Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Qalata qülləsi

Türk memarlığı çox qədim və unikal abidələrlə zəngindir. Tamamilə fərqli üslubda olan layihələr bəzən təzadlı, hətta ziddiyyətli xüsusiyyətlərlə xarakterizə olunur. Müxtəlif həndəsi fiqur, nəqqaşlıq və nəbati motivləri ilə seçilən abidələr göz oxşayır. Türkiyənin İstanbul şəhərində müxtəlif dövrlərə aid olan tikililərdən biri də Qalata qülləsidir.

Şəhərin vizit kartı hesab olunan əfsanəvi Qalata qülləsi İstanbulun demək olar ki, hər tərəfindən görünür. Dünyanın ən qədim tarixi abidələrindən hesab edilən Qalata qülləsi 528-ci ildə Bizans imperatoru Anastasius tərəfindən gəmilər üçün fənər qülləsi kimi inşa edilmişdir. 1204-cü ildə IV xaç yürüşü zamanı ciddi dağıntılara məruz qalan qüllə 1348-ci ildə İsa qülləsi adı ilə köhnə qüllənin yerində yenidən inşa olunmuşdur. İstanbulun Osmanlılar tərəfindən işğalından sonra - 1453-cü il mayın 29-da Qalata qülləsinin açarını Cenevizlilər Fatih Sultan Mehmetə təqdim edir. Həmin il iyunun 1-də isə qüllə tamamilə Osmanlı imperatorluğuna təslim edilir.

Qalata qülləsi 1509-cu ildə İstanbulda baş verən zəlzələ zamanı ciddi zərər görmüş, lakin tanınmış memar Hayreddin tərəfindən yenidən qurulmuşdur. Hündürlüyü 61, diametri 9 metr olan abidənin dəniz səviyyəsindən nisbətən hündürlüyü isə 140 metrdir. Aparılan hesablamalara görə, bu tarixi tikilinin çəkisi 10 min tondur.

Bu abidə ilə bağlı bir çox əfsanə və rəvayətlər dolaşır. Övliya Çələbi adlı səyyah öz yazılarında Qalata qülləsinin məşhur hekayəsindən bəhs edərək yazır ki, XVII əsrdə Osmanlı imperatorluğu dövründə ixtiraçı alim Hezarfen Ahmet Çələbi taxtadan düzəltdiyi qartal qanadları ilə Qalata qülləsindən İstanbulun Üsküdar istiqamətində uçubmuş. Bu qalanı həm də «aşiqləri qovuşduran» qüllə də adlandırırlar. Rəvayətə görə, qülləyə bərabər çıxan iki sevgili qarşılarına çıxacaq bütün çətinliklərə baxmayaraq evlənir. Lakin əfsanəyə görə, sevgililərdən biri qülləyə daha əvvəl çıxarsa, onda bu tilsim qüvvəsini itirir və bu izdivac baş tutmur.

Muzey və sərgi sahəsi kimi istifadə olunan əfsanəvi Qalata qülləsi 2003-cü ildə  UNESCO-nun «Ümumdünya İrs» siyahısına daxil edilmişdir.

 

«Çəkmə Ev»

Memar və inşaatçıların təxəyyülünün zənginliyi bitib tükənmək bilmir. Fərqli düşüncə sahibləri ənənəvi evlərdə və mənzillərdə yaşamaq istəmədiyindən özləri üçün heyrətamiz tikililər ucaldırlar. Belə qeyri-adi yaşayış yerlərindən biri də Pensilvaniyada yerləşən «Çəkmə Ev»dir. 1947-ci ildə ayaqqabı biznesi ilə məşğul olan, təqaüdçü polkovnik Mahlon Heinz insanları təəccübləndirmək məqsədilə qeyri-adi bir ev tikmək qərarına gəlir. Çox keçmir ki, 73 yaşında ekssentrik iş adamı xəyallarını gerçəkləşdirmək üçün memarlığın «şedevri» olan «Çəkmə Ev»in tikintisinə başlayır.

