Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbirlər
Digər xəbərlər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbirlər

Baş Prokurorluq

"Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri" İctimai Birliyinin İdarə Heyətinin üzvlərinin, Baş Prokurorluğun əməkdaşlarının və gənc prokurorluq işçilərinin iştirakı ilə mayın 6-da Baş Prokurorluğun inzibati binasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən tədbir keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən veteranlar və prokurorluq əməkdaşları xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969-cu il iyulun 14-dən başlayaraq respublikaya rəhbərlik etməsi ilə Azərbaycanda yeni bir tarixi dövrün təməlinin qoyulduğunu vurğulayıblar. Qeyd edilib ki, həmin dövrdə ölkəmizi böyük uzaqgörənliklə gələcək müstəqilliyə hazırlayan ulu öndər Heydər Əliyev Azərbaycanı qısa vaxtda keçmiş SSRİ-nin ən geridə qalmış respublikaları arasından birinci sıraya yüksəlməsinə nail olub. Çıxışlarda ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə kənd təsərrüfatı, yüngül və ağır sənaye, təhsil, idman, mədəniyyət, incəsənət və digər sahələrin inkişaf etdirilməsində, gənc milli kadrların yetişdirilməsində müstəsna xidmətləri xüsusi vurğulanıb.

Tədbirdə Azərbaycanın müstəqilliyin ilk illərində bütün sahələrdə üzləşdiyi dərin böhrandan, müstəqilliyin itirilməsi təhlükəsindən məhz ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə xilas olması, dövlət idarəçiliyi və azərbaycançılıq ideyalarının əbədiliyi, gənclər siyasəti, əbədiyaşar liderin hər kəsə örnək olan həyat yolu, həmçinin Ulu Öndərin Azərbaycan Prokurorluğunun inkişafında müstəsna xidmətləri barədə gənc prokurorluq əməkdaşlarına məlumat verilib. Məhz tarixdə ilk dəfə "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və prokurorluğun fəaliyyətini tənzimləyən digər qanun və normativ aktların qəbul olunmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb.

Natiqlər 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Vətən müharibəsinin fatehi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən azad edildiyi qeyd olunub. Bildirilib ki, Vətən müharibəsində qazanılan şanlı Zəfər ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin məntiqi nəticəsidir.

AZƏRTAC