Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Simulyasiyadamı yaşayırıq?

Hər nə qədər qulağa inandırıcı gəlməsə də, bu barədə bir düşünün. Biz bizdən daha üstün varlıqlar tərəfindən idarə olunan nəhəng kompüter simulyasiyasının personajları ola bilərikmi?

Bəzi elm adamları bu fikri o qədər də ağlasığmaz hesab etmirlər. Onlar hətta bizim bu cür virtual reallıqda yaşamaq ehtimalımızın yüksək olduğunu düşünürlər.

Fizik Daniel Whiteson və robot texnologiyası üzrə mütəxəssis Jorge Cham "Biz simulyasiyada yaşayırıqmı?" adlı podkastlarını paylaşıblar. Onlar bu inanılmaz nəzəriyyəni müzakirə etməklə kainatla bağlı bəzi sadə, lakin dərin sualları asan başa düşülən dildə izah ediblər. Whiteson kompüter simulyasiyasında yaşadığımızı iddia edərək, bu ehtimalın yüksək olduğunu bildirib: "Fizik olmaq ağıllara sığmayan yeniliklərə hazır olmaq deməkdir. Bu elmlə əlaqəli ən yaxşı kəşflər kainata baxışınızı tamamilə dəyişdirə bilər".

Bu mövzuda çılğın və yeni fikirlərə açıq olanlardan biri də futurizm sahəsinin ən önəmli adlarından olan İlon Maskdır. O, 2016-cı ildə Code Konfransında verdiyi müsahibədə cəmi 40 il ərzində kompüter oyunlarının mürəkkəb, real onlayn oyunlarına çevriləcəyini və milyonlarla insan tərəfindən oynana biləcəyini söyləmişdi. İlon Mask texnologiyanın günü-gündən sürətlə irəliləməsinə əsaslanaraq reallıqdan fərqlənməyən kompüter simulyasiyaların yaradılmasının çox vaxt aparmayacağını bildirib.

"DNT-mizin 98%-ni şimpanzelərlə paylaşsaq belə, bizim insanların daha zəkalı varlıqlar olması düşüncələrimizin gerçək olma ehtimalını yarıbayarı artırır", - deyə Amerikanın Təbiət Tarixi Muzeyində keçirilən debatda muzeyin direktoru, astrofizik Neil de Qrasse Tayson bildirib.

Tayson, həmçinin kainatda bizdən daha çox ağıllı varlıqların ola biləcəyini ifadə edərək, onların sadəcə əylənmək üçün saxta bir kainat yaratmaqdan zövq alma ehtimalının da yüksək olduğunu vurğulayıb.

 

Kişi beyni sistemləşdirir, qadın beyni...

Autizmli şəxslərin daha çox kişi beyninin xüsusiyyətlərinə sahib olması ilə bağlı yeni bir nəzəriyyə irəli sürən Simon Baron Cohen bunu sübut etmək üçün qadın və kişi beyni arasındakı fərqi araşdırıb. Qadınların beynində empatiya qabiliyyətinin kişilərdən üstün olduğunu söyləyən alim kişilərin sistemləşdirmə üzrə daha çox inkişaf etdiyini bildirib.

Kembric Universitetinin professoru "The Essential Difference" adlı kitabında söylədiklərinin səhv başa düşülə biləcəyinin fərqində olduğunu bilərək, nəzəriyyəsini izah etməyə çalışıb: "Empatiya çoxlarının zənn etdiyi kimi sadəcə başqalarının hisslərini başa düşmək bacarığı deyil. Məsələn, psixopatlar bu işdə kifayət qədər bacarıqlıdırlar. Başqalarının hisslərini çox yaxşı anlayır və təhlil edirlər, lakin eyni hissləri özlərində hiss etmirlər. Onlar sadəcə öz sadist məqsədlərinə uyğun strategiyalar hazırlamaq üçün digər insanın duyğularını təhlil etmək bacarığından çox yaxşı istifadə edə bilirlər. Empatiya qura bilmək qarşıdakı insanın hisslərini çox yaxşı başa düşmək və eynilə oxşar hissləri özündə oyatmaqdır. Qadınlar bu işdə çox bacarıqlıdırlar. Onlar qarşı tərəfdəki insanı rahatlaşdıra bilirlər, həmçinin bunu özlərində də hiss edirlər. Alim dediklərinin hər qadına aid olmadığını, insandan insana dəyişə biləcəyini də vurğulayıb. O, empatiyanın riyaziyyat və musiqi kimi bir bacarıq olduğunu qeyd edib.

Bilavasitə, professor kişilərin sistemləşdirmə bacarığının qadınlardan daha üstün olduğunu bildirib. "Sistemləşdirmə bütün məlumatları qiymətləndirmək, onları ən praktik şəkildə emal etmək və nəticəyə çatmaq bacarığıdır", -deyə vurğulayıb. Professor kişilərin idarəetmə kimi işlərdə olduqca bacarıqlı olduğunu söyləyib.

