Sağlam həyat
Maraqlı

Sağlam həyat

Kartofdan istifadə edərkən bu səhvi etməyin!

Kartof bütün dünyada çoxlarının sevimli qidası hesab olunur. "Fast food" zəncirinin əsas halqası hesab edilən kartof mətbəxlərdə də geniş istifadə edilən qidalar sırasındadır. Demək olar ki, yeməklərin çoxunda qızardılmış, qaynadılmış şəkildə istehlak etdiyimiz bu qidanın istifadəsi zamanı bəzilərimiz onların cücərmiş olduğuna məhəl qoymuruq. Qida mütəxəssisləri bu şəkildə istifadə edilən kartofun zəhərlənmə riski daşıdığını söyləyirlər.

Cücərmiş hissələri təmizlənərək istifadə edilən kartofun bir çox orqanlara da zərər verə biləcəyi qeyd edilib. Bundan əlavə, cücərtilərin kartofun tərkib hissəsini dəyişdirdiyi də vurğulanıb. Mütəxəssislər bu şəkildə istifadə olunan kartofun daha çox mədə və həzm sisteminə zərər verdiyini söyləyirlər. Xüsusilə isə yay aylarında tez-tez zəhərlənmələrə səbəb olduğu vurğulanıb. Alimlər bunun səbəbini cücərən kartofun tərkibindəki qlikoalkaloidlərin miqdarının artması ilə əlaqələndirirlər. Bu maddənin aşağı dozada istehlakı adətən qusma, ishal və qarın ağrısına səbəb olur. Daha böyük miqdarda istehlak edildikdə isə aşağı qan təzyiqi, sürətli ürək döyüntüsü, qızdırma, başağrısı, halsızlıq və bəzi hallarda hətta ölümlə nəticələnə bilir.

Üstəlik, bir sıra tədqiqatlar göstərir ki, hamiləlik dövründə cücərmiş kartof yemək körpələrdə anadangəlmə qüsur riskini artıra bilər. Bu səbəbdən hamilə qadınların xüsusilə ehtiyatlı olması tövsiyə edilir.

İnformasiya "Apetite" jurnalında dərc edilib.

 

Bioloji "saatın" pozulması bu xəstəliklərə yol açır

Amerikalı alimlər qəhvə və nikotinin həddindən artıq istifadəsi, yuxusuzluq, stress kimi halların bədənin bioloji "saatı" olaraq da bilinən sirkadiyalı ritmə mənfi təsir etdiyini söyləyirlər. Elm adamları bu problemin DNT-nin özünü bərpasında axsamalara yol açdığını deyirlər. Mütəxəssislər, həmçinin orqanları təşkil edən hüceyrələrdəki DNT zədələnmələrinin zamanla bərpa olunmamasının hüceyrələrin nəzarətsiz çoxalmasına səbəb olaraq, xərçəng kimi təhlükəli xəstəliklərə gətirib çıxaracağını qeyd ediblər.

Sirkadiyalı ritm (bioloji saat) və xərçəng arasında əlaqə olduğunu bildirən alimlər sağlamlığımızın keşiyində durmaq üçün ən vacib amilin ətraf mühitə uyğunlaşmaq olduğunu söyləyirlər. Bütün canlılarda 24 saatlıq sirkadiyalı ritm olduğunu ifadə edən elm adamları onun yuxu, yemək vərdişləri, qan təzyiqi və bədən istiliyinin tənzimlənməsinə kömək etdiyini vurğulayıblar.

"Sirkadiyalı ritm bədənimizin bioloji saatıdır" deyən tədqiqat rəhbəri Fernando Orlandi pozğunluğun səbəb olduğu problemləri belə sıralayıb: "Stress hormonlarımızın artması gərginlik, yorğunluq və sinir sisteminin çökməsinə səbəb olaraq, yuxu ritminin pozulmasına gətirib çıxarır. Bu da depressiya, bipolyar pozğunluq və psixi problemlərin inkişaf etməsinə səbəb olur. Yemək-içmə tarazlığı pozulur, iştahsızlıq, çəki artımı və ya itkisi ilə müşahidə olunur. Bilavasitə immunitet sisteminin zəifləməsi ilə infeksiyaların artması xərçəngin əmələ gəlməsinə zəmin yaradır.

İnformasiya "MedicalXpress" veb saytında yayımlanıb.

 

Yumurtaların üzərindəki kodların mənasını bilirdinizmi?

Adətən kənd mühitindən kənarda yaşayan insanlar məcburiyyətdən fabrikdə istehsal edilən yumurtalara üstünlük verir və bu qidanı mağazalardan alırlar. Yəqin ki, yumurta alarkən onların üzərinə möhürlənmiş kodlara rast gəlmisiniz. Bəs bu kodların mənasını bilirsinizmi?

