DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKIYƏ PREZIDENTI: 1 MILYON SURİYALI QAÇQIN VƏTƏNINƏ GERI QAYIDACAQ

Türkiyə bir milyon Suriya qaçqınının ölkənin təhlükəsiz bölgələrinə qayıtmasını təmin edəcək layihə hazırlayır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

“Biz bir milyon suriyalının geri qayıtmasını təmin edəcək layihəyə hazırlaşırıq. Layihə Suriyanın 13 bölgəsində, o cümlədən, Azaz, Təl-Əbyad, Cərablus bölgələrində icra olunacaq”, - deyə Türkiyə lideri vurğulayıb. Onun sözlərinə görə, 2016-cı ildən Türkiyə sərhəd bölgəsində əməliyyatılara başladığı vaxtdan indiyədək 500 minə yaxın suriyalı rəsmi Ankaranın yaratdığı təhlükəsiz zonalara qayıdıb.

Bir müddət öncə Türkiyə prezidenti qeyd etmişdi ki, Türkiyə Suriyanın şimalında qaçqınların yerləşdirilməsi üçün 100 min quraşdırılma ev tikmək niyyətindədir.

Xatırladaq ki, Suriyanın şimal-qərbində 2017-ci ildə deeskalasiya zonası yaradılıb. 2020-ci il martın 6-dan Rusiya ilə Türkiyə arasında əldə olunan razılaşmalardan sonra bölgədə atəşkəs rejimi tətbiq olunsa da, terrorçular bu rejimi mütəmadi olaraq pozurlar.

 

ŞOYQU: UKRAYNAYA SİLAH DAŞIYAN NATO NƏQLİYYAT VASİTƏLƏRİ MƏHV EDİLƏCƏK

Ukrayna qoşunları üçün silah-sursat gətirən NATO nəqliyyat vasitələri məhv ediləcək. “APA”nın verdiyi xəbərə görə, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.

“ABŞ və onun NATO müttəfiqləri Ukraynanı silahla təchiz etməkdə davam edir. Qeyd edirəm ki, Şimali Atlantika Alyansının Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ölkə ərazisinə silah və ya materialla gələn istənilən nəqliyyat vasitəsi bizim tərəfimizdən məhv etmək üçün qanuni hədəf hesab olunur”, - deyə müdafiə naziri vurğulayıb.

Sergey Şoyqunun sözlərinə görə, xüsusi əməliyyat zamanı Rusiya hərbçiləri cəsarət və şücaət göstərir, öz hərbi borcunu şərəflə yerinə yetirirlər, Donbas əhalisinin təhlükəsizliyini təmin edirlər.

“Rusiya Silahlı Qüvvələri Ali Baş Komandanın qarşıya qoyduğu bütün tapşırıqları yerinə yetirməyə davam edəcək”, - deyə müdafiə naziri əlavə edib.

 

MKİ RƏHBƏRİNIN SƏUDİYYƏ ƏRƏBİSTANINA GİZLİ SƏFƏRİ

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Səudiyyə Ərəbistanına gizli səfər edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Bildirilir ki, Uilyam Börns münasibətlərdəki soyuqluğu aradan qaldırmaq üçün vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşüb.

Eyni zamanda, MKİ rəhbərinin səfəri Vaşinqtonun Yaxın Şərqdə təhlükəsizlik sahəsində əsas tərəfdaş hesab etdiyi Ər-Riyadla əlaqələri bərpa etmək cəhdləri fonunda baş tutub.

Nəşr həmçinin vurğulayıb ki, şahzadə Uilyam Börnslə görüşmək üçün Ciddə şəhərinə səfər edib.

Görüşün təfərrüatları məlum olmasa da, mənbələrin məlumatına əsasən, müzakirə olunan mövzular arasında neft hasilatı, Rusiya-Ukrayna münaqişəsi, İranın nüvə proqramı və Yəməndəki silahlı münaqişə başlıca yer tutur.

 

YAPONİYADA UŞAQLARIN SAYI REKORD HƏDDƏ AZALIR

Yaponiyada uşaqların sayı statistikanın başladığı 1950-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. “Trend” agentliyinin məlumatına görə, bu barədə Yaponiya İnzibati İşlər və Kommunikasiya Nazirliyinin ölkədə qeyd olunan 5 May - Uşaqların Müdafiəsi Günü ilə bağlı yaydığı hesabatda bildirilir.

Verilən xəbərə əsasən, aprelin 1-nə ölkədə 14 yaşa qədər 14,65 milyon qız və oğlan olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 250 min uşaq azdır.

