Dahiləri bir də belə tanıyaq
Maraqlı

Dahiləri bir də belə tanıyaq

İvan Andreyeviç Krılov

Deyirlər, dərrakə ilə divanəlik arasındakı sərhədi təyin etmək mümkün deyil. Xüsusən də yaradıcı insanlar bu çərçivədən tamamilə uzaq olurlar. Onların divanəliyi də özlərinə, əsərlərinə bənzəyir. Belə dahilərdən biri də, məşhur rus yazıçısı və təmsilçisi İvan Krılovdur.

Bu məşhur yazıçı psixoloji xəstəlik piromaniyadan (yanğın çıxartma və onu izləməkdən zövq almaq) əziyyət çəkib. Günün istənilən saatında, hava şəraitindən asılı olmayaraq, şəhərin hansı istiqamətində baş verməsinə baxmayaraq, yazıçı gecə yarısı da olsa, yanğın hadisəsini seyr etməkdən zövq alırmış. Krılovu öz yerində tapmayanlar deyirlərmiş ki, harada yanğın varsa, yazıçı orada olacaq. Hətta yaşadığı evin sahibi Krılovun bu şakərini biləndə təhlükəsizliyini təmin etmək üçün ona hər ay 60 min rubl əlavə pul ödəməsini də söyləyib. Krılov isə bu məbləğin az olduğunu bildirərək, ev sahibinə 6 milyon rubl təklif edib. Yazıçı ev sahibinə onu da bildirib ki, əgər evi yandırarsa, onsuz da nə 60 min, nə də ki, 6 milyon rubl ödəmək imkanında deyil. Məşhur təmsilçinin bu qeyri-adiliyindən belə qənaətə gəlmək olur ki, yəqin yanğınla təmsilin birbaşa əlaqəsi var imiş...

Krılovla bağlı ən maraqlı faktlardan biri də onun şəxsi gigiyenası ilə bağlıdır. Daranmağı, yuyunmağı, paltar dəyişdirməyi heç sevməzdi dahi yazıçı. Bütün bunlar azmış kimi hətta çılpaq gəzməyi də özünə adət eləmişdi. Bir dəfə dostundan maskarad üçün nə geyinəcəyi ilə bağlı məsləhət istəyib. Dostu isə ona: "saçını darayıb, üzünü qırxıb, yuyunarsan səni onsuz da heç kim tanımayacaq" - deyir.

Ömrünü qumar oynamaqla keçirən bu yazıçı nə özünü önəmsəyərdi, nə də ətrafdakıların hisslərini anlayırdı. Bir sözlə zahiri görünüşü kimi daxilən də çox kobud biri idi. Uşağını dünyaya gətirən qadının öldüyü gün kart oynamağa, anasının vəfat etdiyi gün teatra, yeganə qızı ölüm ayağında olanda maskarad balına gedən birindən başqa nə gözləmək olardı ki...

Yeməyi həyatının ən həzzverici anı hesab edən Krılov əsl qarınqulu idi və demək olar ki, "daşdan yumşaq" əlinə nə keçsə yeyirdi.

Ömrünün sonuna qədər orfoqrafik səhvlərlə yazsa belə, bu məşhur şəxsiyyət fransız, italyan dilini bilməklə yanaşı, həm də skripkada gözəl ifa edə bilirdi. Təhsilindəki boşluqlara və orfoqrafiya çətinliklərinə baxmayaraq, o, həm də əla ədəbiyyat müəllimi idi.

Krılov heç vaxt evlənməmişdi, lakin evindəki xidmətçisi ilə yaşadığı gizli münasibətdən Saşa adlı qeyri-qanuni qızı olduğu barədə şayiələr gəzir. Yazıçının bu xanımla evlənməməsinin səbəbi isə onu özünə yaraşdırmaması idi. Uşağın anası öləndən sonra İvan Andreyeviç Saşanı öz tərbiyəsi altına alır və öz övladı kimi böyüdür.

