DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VOLODIMIR ZELENSKİ ALMANİYA PREZİDENTİNİ KİYEVƏ DƏVƏT EDİB

Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında mayın 5-də telefon danışığı baş tutub. “APA”nın xəbərinə görə, məlumatı Ukrayna Prezidenti Administrasiyası yayıb.

Bildirilir ki, söhbət zamanı Zelenski Almaniya prezidenti Frank-Valter Ştaynmayer və kansler Olaf Şoltsu Ukraynaya səfərə dəvət edib.

“Bild” nəşrinin jurnalisti Paul Ronzhaymer telefon danışığı ilə bağlı bildirib ki, tərəflər keçmişdəki problemləri geridə qoyaraq gələcək əməkdaşlıq barədə razılığa gəliblər.

Qeyd edək ki, bir müddət öncə Volodimir Zelenski Frank-Valter Ştaynmayeri qəbul etməkdən imtina etmişdi. Zelenski bu addımını Ştaynmayerin Rusiyanın hakim dairələri ilə sıx əlaqədə olması ilə əsaslandırmışdı.

 

AVROPA PARLAMENTİ MOLDOVANIN ÜZVLÜK ƏRİZƏSİNİ TƏSDİQLƏYİB

Avropa Parlamenti Moldovanın Avropa İttifaqına üzvlük ərizəsini təsdiqləyən qətnamə qəbul edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə məlumat Avropa Parlamentinin saytında dərc olunub.

Açıqlamaya əsasən, sənəddə Moldovanın təşəbbüsü dəstəklənib. Eyni zamanda Moldovanın Rusiyanın Ukraynaya hücumundan zərər çəkdiyi və 450 mindən çox ukraynalı qaçqını qəbul etdiyi vurğulanıb.

Qətnamədə həmçinin Avropa İttifaqının Moldovaya makromaliyyə yardımı göstərməli olduğu diqqətə çatdırılıb. Sənəddə göstərilib ki, Aİ Moldovaya namizədlik statusu verməli və Avropa Komissiyası da ən qısa vaxtda müraciətin qiymətləndirilməsinə başlamalıdır.

Xatırladaq ki, Moldova Ukrayna tərəfinin oxşar addımından sonra 2022-ci il martın 3-də Aİ-yə üzvlük üçün müraciət etmişdi.

 

LUKAŞENKO: ƏMƏLİYYATIN BU QƏDƏR UZANACAĞINI DÜŞÜNMÜRDÜM

“Rusiya prezidenti Vladimir Putin NATO ilə birbaşa münaqişəyə can atmır və Qərbi bunun baş verməməsi üçün hər şeyi etməyə çağırıb”. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

“Çox güman ki, Putin NATO ilə qlobal qarşıdurmanın olmasını istəmir. Bundan istifadə edin və bunun baş verməməsi üçün hər şeyi edin. Əks təqdirdə, Putin bunu istəməsə belə, hərbçilər reaksiya verəcəklər”, - deyə Lukaşenko “Assoşieyted Press” xəbər agentliyinə müsahibəsində bildirib.

Eyni zamanda, Belarus prezidenti qeyd edib ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatının bu qədər uzanacağını düşünməyib.

“Mən hərbi əməliyyatların Rusiyanın planına nə dərəcədə uyğun getdiyini söyləyəcək qədər yaxından tanış deyiləm. Lakin yenə də hiss etdiyimi deyirəm: bu əməliyyat uzandı”, - deyə Lukaşenko vurğulayıb.

 

BMT: ŞİMALİ KOREYANIN YENİ RAKET SINAQLARI GƏRGİNLİYİ ARTIRIR

Koreya Xalq Demokratik Respublikasının (KXDR) həyata keçirdiyi yeni raket sınaqları beynəlxalq gərginliyin artmasına səbəb olur. “Report”un xəbərinə görə, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bəyan edib.

“Əvvəlki sınaqlar və ballistik raket texnologiyasından istifadə edilən digər fəaliyyətlər yalnız regional və beynəlxalq gərginliyin artmasına xidmət edir. Baş katib KXDR-i beynəlxalq öhdəliklərə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam əməl etməyə çağırır”, - deyə BMT rəsmisi qeyd edib.

Bununla yanaşı, Cənubi Koreya hakimiyyətinin məlumatına görə, KXDR mayın 4-də səhər saatlarında Yapon dənizinə doğru ballistik raket atıb. Ümumilikdə ilin əvvəlindən KXDR 10-dan çox raket sınağı keçirib.