Həmçinin İngiltərədə aparılan genişmiqyaslı araşdırmanın nəticələri də idrak fəaliyyətlərinin cinsə görə fərqlənə biləcəyini göstərir.

 

Bu dəfə inəklər maska taxacaq...

Yaxın günlərdə təsadüfən çəmənlikdə maska taxan mal-qara görsəniz təəccüblənməyin. Düzdür, belə bir mənzərə qarşısında ağıla ancaq bir şey gəlir, koronavirus bəlası. Lakin son araşdırmalar iribuynuzlu heyvanların virus daşımadığını göstərir. Yəqin düşünəcəksiz ki, bəs bu heyvanlar hansı səbəblə maska taxa bilər?

Səbəbi çox maraqlı və olduqca məntiqli görünür. Belə ki, britaniyalı bir sahibkar qlobal istiləşmənin əsas səbəbi olan metan qazını iribuynuzlu heyvanların vücudundan özünə çəkən maska icad edib. Əslində, istixana qazları emissiyasına ən çox məruz qalan bu heyvanlara metan ağız və burun vasitəsilə keçir. Londonda yaşayan Zelp adlı sahibkar hazırladığı maskanın bu problemin öhdəsindən gələ biləcəyini düşünür. Onun fikrincə, bu yenilik insanların sağlamlığı baxımından olduqca əlverişli bir fürsət olacaq.

Heyvanları narahat etməyən bu cihazın istifadəsi asan bir aksessuar kimidir. Heyvanın baş hissəsinin ətrafından asılaraq istifadə edilən cihaza oksidləşmiş metanı udmaq üçün katalizator yerləşdirilmişdir. Maskanın üzərindəki sensor isə müəyyən bir həddə çatdıqdan sonra işə düşərək metan kondensasiyasını aşkar edir. Üstəlik mobil proqrama qoşulan maska heyvanın temperaturunu ölçməklə yuxarı tənəffüs yolları xəstəliklərini də aşkar edə bilir. Həmçinin GPS izləyicisinə malik olan cihazın quraşdırılması da olduqca asandır.

Maska metan emissiyasını 32% azaltsa da, sahibkar gələn ilə qədər onu 60%-ə çatdırmağı hədəfləyir. O, həmçinin ət emalı ilə məşğul olan şirkətlərin bu cür məhsulları xüsusi etiketlərlə sertifikatlaşdıracaqlarına ümid edir. Sahibkar artıq Avropanın ən böyük mal əti tədarükçüsü olan ABP Foods Group ilə danışıqlara başlayıb.

 

Bu heyvanlar şəkildə gördüklərini tanıya bilir

Yeni bir araşdırma ilə siçanların ikiölçülü (2D) fotoşəkillərdə gördükləri obyektləri real həyatda da tanıya bildiyi ortaya çıxıb.

2D fotoşəkillərə baxaraq obyektlərin fiziki tərəflərini tanımaq bacarığı primatlarda və bəzi quş növlərində görülmüşdü. Lakin indiyə qədər gəmiricilərdə belə bir qabiliyyətin olması müşahidə edilməmişdi. ABŞ-ın Florida Atlantik Universitetinin tədqiqatçıları təcrübə zamanı qəribə bir mənzərənin şahidi olublar. Təcrübə əsnasında siçanların şəkildə gördükləri obyektlə özləri arasındakı fərqi qavraya bildikləri təsdiqlənib.

Sınaq zamanı əvvəlcə siçanların olduğu məkanlara hər hansı bir obyektin fotoşəkilləri qoyulub və heyvanların onları görməsi üçün şərait yaradılıb. Ertəsi gün isə həmin məkanlara heyvanların fotoda gördükləri obyektin canlı versiyası yerləşdirilib. Lakin bu obyektlərin arasında fotoşəkli göstərilməyən başqa bir obyektlər də olub.

"Scientific Reports" elmi jurnalında dərc olunan eksperimental nəticələrə görə, siçanlar fotoşəkillərini görmədikləri yeni obyektləri kəşf etmək üçün daha çox maraq göstəriblər. Bu da, fotoşəkillərdəki obyektlərin heyvanlara "tanış" gəlməsi deməkdir.

Araşdırmalar nəticəsində siçanların da primatlar və quşlar kimi göz yaddaşına sahib olduğu məlum olub. Tapıntılar həmçinin beynin yaddaş mərkəzi kimi tanınan hipokampus bölgəsinin insanlarda olduğu kimi, siçanlarda da idrak prosesinə əhəmiyyətli dərəcədə töhfə verdiyini göstərir.

"Hipokampusun primatların yaddaşında mühüm rola malik olduğu güman edilir ki, bu da onlarda əvvəllər kodlaşdırılmış, yəni yaşanmış bir "hekayənin" görüntüsünün təkrar nümayiş etdirilməsinə imkan verir. Hələ ki öz təsdiqini tapmasa da, çox ehtimal siçanlarda da hipokampus buna bənzər fəaliyyət göstərir", - deyə tədqiqatın aparıcı müəllifi Sarah J.Cohen bildirib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".