İdman: daim zirvələrdə
İdman

İdman: daim zirvələrdə

Xüsusi Olimpiya Komitəsinin təşkil etdiyi silsilə tədbirlər başa çatıb

Aprelin 20-dən Respublika Olimpiya Mərkəzində atletika yarışları ilə start verilən silsilə tədbirlər ayın 22-də futbol, 25-də isə stolüstü tennis yarışları ilə davam edib. Bakı İdman Sarayının konfrans zalında keçirilən seminar isə silsilə tədbirlərə yekun vurub.

 

Şahmatçımız Vasif Durarbəyli "Kapablanka memorialı"nda ikinci yerdə qərarlaşıb

Kubanın paytaxtı Havanada 55-ci dəfə təşkil edilən şahmat üzrə ənənəvi "Kapablanka memorialı" başa çatıb.

Yarışın əsas turnirində iştirak edən qrosmeysterimiz Vasif Durarbəyli uğurla çıxış edərək ikinci yeri tutub. Şahmatçımızın 9-cu turda hindistanlı Surya Şexar Ganguli üzərində qələbəsi həlledici rol oynayıb. Belə ki, son turdan əvvəl 4-cü sırada olan V.Durarbəyli aktivinə 1 xal əlavə etməklə, xalların sayını 4-ə çatdırıb və ikinci pilləyə yüksəlib.

Turnirin qalibi 5 xalla ABŞ təmsilçisi Hans Moke Niemann olub.

Qeyd edək ki, yarışda Kuba və Azərbaycanla yanaşı, ABŞ, Argentina, Hindistan və Türkiyədən 10 şahmatçı iştirak edib.

 

Azərbaycan üzgüçüsü beynəlxalq turnirdə üçüncü yerə layiq görülüb

Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü Məryəm Şeyxəlizadəxangah Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə üçüncü yerə sahib olub.

İlkin mərhələdə 96 idmançı arasında finala vəsiqə qazanan Məryəm Şeyxəlizadəxangah 50 metr sərbəst üsulda 26,83 nəticə ilə güclülər sırasında ilk üçlükdə yer alıb.

 

Şəhriyar Məmmədyarov "Oslo Esports Cup"da Maqnus Karlsenə qalib gəlib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Oslo Esports Cup" turnirində növbəti görüşünü keçirib.

Şahmatçımız 7-ci turda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gəlib.

Qrosmeysterimiz M.Karlseni 2,5:0,5 hesabı ilə üstələyib.

Qeyd edək ki, turnirin mükafat fondu 210 min ABŞ dolları təşkil edir.

Nərgiz İSMAYILOVA,

"Respublika".