gəlir. Ölümündən az bir müddət əvvəl, qaldığı oteldə mürəkkəb tapa bilməyib qolunu bıçaqla çərtərək son şeiri "Əlvida dostum"u qanla yazan bu şairin dəfələrlə ruhi xəstəxanalarda müalicə alması təsadüfi deyildi...

Yesenin Sergey... Yəqin çoxları onun alkoqoldan asılı olduğunu bilir. Ancaq bəlkə də bu asılılıq sayəsində Yesenin şeirlərində rus həqiqətinin motivlərini, əsrarəngiz rus ruhu və kədərini təəccüb doğuracaq bu qədər bir dəqiqliklə ifadə etməyi bacarırdı.

Qırmızı saçlı, olduqca yaraşıqlı, bəstəboy şairin çoxlu sevgi hekayələri olub, qadınları tez-tez dəyişdirirmiş. Lakin onun bütün romanları, Zinaida Rayx və Aysedora Dunkan ilə münasibətləri istisna olmaqla, özünün dediyi kimi könül əyləncəsindən başqa bir şey deyildi. Bioqrafları şairin hələ rəfiqə adlandırdığı qadınların 3 mindən çox olduğunu deyiblər. Maraqlıdır ki, hər iki sevgilisinin nağılı faciəvi sonluqla bitir: Zinaida Rayx öz evində ölmüş vəziyyətdə tapılır, Aysedora Dunkan isə boğularaq öldürülür.

Yesenin utancverici xəstəliyə yoluxmaqdan dəhşətli dərəcədə qorxardı. Onun bu qorxuları o qədər güclü idi ki, bəzən saatlarla güzgü qarşısında dayanıb özünü seyr edərdi. Bundan əlavə, həm də onun polislərə qarşı böyük bir fobiyası vardı. Qismətə bax ki, tez-tez davalarda adı hallanan əyyaş şairə xuliqanlıq üstündə dəfələrlə cinayət işi açılmışdı. Üstəlik onun sirli ölümünün səbəbləri arasında həmin qorxulu xəstəliyin də adı çəkilir. Doğrudan da, nədən qorxarsan, başına gələr...

30 yaşında intihar edərək həyatına son qoyan şairi ölümə aparan səbəb hələ də bəlli deyil. Alkoqolizmin yaratdığı açıq psixopatiya, depressiya əlamətləri və daha əvvəllər də intihara da cəhd etməsi gözlənilən bir hal idi. Deyilənlərə görə, Yesenin daha əvvəl də bir neçə dəfə intihara cəhd edibmiş: birində özünü bıçaqla kəsib, digərində isə özünü qatarın altına atıbmış. Bəziləri onun uzun müddət yaşadığı ruhi sarsıntı və həddində artıq spirtli içkinin təsirindən bunu etdiyini güman edir, bəziləri isə düşmənləri tərəfindən öldürüldükdən sonra asıldığını iddia edərək, kifayət qədər arqumentlər ortaya qoyublar. Buna görə də, bu hadisənin üzərindən sirr pərdəsi hələ də, götürülməyib.

Hazırladı:

 Elenora HƏSƏNOVA,

"Respublika".