75 yaşında dünyadan köçən Krılovun ölüm səbəbi dəqiq bilinmir. Bəzi mənbələrdə onun sətəlcəmdən, bəzilərində isə aşırı yeməkdən öldüyü qeyd olunur.

 

 

Demokrit

Atomçuluğun əsasını qoyanlardan biri, qədim yunan filosofu Demokrit həm fəlsəfi dünyagörüşü ilə bütün təbiət elmlərinin, həm də xüsusilə fizikanın inkişafına böyük təsir göstərən dahilərdəndir. Tarixdə sözün yaxşı mənasında böyük bir iz buraxan bu dahi də özünəməxsusluğu və qəribə xüsusiyyətləri ilə seçilənlər sırasındadır.

Deyilənlərə görə, filosof təzə bişmiş çörəyin ətrini çox sevərmiş. Hətta ölümündən üç gün əvvəl də bu ətirdən həzz almaq üçün hər gün otağa isti çörək və bulka gətirməyi istəyibmiş. Üstəlik bu qoxu həm də onun ilham mənbəyi idi. Filosofun atomu kəşf etməsi də elə bu qoxuya olan heyranlığı ilə bağlıdır. Bir gün Demokrit evində oturarkən burnuna yenicə sobadan çıxmış çörəyin ətri gəlir. Xidmətçisinin əlində isti bir çörəklə yuxarı mərtəbəyə qalxdığını görən filosof qoxunun burnunun dəliklərinə gələ bilməsi üçün havada üzən çoxlu çörək hissəciklərin olması gərəkdiyi nəticəsinə gəlir. Belə bir anda o, çörəyi hissələrə böldüyünü təsəvvür edir. Bıçaqla onu o qədər xırda hissələrə parçalayır ki, axırıncı hissəcik bölünməyəcək qədər kiçik olduğundan onu bölə bilmir. Elə bu hissəciyə də yunan dilində "bölünməz" mənasını verən atom adını verir.

Dahinin qəribə xüsusiyyətlərindən biri də səbəbsiz yerə gülməsi idi. Tez-tez şəhərin səs-küyündən qaçaraq qəbiristanlıqda gəzməyi vərdiş edən filosof orada səbəbsiz yerə gülürmüş. Bu hal söhbət zamanı da heç bir səbəb olmadan təkrarlanırmış. Belə xüsusiyyətinə görə çoxları onu dəli hesab edirdi. Deyirlər, filosofun hissiyyatı o qədər güclü imiş ki, tibb elminin "atası" hesab edilən Hippokratın ona gətirdiyi südə baxaraq, onun qara rəngli inəyin südü olduğunu demiş və düz tapdığı üçün hamını heyrətdə qoymuşdur.

Qədim yunan aliminin şəxsi həyatı demək olar ki, olmayıb. Heç vaxt evlənməyən dahi qadınları axmaq və dəyərsiz məxluqlar hesab edir, onların yalnız nəsil artırmaq üçün yararlı olduğunu deyirdi. Ata rolu filosofu qəti ruhlandırmırdı. O, uşaqların ona mane olacağına inanırdı. Demokritin ömrünün sonunda görmə qabiliyyətini itirdiyi yəqin çoxlarına məlumdur. Bəzi mənbələrə görə, dahinin 90 yaşında özünün gözünü kor etməsi də qadınları görməmək və arzulamamaq üçün olub. Başqa bir versiyaya görə isə o, şərəfsiz adamların necə şan-şöhrətə çatdığını görmək istəmədiyi üçün qoca yaşlarında günün işığını güzgü ilə gözlərinə salıb özünü kor etmişdir.

Filosof 109 yaşadək ömür sürüb ağrısız, xəstəliklərdən əziyyət çəkmədən vəfat edib. Deyilənlərə görə, Demokrit ölərkən də bildirib ki, o, özü ölmək istəyir və əgər istəsəydi, daha çox yaşaya bilərdi. Bunları dedikdən sonra o, üzündə təbəssüm ifadəsi ilə dünyasını dəyişmişdir.