Adətən yumurtanın üzərində bir kod və onun altında tarix olur. Gün, ay və il kimi möhürlənir. Yumurtanın yararlılıq müddəti isə onun istehsal olunduğu tarixdən 28 gün sonraya aid edilir.

Tarixi üzərində olan kod yumurtanın istehsalı və toyuğun harada yetişdirilməsi haqqında, kodun əvvəlində 0-dan 3-ə qədər olan hər bir rəqəm toyuğun hansı şəraitdə yetişdirilməsi haqqında məlumat verir. Digər bir kod isə onun hansı ölkədə yetişdirildiyi barədə məlumat verən ölkə kodudur. Məsələn, əgər yumurta Azərbaycanda yetişdirilibsə, üzərinə "AZ" kodu möhürlənir. Ölkə kodunun yanında isə onun istehsal olunduğu şəhərin iki rəqəmli trafik kodu olur. Trafik kodunun yanındakı ən uzun rəqəmli kod isə yumurtanın istehsal olunduğu müəssisənin Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən nömrəsidir. Sonuncu kod yumurtanın hansı şəraitdə istehsal olunduğunu göstərir.

Əgər aldığınız yumurtanın üzərində 0 kodu varsa, deməli, yaxşı seçim etmisiniz, çünki bu rəqəm toyuğun yetişdirilməsində heç bir kimyəvi məhsuldan istifadə edilməməsi və tamamilə təbii mühitdə bəslənməsini göstərir. Üzərində 1 kodu olan yumurta isə 2 -ci dərəcəli yumurta hesab olunur ki, mənası açıq havada, sərbəst şəkildə böyüyən toyuğun yumurtası deməkdir. Yəni toyuqların istədikləri kimi sərbəst gəzmək azadlığı var, lakin onun qidalanmasında hər hansı bir hormon və ya kimyəvi maddələrdən istifadə istisna deyil. 2 kodu olan yumurtalar fabrikdə yetişdirilən toyuqlara aiddir. Çox vaxt belə toyuqların bəslənməsində hormonlar kimi zərərli maddələr, kimyəvi məhsullardan istifadə edilir. İnkişafda olan uşaqlar və xəstə insanların bu cür məhsuldan istifadə etmələri xüsusi təhlükə yarada bilər. 3 nömrəli koda sahib olan yumurtalar isə ən keyfiyyətsiz yumurta hesab olunur. Yumurta istehsalını sürətləndirmək və kütləvi tələbatı tez bir zamanda təmin etmək məqsədilə işbazlar bir çox hiylələrə əl atırlar. Belə ki, onun istehsalında sağlamlığa zərərli olan hormonal və kimyəvi yemlərdən istifadə etməkdən çəkinmirlər. Bir sözlə, sağlamlıq "deposu" hesab etdiyimiz yumurta diqqətsiz davranarsaq bəzən orqanizmimizə zərər də verə bilər.

 

Radiasiya Alzheimer xəstəliyinin artmasına səbəb ola bilər

Amerikalı alimlər Alzheimer xəstəliyi ilə bağlı yeni bir araşdırma aparıblar. Vaşinqton Dövlət Universitetinin professoru dr. Martin Pallın rəhbərliyi ilə tədqiqat aparan alimlər simsiz əlaqə olan Wi-Fi texnologiyasından istifadənin Alzheimer xəstəliyinin inkişafına yol aça biləcəyini söyləyirlər.

Elm adamları radiasiyaya məruz qalan beyində hüceyrədaxili kalsium səviyyəsinin artmasının Alzheimer xəstəliyini təşviq edə biləcəyini deyirlər. Radiasiyasının beyindəki kalsium səviyyəsini artırdığını qeyd edən Pall bunun "çox erkən yaşlarda baş verən Alzheimer xəstəliyi kimi bir kabusa səbəb ola biləcəyini" söyləyib.

"Elektromaqnit sahələri insan bədənində güclü elektrik və maqnit qüvvələri yaradır. Xüsusilə, bu simsiz rabitə siqnalları hüceyrədaxili kalsium səviyyələrini tənzimləyən yüksəkgərginlikli kalsium kanallarını aktivləşdirir", - deyə professor qeyd edib.

Tədqiqatçılar həmçinin hər gün davamlı olaraq bir neçə saat mobil telefon və Wi-Fi şüalanmasına məruz qalan gənclərin demans problemi ilə də üzləşə biləcəyini qeyd ediblər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".