Artıq eşitməyən qalmayacaq...
ABŞ-ın Massachusetts Texnologiya İnstitutunun alimləri eşitmə itkisini bərpa edə bilən yeni gel hazırlayıblar. Qulağa inyeksiya edilən FX-322 adlı birdəfəlik gel qulaqdakı hərəkətsiz kök hüceyrələrini və səsləri beyinə ötürə bilən sağlam eşitmə hüceyrələrinə çevirir.
Böyük Britaniyada əhalinin təxminən 11 milyonu eşitmə itkisindən əziyyət çəkir, onlardan 8 milyonu 60 yaşdan yuxarı insanlardır. Qulaq infeksiyaları və ya qulaq kirinin yığılması qısa müddətlik də olsa insanlarda eşitmə itkisinə səbəb olur. Bu tip problemlər müalicə edilə bilsə də, təkrar yüksək səs-küyə məruz qalma və yaşlandıqca daxili qulaqdakı dəyişikliklər nəticəsində yaranan eşitmə probleminin müalicəsi yoxdur, çünki hüceyrələr özlərini bərpa edə bilmir. Adətən belə hallarda səsi gücləndirmək üçün eşitmə cihazlarından istifadə olunur. Lakin yeni dərman bu cür cihazlara ehtiyac olmadan normal eşitməni bərpa edə bilir.
"Frequency Therapeutics" şirkəti tərəfindən istehsal edilən gel laboratoriya testlərində progenitor adlı kök hüceyrə növündən yeni hüceyrələrin yaradılmasına kömək edən dərmanın qarışığından ibarətdir. Daxil edilən dərmanlardan biri hazırda epilepsiya üçün istifadə olunan və rahatlıqla tapıla bilən nisbətən ucuz dərmandır. Digər kök hüceyrə növlərindən fərqli olaraq, bu hüceyrələr heç bir bədən toxumasına çevrilmir.
Sınaq zamanı qulağına gel vurulmuş ağır eşitmə itkisi olan altı könüllüdən dördündə problem aradan qaldırılıb. Hazırda isə 124 nəfəri əhatə edəcək daha genişmiqyaslı bir sınaq planlaşdırılır.
İnformasiyanı "MedicalXpress" veb saytı yayıb.
Dil öyrənmək bu xəstəliyin çarəsidir
Rusiya və ingiltərəli alimlər yeni bir dil öyrənməklə demensiyanın qarşısının alına biləcəyini iddia edirlər. "Frontiers in Psychology" jurnalında dərc olunan məqalədə xarici dildə danışmağın idrak geriləməsi, unutqanlığın qarşısını alaraq beyni məşq etdirdiyi və zehni stimullaşdırdığı bildirilir. Tədqiqatçılar başqa bir dildə danışmağın bir növ beyində "zehni gimnastika" rolunu oynadığını söyləyirlər.
Rusiyanın HSE Universiteti və İngiltərənin Northumbria Universitetinin rəhbərlik etdiyi araşdırmada tədqiqatçılar zehni məşq və ya müəyyən pəhriz kimi faktorların demansı təxminən yeddi il gecikdirəcəyini ortaya çıxarıblar. Sınaq zamanı 60 yaşdan yuxarı ən azı iki fərqli dildə danışan 63 nəfərə koqnitiv test verilib. Nəticədə iki dil bilən insanlara bir dildə danışanlara nisbətən təxminən beş-yeddi il sonra demans diaqnozu qoyulduğu məlum olub.
Başqa bir koqnitiv eksperimentlər zamanı isə insanlar ikinci dildə nə qədər uzun və səlis danışarsa, beyinin funksiyasına bir o qədər müsbət təsir etdiyi ortaya çıxıb.
Rusiya Milli Tədqiqat Universitetinin İqtisadiyyat Məktəbinin (HSE) professoru Federico Gallo, demensiyadan qorunmaq üçün yeni dil öyrənməyin ən güclü vasitə olduğunu qeyd edib.
"Biz fiziki məşqlərə və yaxud yeni bir pəhrizə başlaya və qəfil onları dayandıra bilərik, lakin dil həmişə bizimlə qalır. Başqa dildə ünsiyyət qurmaq, filmlərə baxmaq, kitab oxumaq kimi gündəlik vərdişlər beynimizi daim işlək saxlayır" - deyə professor qeyd edib.
