DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

PENTAQON: RUSİYA QOŞUNLARININ BİR HİSSƏSİNİ MARİUPOLDAN ÇIXARIR

Ukraynada hərbi əməliyyatlar fonunda Rusiya ordusunun bir hissəsini Mariupoldan çıxarmağa başlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Pentaqonun saytı məlumat yayıb.

Bununla yanaşı, Rusiyanın bəzi bölmələrinin Mariupolu tərk edərək şimal-qərbə doğru irəlilədiyi bildirilir. Pentaqonun məlumatına görə, şəhər uğrunda döyüşlər davam edir.

Açıqlamaya əsasən, Rusiya ordusu Mariupola tam nəzarət etmir və buna görə də onlar həm raket, həm də hava zərbələri həyata keçirir. Bildirilir ki, şəhər tamamilə alınıbsa, onu bombalamağa davam etməyə ehtiyac yoxdur.

Eyni zamanda, qeyd olunur ki, Ukrayna ordusu müdafiəni aktiv şəkildə davam etdirir, bəzi yerlərdə isə əks-hücumlar təşkil olunur. Təkcə Donetsk və Luqansk vilayətlərində son 24 saat ərzində qarşı tərəfin doqquz hücumu dəf edilib, altı tank, bir artilleriya sistemi, on iki zirehli texnika, bir avtomobil və bir zenit silahı məhv edilib.

 

RUSİYA BANKINDAN UÇOT DƏRƏCƏSİ ILƏ BAĞLI KƏSKIN ADDIM

Rusiya Bankı uçot dərəcəsini 14 faiz səviyyəsinədək azaldıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə bankın aprelin 29-da keçirilən iclasında qərar verilib.

Verilən xəbərə əsasən, aprel ayında inflyasiyanın azalması fonunda Rusiya Bankı uçot dərəcəsini üç faiz azaldıb.

Bu, aprel ayında qəbul edilən ikinci analoji qərar olub. Aprelin 11-də Rusiya Bankı uçot dərəcəsini 20 faizdən 17 faizədək azaltmışdı.

Xatırladaq ki, Rusiya Bankı fevralın sonunda ölkə iqtisadiyyatına tətbiq olunan sanksiyalar fonunda uçot dərəcəsini 9,5 faizdən 20 faizədək yüksəltmişdi.

 

GÜRCÜSTAN ƏHALİSİNİN SAYI AZALIB

Bu ilin yanvarın 1-nə olan məlumata əsasən, Gürcüstan əhalisinin sayı 3 milyon 688,6 min nəfər təşkil edir. “Report” agentliyinin xəbərinə görə, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sənədə əsasən, illik müqayisədə Gürcüstan əhalisinin sayında 1,1 faiz azalma qeydə alınıb. Əhalinin 59,7 faizi şəhərlərdə, həmçinin üçdə bir hissəsi paytaxt Tbilisidə yaşayır.

Eyni zamanda, azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsinin əhali sayı isə 434,5 min nəfərdir ki, onların da 191,3 mini şəhər, 243,2 min nəfəri isə kəndlərdə məskunlaşıb.

Yaş tərkibinə gəlincə 0-14 yaşlı şəxslər ümumi əhalinin 20,8 faizini, 15-64 yaşlı şəxslər 63,7 faizini, 65 və ondan yuxarı yaşlı şəxslər isə 15,5 faizini təşkil edir.

Bununla yanaşı, Gürcüstanda ölkə əhalisinin 48 faizini kişilər, 52 faizini isə qadınlar təşkil edir. Kişilərin sayı 1 milyon 770 min nəfər, qadınların sayı isə 1 milyon 918,7 min nəfərə bərabərdir.

 

BƏZİ CİHAZLAR “WHATSAPP”LA VİDALAŞIR

Bir sıra cihazlar “WhatsApp” tətbiqi ilə vidalaşır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, mesajlaşma proqramı olan “WhatsApp” aprelin 30-dan etibarən bəzi cihazlarda fəaliyyətini dayandıracaq.

Məlumata əsasən, çoxlu istifadəçi sayına malik olan “WhatsApp” tətbiqi indi təkcə əyləncə üçün deyil, həm də biznes üçün istifadə olunur. Bu səbəbdən bir çox “WhatsApp” istifadəçilərinin cihazları indi tətbiqin yeni versiyaları ilə uyğun gəlmir.

Bu vəziyyəti nəzərə alan “WhatsApp” bəzi əməliyyat sistemlərinin artıq istifadə edilməyəcəyini və bu sistemlə işləyən telefon, planşet, kompüter kimi cihazları dəstəkləyə bilməyəcəklərini bildirərək, istifadəçilərini mütəmadi olaraq cihazlarını və ya əməliyyat sistemlərini yeniləməyə dəvət edir.