 

 

Mikelancelo Buonarroti

İntibah dövrünün tanınmış simalarından biri olan Mikelancelo Buonarroti tarixə əvəzolunmaz heykəltəraş və rəssamlıq istedadı ilə yanaşı, həm də memar kimi düşüb. Zədələnmiş mərmər parçaları üzərində heç kəsin bacara bilmədiyi əzəmətli "David" heykəlini yaradan, xüsusilə ölüləri araşdırmaqla seçilən bu dahi insan bədənini ən kiçik detallarına qədər mərmər üzərində canlandıra bilən ecazkar bir heykəltəraş kimi tanınır. İnsan bədəninin bütün incəliklərini anlamağa çalışan rəssam ölüləri araşdırmaq üçün vaxtının çox hissəsini monastır meyitxanasında keçirirdi.

Uşaqlıqdan palçıqla oynamağı sevən bu dahi məktəbdə oxuduğu ərəfədə də bütün dərslərdə nümayiş etdirdiyi səy və çalışqanlığına görə qısa müddət ərzində uğur qazanmışdı. Mikelanceloya artıq müəllimləri də paxıllıq edirdi. Deyilənlərə görə, paxıllıqdan müəllimlərdən biri onun burnunu da qırıbmış.

Bəzən gecə-gündüz yemədən, içmədən, ən əsası yatmadan çalışan dahi ayaqqabılarını çıxarmağa da fürsət tapa bilmirmiş. Minlərlə kvadratmetrlik tavanı zəhərli boyalarla öz əlləri ilə rəngləyən Mikelancelo şəxsi gigiyenasına da fikir vermirmiş. Nadir hallarda yuyunan dahi deyilənlərə görə, hətta geyimini və yataq dəstini heç dəyişmirmiş. Bəlkə də bütün bunlar idi onun təhlükəli bir xəstəliyə düçar olma səbəbi...

Ömrünün son 15 ilində ağır bir xəstəliyə düçar olan rəssam oynaq deformasiyası və əzalarında dəhşətli ağrıya səbəb olan osteoartritdən əziyyət çəkib. Lakin peşəsi sayəsində iş qabiliyyətini qoruyub saxlaya bilən dahi şəxsiyyət sonradan xəstəliyi ilə əlaqədar bədənindəki iltihab səbəbindən depressiya və başgicəllənmədən də əziyyət çəkib.

Deyirlər, Mikelancelo əsərlərinin altına imza qoymağı sevməzmiş, bunu özündənrazılıq hesab edirmiş. Çox nadir hallarda əsərlərinə imza atan rəssamın həyatını araşdıran tədqiqatçılar sonradan onun şairlik istedadını da üzə çıxarıblar.

Şəxsi həyatı ilə bağlı həmişə müzakirələrə səbəb olan dahinin haqqında həqiqətə uyğun olmayan ağılasığmaz söz-söhbətlər dolaşır. Lakin bütün bunların nə dərəcədə doğru olub-olmaması sual altında qalmaqdadır. Öz təsdiqini tapan əsl reallıq isə Mikelancelonun 60 yaşına qədər qadınlarla münasibət qurmaması və heç vaxt evli olmamasıdır. Özü də bunu belə izah edirdi: "Sənət çox qısqancdır, insanı bütün varlığı ilə tələb edir, mən ona evliyəm, övladlarım isə mənim əsərlərimdir".

Deyilənlərə görə, həyatını tamamilə sənətinə həsr edən dahi şəxsiyyət sonradan 47 yaşlı dul bir qadına aşiq olur. Lakin bioqrafları bunun platonik sevgidən başqa bir şey olmadığını yazırlar.

Həyatının son gününədək qurub-yaradan dahinin ömrü 81 yaşında başa çatır, halbuki o, özündə yeni güc hiss edirdi, hər şeyi yenidən başlamağa hazır idi. Bir vaxtlar palçıqla oynayan və təbiətə, torpağa baxıb rəssam olmaq istəyən həmin o balaca oğlan kimi...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".