İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

İdmançılarımızın Savate üzrə yarışda uğurları

Bolqarıstanın Plovdiv şəhərində savate idman növü üzrə "Savate world open & world combat cup" yarışı keçirilib.

16 ölkənin 600-ə yaxın idmançısının iştirak etdiyi yarışda savate üzrə milli komandamız ölkəmizi altı idmançı ilə təmsil edib. Yarışda Tutu İsmayılova savate pro döyüşünün qalibi olub. O, təcrübəli İran idmançısı, Asiya oyunlarının gümüş mükafatçısı Şima Seyranpuru məğlub edərək yarışın kubokunu qazanıb.

Çəkilər üzrə birinci yeri Ağadədə Əliyev (75 kq), üçüncü yeri Vüqar Abbasov (70 kq), gənclərin yaş qrupunda birinci yeri Seymur Yusifov (70 kq), üçüncü yeri Riad Əliyev və Aysu Devrişova tutublar.

 

Şahmatçımız dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan şahmatçısı Mehriban Əhmədli Yunanıstanda keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Şahmatçımız rapid üzrə keçirilən yarışda 8 yaşadək qızlar arasında doqquz turdan 6 xal toplayaraq gümüş medala sahib olub. Digər idmançımız Atilla Orman isə 8 yaşadək şahmatçılar arasında açıq turnirdə 6 xalla səkkizinci olub.

 

Cüdoçularımız Vətənə qayıdıblar

Sofiyada keçirilmiş Avropa çempionatında uğurla çıxış edən Azərbaycan cüdoçuları Vətənə qayıdıblar.

Avropa çempionatında uğurla çıxış edən cüdoçularımız qitə çempionatını 3 medalla başa vurublar. Belə ki, Hidayət Heydərov (73 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) isə bürünc medala sahib olublar.

 

Azərbaycan karateçiləri Gənclər liqasını 4 medalla başa vurublar

Aşağı yaşlı karateçilərimiz Kiprin Limassol şəhərində keçirilən Karate 1 Gənclər Liqasını iki qızıl, iki gümüş olmaqla, 4 medalla başa vurublar.

Qızıl medalları komandamızın aktivinə Salman Salmanov və Vüsal Qənbərov (hər ikisi U-14) yazdırıblar. Rəşid Süleymanov (70 kq) və Rahib Əzim (+70 kq) isə 14-15 yaşlı yeniyetmələrin yarışında ikinci yerə sahib olublar.

Turnirdə 51 ölkədən 1612 karateçi iştirak edib.

Nərgiz İSMAYILOVA,

"Respublika".