 

ABŞ GENERALI: DÜNYA QEYRİ-SABİTLİK ERASINA QƏDƏM QOYUR

Dünya daha geniş qeyri-sabitlik erasına qədəm qoyur və bu dövrdə böyük dövlətlər arasında toqquşma ehtimalı artır. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli Senatda büdcədən vəsait ayırma dinləmələri zamanı bəyan edib.

Generalın sözlərinə əsasən, bu gün ABŞ iki böyük güclə üzləşməlidir: Rusiya və Çin - onların hər biri “qaydalara əsaslanan dünya nizamını əsaslı şəkildə dəyişdirmək” məqsədi güdür.

Eyni zamanda, ABŞ generalı Ukraynadakı hadisələrə toxunaraq, bunu bütün dünya üçün ən böyük təhlükəsizliklə bağlı təhdid adlandırıb.

 

NAZARBAYEVİN STATUSU KONSTİTUSİYADAN ÇIXARILIR

Qazaxıstan Konstitusiya Şurasına birinci prezidentin statusu ilə əlaqədar normanın Konstitusiyadan çıxarılması ilə bağlı müraciət göndərilib. “Teleqraf.com”un məlumatına görə, bu barədə prezidentin müşaviri Yerlan Karin açıqlama verib.

Müşavirin sözlərinə görə, Nursultan Nazarbayevin tarixi rolu hamıya məlumdur və ölkənin əsas qanununda ayrıca təsbit edilməsini tələb etmir.

“Bu gün Konstitusiya Şurası ölkə Konstitusiyasına əlavə və dəyişikliklər layihəsinə müsbət rəy verib. Həmçinin, işçi qrupunun bəzi üzvlərinin təklifi nəzərə alınaraq, birinci prezidentin statusu ilə bağlı normanın çıxarılması ilə bağlı Konstitusiya Şurasına əlavə müraciət göndərilib”, - deyə Yerlan Karin bildirib.

Bununla yanaşı, Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı işçi qrupunun üzvü Marat Başimov qeyd edib ki, 91-ci maddədə ilk prezidentin müstəqil Qazaxıstanın qurucusu statusunun dəyişməzliyi ilə bağlı normanın saxlanması cəmiyyətdə çox ciddi mübahisəyə səbəb olub.

 

BEYNƏLXALQ KONFRANSDA UKRAYNA ÜÇÜN 6,5 MİLYARD DOLLAR vƏsait TOPLANIB

Varşavada Ukraynaya dəstək məqsədilə keçirilən Beynəlxalq Donor Konfransının iştirakçıları 6,5 milyard dollar vəsait toplaya biliblər. “Report” agentliyinin məlumatına görə, bu barədə Polşanın baş naziri Mateuş Moravetski bildirib.

Baş nazirin sözlərinə görə, Polşa özü əlavə olaraq Ukraynaya 100 milyon avroluq humanitar yardım göndərəcək.

Eyni zamanda, baş nazir Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin zəruriliyindən, xüsusən də qaz və neftə tam embarqonun tətbiqindən söz açıb.

Ukrayna Prezidenti Volodimir Zelenski də Beynəlxalq Donor Konfransında çıxış edib. O bildirib ki, Ukraynanın beynəlxalq dəstək üçün strateji plana ehtiyacı var və bu plan tarixi “Marşal Planı”nın müasir analoquna çevriləcək.

 

İndoneziyada palma yağının ixracına qadağa qoyulub

İndoneziya palma yağının ixracını dayandırıb. “APA”nın xəbərinə görə, hökumətin qərarında göstərilir ki, palmadan alınan bütün növ məhsulların ixracına embarqo tətbiq edilib.

Qərar daxili bazarda yağın kəskin bahalaşması ilə izah edilir. Son həftələrdə xarici bazarda qiymət artdığı üçün istehsalçılar məhsulu xaricə satmaqda maraqlıdır. Ukrayna münaqişəsi fonunda bütün yağlar kimi bu məhsul da bahalaşır.

Məlumata görə, palma yağı İndoneziyada həssas məsələdir. Onun bahalaşması sosial narazılıq yaradır. Ticarət Nazirliyi bildirib ki, daxili bazarda qızartma yağının bir litri 14000 rupiyə (təxminən 2 AZN) endikdə ixraca yenidən icazə veriləcək.

Qeyd edək ki, dünyada istifadə edilən palma yağının 60 faizi məhz İndoneziyada hasil olur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.