Ölkənin 14 yaşa qədər sakinləri hazırda əhalinin cəmi 11,7 faizini təşkil edir. Yaponiya bu göstəriciyə görə əhalisi 40 milyon nəfərdən çox olan 35 ölkə arasında ən aşağı yeri tutur.

Eyni zamanda, qeyd olunur ki, 1982-ci ildən bəri ölkədə uşaqların sayı durmadan azalır. Son illərdə pandemiya səbəbindən doğum nisbəti daha da aşağı düşüb.

2020-ci ilin oktyabrından 2021-ci ilin oktyabrınadək Yaponiya əhalisi, o cümlədən ölkədə daimi yaşayan əcnəbilər də daxil olmaqla, 644 min nəfər azalaraq 125,5 milyon nəfərə düşüb.

 

COZEF BAYDEN: ABŞ ÇİNLƏ RƏQABƏTDƏ ÜSTÜNLÜYƏ NAİL OLMALIDIR

Vaşinqtonun digər ölkələrlə, xüsusən də Çinlə rəqabətdə mövqeyini gücləndirmək üçün texnoloji üstünlük əldə etməsi lazımdır. “Trend”in məlumatına görə, bu barədə ABŞ prezidenti Cozef Bayden “Lockheed Martin” şirkətinin Alabama ştatındakı zavodunun işçiləri ilə görüş zamanı bildirib.

“35 il əvvəl ABŞ ÜDM-nin 2 faizini tədqiqat və inkişafa sərmayə qoyurdu. İndi biz bunun yalnız yarısını yatırırıq. Administrasiyam bu vəziyyəti düzəltməkdə qərarlıdır. ABŞ Konqresini ölkədə yarımkeçirici istehsalının inkişafı üçün büdcədən 52 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutan qanun layihəsini tezliklə qəbul etməyə çağırıram”, - deyə Cozef Bayden vurğulayıb.

 

BİLL QEYTSDƏN “COVID-19”UN TƏHLÜKƏLİ ŞTAMMI BARƏDƏ XƏBƏRDARLIQ

Dünyada hələ də koronavirusun ən təhükəli ştammının olma ehtimalı mövcuddur. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Microsoft”un yaradıcısı Bill Qeyts “Financial Times” qəzetinə müsahibəsində bildirib.

“Daha da yoluxucu və ölümcül bir variantla qarşılaşma riskimiz hələ də var. Mən bədbin proqnoz vermək istəmirəm, lakin pandemiya zamanı onun ən pis təzahürünü hələ görməmişik”, - deyə B.Qeyts əlavə edib.

Eyni zamanda, milyarderin fikrincə, əsas vəzifəsi qlobal sağlamlığa təhlükələri tez bir zamanda müəyyən etmək olan beynəlxalq qrup yaratmaqdır.

Bill Qeyts ölkə liderlərini sağlamlıq böhranına diqqətlə yanaşmağa və gələcək pandemiyanın qarşısını almaq üçün investisiyaları artırmağa çağırıb.

 

DÜNYADA ƏRZAQ QITLIĞI ILƏ BAĞLI BÖHRAN ARTMAQDA DAVAM EDİR

Dünyada şiddətli qida çatışmazlığı ilə üzləşən insanların sayı bir il ərzində təxminən 40 milyon nəfər artıb. “APA”nın xəbərinə görə, bu barədə BMT, Avropa İttifaqı, ərzaq böhranlarının aradan qaldırılmasında iştirak edən hökumət və qeyri-hökumət təşkilatlarının beynəlxalq alyansı olan Qlobal Qida Böhranı Şəbəkəsinin hesabatında qeyd olunur.

Açıqlamaya əsasən, 2021-ci ildə münaqişə, iqtisadi şoklar və ekstremal hava hadisələrinin “üçlü kombinasiyası” 53 ölkədə ən azı 193 milyon insanı aclıq təhlükəsi ilə üz-üzə qoyub.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) xəbər verir ki, bu rəqəmlər həm də narahatedici tendensiyanın kəskin xəbərdarlığıdır: ciddi ərzaq təhlükəsizliyi son bir neçə ildə durmadan artır.

Hesabatda ərzaq böhranından ən çox təsirlənən ölkələrin Əfqanıstan, Efiopiya və Yəmən olduğu göstərilir. FAO daha əvvəl izah etmişdi ki, kəskin qida çatışmazlığı insanın kifayət qədər qida qəbul edə bilməməsi səbəbindən həyatı və ya dolanışığı təhlükə altında olduqda baş verir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.