Zeytun yağı alarkən diqqətli olun!
Qida mütəxəssisləri son zamanlar zeytun yağı adı altında istehsal olunan bəzi yağların tərkibində pambıq yağı və ona yaşıl rəng verən bir sıra təhlükəli maddələrin aşkar edildiyini söyləyirlər. Onlar bu cür saxta yağların insanların sağlamlığı baxımından olduqca təhlükəli olduğunu və belə qidaların hətta ölümə də səbəb ola biləcəyini deyirlər.
Mütəxəssislər zeytun yağının daha çox təqlid edilən qida məhsulu olduğu üçün mənşəyi bilinməyən yağların internet vasitəsilə bu ad altında satıldığını qeyd ediblər. Məhsulun keyfiyyətinin sadə bir yolla yoxlana biləcəyi də bildirilib. Həmçinin bu yağın rənginin onun əsas keyfiyyət göstəricisi olmadığı qeyd olunub. Adətən zeytun yağı seçərkən insanlar arasında onun nə qədər yaşıl olarsa bir o qədər keyfiyyətli olacağına inanılır, lakin mütəxəssislər bu fikrin tamamilə yanlış olduğunu bildirirlər. Onlar ən keyfiyyətli zeytun yağının özünəməxsus gözəl qoxuya malik olduğunu deyirlər. Saxta zeytun yağlarında isə xoşagəlməz qoxuların olduğu, bəzən isə ümumiyyətlə heç bir qoxuya malik olmadığı bildirilib. Qida mütəxəssisləri sağlamlıq baxımından problem yaranmamaq üçün imkan daxilində marketlərdə satılan tanınmış firmaların qida məhsullarına üstünlük verməyi tövsiyə edirlər.
İnformasiya "Apetite" jurnalında dərc edilib.
Müəmmalı virus
Son zamanlar bir çox ölkələrdə hepatit virusunun indiyə qədər rast gəlinməyən növü yayılıb. Bu müəmmalı virus xüsusilə uşaqlarda ölümə belə yol aça bilir. Ürəkaçan hal odur ki, narahatçılığa səbəb olan bu virus növü yoluxucu deyil. Yəni, virusun COVID-19 epidemiyası kimi bir ölkədən digərinə yayılma ehtimalı yoxdur.
ABŞ, İngiltərə, İspaniya, İsrail, Danimarka, İrlandiya, İtaliya, Norveç, Fransa, Rumıniya, Belçika, Hollandiya, Şotlandiya və Kanada kimi ölkələrdə 200-ə yaxın uşaqda müşahidə edilən sirli hepatit virusu qlobal epidemiya riskini də gündəmə gətirib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəzi ölkələrdə yeni növ hepatit epidemiyasının başladığını və bu xəstəliyin uşaqlarda daha çox təsadüf edildiyini açıqlayıb. Həmçinin dünya üzrə bununla əlaqəli 169 faktın qeydə alındığı və ilkin hadisənin isə Şotlandiyada görüldüyü bildirilib. Bilavasitə, çox nadir hallarda rast gəlinən kəskin hepatitdə olduğu kimi, bu virusda da qaraciyər iltihabının müşahidə edildiyi vurğulanıb.
Alimlər uşaqlarda hepatitin müşahidə edilməsinin normal hal olduğunu qeyd etsələr də, lakin sağlam azyaşlılarda bu virusun ağır fəsadlarla nəticələnməsinin qeyri-normal olduğunu söyləyirlər.
Mütəxəssislər xəstəliyin ilkin əlaməti olaraq ürəkbulanma, ishal, daha sonra isə gözlərdə və dəridə saralma əlamətlərinin başladığını qeyd ediblər. Təsvir edilən digər simptomlar arasında ifrazatın tündləşməsi, dəri qaşınması, əzələ ağrısı, qızdırma, halsızlıq, iştahsızlıq və mədə ağrılarının da olduğu vurğulanıb.
Elm adamları bunun adenovirus ola biləcəyini ehtimal edirlər. Lakin, onlar daha çox araşdırmalara ehtiyac olduğunu bildiriblər. Hələ ki, dəqiq olan fakt virusun ölkədən-ölkəyə yayılmamasıdır.
İnformasiya "The Guardian" qəzetində dərc olunub.
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".