Bir gün Heinz köhnə çəkməsini  götürüb  memarın yanına gedir və ondan bu ayaqqabının formasında ev tikməsini xahiş edir. Hər kəsi heyrətə gətirən «Çəkmə Ev»in hekayəsi də elə bu cür başlayır. Bəs nə üçün məhz çəkmə? Cavab olduqca sadədir. Heinz  məhz  ayaqqabı biznesi sayəsində uğur qazandığı üçün bu qərara gəlmişdi. 

Yarım əsrdən çox yaşı olan bu tikili ayaqqabıya bənzədiyindən hər kəsin diqqətini cəlb edir. Maraqlısı odur ki, təkcə ev deyil, pəncərə və qapıdakı barmaqlıqlarla yanaşı, əhatəsində olan quş, it yuvası, yol nişanları, poçt qutusu da məhz çəkmə formasında konstruksiya edilmişdir. Bu evin uzunluğu təxminən 12, hündürlüyü isə 8 metrdir. Beşmərtəbədən ibarət evin yuxarı mərtəbəsinə qalxmaq üçün tikilinin ön tərəfində pilləkən quraşdırılmış, içərisi isə kifayət qədər rahat və genişdir.

Qəribə quruluşu ilə hər kəsin marağına səbəb olan tikili bu gün də, öz aktuallığını itirmir, dünyanın hər yerindən turistlər «Çəkmə Ev»i görməyə gəlir.  

 

Stounhenç abidəsi

İngiltərənin cənubundakı Solsberi düzənliyinin mərkəzində yerləşən Stounhenç (ingiliscədən tərcümədə  "asma daşlar") dünyanın ən məşhur ibadət yerlərindən biridir. Araşdırmalara görə bu tikilinin tarixi  neolit ​​dövrünə aid edilir. Lakin nədənsə, dünyanın möcüzələrindən biri hesab edilən abidə haqqında ilk məlumat yalnız eramızın XI əsrinə təsadüf edir. Dünyada Solsberi düzənliyindəki daş dairə qədər sirlərini uzun illər qoruyub saxlayan ikinci tikili demək olar ki, yoxdur. Bu günə qədər ümumi qəbul edilmiş versiya Stounhençin qədim rəsədxana olmasıdır. Yalnız əminliklə deyə bilərik ki, bu abidə mezolit dövründə dəfn yeri olub. Stounhenç  bir çox tarixi tapıntılar olan ərazidə yerləşir. Əsrarəngiz və sehrli yer hesab olunan unikal daşlardan ibarət məbəddə  müxtəlif müasir sektalar, o cümlədən din xadimləri toplaşırdı.

Alimlərin fikrincə, təxminən 2500 il bundan əvvəl tikilmiş abidə günəş şüasının düşmə dərəcəsini ölçür. Bəzi mənbələrdə Stounhençin 1500 il ərzində inşa edilməsi ehtimal olunur. Onun inşasında fövqəltəbii və anaxronik metodlardan istifadə edilmişdir ki, əks təqdirdə, bu daşları adi halda hərəkət etdirmək qeyri- mümkün olardı. Buna baxmayaraq, daşların daşınması və yerləşdirilməsi üçün hansı texnologiyadan istifadə olunması hələ də bəlli deyil.

Hündürlüyü 4,25 metr, çəkisi 25 ton olan qum daşlarından ibarət abidənin  diametri 30 metrdir. Şaquli blokların üzərindəki tavan rolunu oynayan əhəng daşının isə hər birinin çəkisi 7 tondur. Onlar sünbüllər və yivlər sistemindən istifadə edərək dayaqların yuxarı hissəsinə bərkidilmişdir. Dairənin mərkəzində at nalı şəklində düzülmüş beş triliton yerləşir.

Hələ də arxeoloqlar üçün sirr olaraq qalan bu məbəd  1986-cı ildə UNESCO-nun «Ümumdünya İrs» siyahısına daxil edilmişdir.

Hazırladı:

Arzu ASİFQIZI,

«Respublika».