 

TÜRKIYƏNIN KEÇIRDIYI ƏMƏLİYYATIN YEDDİNCİ MƏRHƏLƏSİ BAŞLAYIB

Türkiyənin Tunceli vilayətində “Eren Abluka” antiterror əməliyyatının yeddinci mərhələsi başlayıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyatın əsas məqsədi - Türkiyənin bu bölgəsində terror təhlükəsini aradan qaldırmaqdır.

Xüsusi təyinatlılar Tunceli vilayətinin rayonlarından birində axtarış əməliyyatı həyata keçiriblər. Fəaliyyət çərçivəsində 40 qrup - tərkibində ümumilikdə 600-dən çox jandarma xüsusi təyinatlısı cəlb edilib.

Əməliyyatın ilk günü Buzlutəpə bölgəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı terrorçuların 5 sığınacağı aşkar edilib, oradan çoxlu sayda terror təşkilatına aid sənədlər ələ keçirilib.

 

OLAF ŞOLTS: ALMANİYA QAZ NƏQLİNİ QƏFİL DAYANDIRMAĞA HAZIRLAŞIR

Almaniya Rusiyadan qaz nəqlini qəfil dayandırmağa hazırlaşır. “Report” agentliyinin “Röyters”ə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın kansleri Olaf Şolts çıxışı zamanı bəyan edib.

Bununla yanaşı, kansler ölkənin Polşa və Bolqarıstanda olduğu kimi eyni ssenari ilə üzləşəcəyini istisna etməyib.

Eyni zamanda, Olaf Şolts Avropa İttifaqı, ABŞ və “Böyük yeddilik” ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaları çox effektiv adlandırıb.

“Rusiya aydın şəkildə başa düşür ki, öz inkişaf imkanlarına ciddi ziyan vurur. Əgər Rusiya Ukraynada ərazi qazancına əsaslanan atəşkəs təklif etsə, Qərb buna getməyəcək. Bu, o zaman baş verəcək ki, Kremlin qoşunları Ukraynadan tamamilə çıxarılsın”, - deyə kansler əlavə edib.

 

FRANSADA PREZİDENTLİYƏ NAMİZƏDƏ CİNAYƏT İŞİ AÇILIB

Fransanın Po şəhərinin Prokurorluğu prezidentliyə namizəd Jan Lassala qarşı cinayət işi açıb. “Trend”in məlumatına görə, buna səbəb siyasətçinin seçki məntəqəsindən yayımladığı videoda tərəfdarlarını ikinci turda səs verməməyə çağırması olub.

Müraciətində Jan Lassal boş bülletenlə səs verməyin kifayət olmadığını və buna görə də risk edərək ölkədə “yaranmış narahatedici vəziyyət”ə diqqət çəkmək istəyib.

Məlumat üçün qeyd edək ki, Fransada səsvermə qanunvericiliyi seçki məntəqələrində siyasi bəyanatlar, debatlar və təşviqat aparmağı qadağan edir. Respublikanın Konstitusiya Şurası hesab edib ki, Jan Lassal səsvermənin qərəzsizliyinə təsir göstərərək qadağanı pozub.

 

QLOBAL İSTİLƏŞMƏ MİNLƏRLƏ VİRİSUN YAYILMASINA SƏBƏB OLACAQ

Aparılan yeni  araşdırmanın nəticələrinə görə, qlobal istiləşmə heyvan növləri arasında yeni virusların yayılmasına səbəb olacaq və ortaya çıxan xəstəliklər heyvanlardan insanlara yoluxma riskini artıracaq. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə “Nature” jurnalında araşdırma ilə əlaqəli məqalə dərc edilib.

Məlumata əsasən, məqalədə iqlim dəyişikliyinin məməlilər arasında xəstəliklərin yayılmasına necə təsir göstərə biləcəyinin tədqiq edildiyinə diqqət çəkən alimlər, qlobal istiləşmənin 3000-dən çox məməli növünü köçə məcbur edəcəyi və 4000 virusun yayılmasına səbəb olacağı qənaətinə gəliblər.

Tədqiqatın müəlliflərindən Qreq Alberi virusların hər birinin heyvanların sağlamlığına təsir göstərməsi və insanlar arasında yayılması ehtimalının olduğunu, lakin 4 min virusun yayılmasının “COVID-19” epidemiyası ölçüsündə yeni epidemiyalar olacağı anlamına gəlmədiyini vurğulayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.