DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ZELENSKİ: MÜHARİBƏNİN BAŞA ÇATACAĞINA DAİR HEÇ BİR ƏLAMƏT YOXDUR

Rusiyanın Ukraynaya qarşı müharibəsinin tezliklə başa çatacağına dair heç bir əlamət yoxdur. “Report” agentliyinin xəbərinə görə, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib.

Prezidentin sözlərinə əsasən, Ukrayna müharibədə ən qısa zamanda qələbə qazanmağa, ərazi bütövlüyünü bərpa etməyə və dağıdılmış əmlakın bərpasına başlamağa çalışır.

“Bu gün genişmiqyaslı müharibənin 72-ci günüdür və biz hələ müharibənin sonunu görmürük. Rusiya tərəfdən onu bitirmək üçün heç bir istəyi müşahidə etmirik. Rusiyanın bu müharibə ilə təhrik etdiyi çağırışlara qənaətbəxş həll yollarını görmürük”, - deyə Zelenski əlavə edib.

Eyni zamanda, prezident Rusiya-Ukrayna müharibəsinin bir çox sahələrdə qlobal nəticələrinin olacağını vurğulayıb. Söhbət ilk növbədə, Yaxın Şərq də daxil olmaqla, yüz milyonlarla insanın ərzaq təhlükəsizliyi üçün çağırışlardan gedir. Zelenskinin sözlərinə görə, regionda əsas ərzaq məhsullarının ənənəvi tədarük zəncirləri pozulub.

 

EMMANUEL MAKRONUN İNAUQURASİYA MƏRASİMİ KEÇİRİLİB

Fransa prezidenti Emmanuel Makronun mayın 7-də andiçmə mərasimi keçirilib. “APA”nın verdiyi xəbərə görə, mərasim Yelisey Sarayında baş tutub. Andiçmə mərasimində çıxış edən Emmanuel Makron Fransa xalqına ona etimad göstərdiyi üçün təşəkkür edib.

Prezident çıxışında ölkə üçün hədəflər, Avropada sabitlik, Şərqi Avropada təhlükəsizlik və iqlim dəyişikliyinə dair qlobal öhdəliklər barədə danışıb.

“Fransız xalqı mənə ikinci mandat verdi və növbəti beş il üçün mənə etibar etdi. Bilirəm ki, buna uyğun addımlar atmalıyam. Bu, kövrək bir etimaddır, azadlıq, dəyərlərimiz sınaq altındadır”, - deyə Makron çıxışında bildirib.

Emmanuel Makron həmçinin məşğulluq və iş yerlərinin artırılmasına və Fransanı ekoloji gücə çevirməyə söz verib. İnauqurasiya mərasimində Fransanın keçmiş prezidentləri Fransua Olland və Nikola Sarkozi də iştirak edib.

Qeyd edək ki, Emmanuel Makron aprelin 24-də keçirilən prezident seçkilərinin ikinci turunda Marin Le Penə qalib gələrək növbəti beş il müddətinə prezident seçilib. Emmanuel Makron son 20 ildə ikinci dəfə seçilən ilk Fransa prezidentdir.

 

QƏRB BANKLARI MİLYARDLARLA DOLLAR İTKİLƏRƏ HAZIRLAŞIRLAR

Avropa və Amerika bankları Ukrayna hadisələrinə görə ümumi məbləği 10 milyard dollardan çox itki ilə üzləşməyə hazırlaşırlar. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, İtaliyanın ən böyük bankı olan “Unicredit” bu həftənin əvvəlində Rusiyada mümkün itkilər üçün 1,2 milyard avrodan çox vəsait ayırdığını bildirib və Rusiyada fəaliyyətinin tamamilə dayandırılacağı təqdirdə 5,3 milyard avro itirə biləcəyi barədə xəbərdarlıq edib.

Eyni zamanda, “Rosbank”dakı payını satdığını elan edən Fransanın “Societe Generale” bankı sövdələşmədən 3,1 milyard avro itirməyə hazırlaşır.

Amerika bankı “Citigroup” isə 3 milyard dollarlıq mümkün itkilər barədə xəbərdarlıq edib və indiyədək potensial itkilər üçün 1 milyard dollar ayırıb.

Bununla yanaşı, “JPMorgan Chase” Ukrayna hadisələri səbəbindən 1 milyard dollara qədər itirəcəyini gözləyir.

 

AVROPADA AVTOMOBİL SATIŞLARI REKORD HƏDDƏ AZALIB

2022-ci ilin ilk rübündə Avropada 2,2 milyon ədəd təzə avtomobil satılıb. Bu, Avropanın avtomobil tarixində üç ən pis aylardandır. “APA”nın xəbərinə görə, bu məlumat Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının son hesabatında yer alır.

Məlumata əsasən, satışlarının azalması istehsaldakı tənəzzüllə birbaşa əlaqədardır. İlin əvvəlində istehsala yarımkeçirici qıtlığı və logistika problemləri mane olurdusa, mart ayında başlıca problem Ukraynadakı təchizatçı zavodların dayanması olub.

Siyahıya Rusiyaya tətbiq edilən embarqo nəticəsində bu ölkədən qiymətli metal ixracının dayanmasını da əlavə etmək lazımdır. Qıtlığa görə istehsalçılar daha rentabelli avtomobillərin istehsalına yönəlirlər. Bu da başlıca olaraq elektromobillərdir.

İlin birinci rübündə ümumi satışlar 12,3 faiz azalsa da, geriləmə mühərrik tipinə görə fərqlidir. İki il əvvələdək avropalıların sevimli nəqliyyatı olan dizel avtomobillərinin satışı bu il 33,2 faiz azalıb. Benzin mühərrikli avtomobillərin satışı isə azalsa da, bazarda liderliyini qoruya bilib.

 

RUSİYA VƏ YAPONİYA ARASINDA GƏRGİNLİK

Rusiya Müdafiə Nazirliyi yeni sualtı qayıq əleyhinə raket sisteminin Yapon dənizində uğurla sınaqdan keçirildiyini açıqlayıb. “Teleqraf.com” xəbər verir ki, rəsmi Moskvanın bu addımı Yaponiya və ABŞ üçün təhlükə kimi şərh edilib.

Bildirilir ki, Rusiyanın Sakit Okean Donanmasındakı Korvet tipli döyüş gəmisindən “Otvet” sistemi ilə buraxılan raket təyin olunmuş sualtı hədəfi dəqiqliklə vurub. Moskvanın bu addımı Yaponiya və Sakit okean regionunda ən böyük müttəfiqi olan Vaşinqtona hədə-qorxu gəlmək kimi dəyərləndirilib.

Məlumdur ki, düşmənin sualtı qayıqlarını məhv etmək üçün nəzərdə tutulan “Otvet” sualtı zenit-raket kompleksi “91R1 Kalibr” raket kompleksi əsasında hazırlanıb.

Eyni zamanda, xəbər verilir ki, korvetlər, freqatlar və digər növ döyüş gəmilərində quraşdırıla bilən sistem vasitəsilə müxtəlif növ raketlər buraxıla bilər. Atış məsafəsi 50 kilometrə qədər olan “Otvet” sistemi ilə atılan raketlər dənizin 800 metr dərinliyindəki hədəfləri məhv etmək qabiliyyətinə malikdir.

 

NATO-NUN BAŞ KATİBİ: UKRAYNAYA MÜASİR SİLAHLAR VERİLMƏLİDİR

NATO yaxın həftələrdə Ukraynada müharibənin daha da genişlənəcəyini gözləyir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Alyansın baş katibi Yens Stoltenberq “Velt am Sonntaq” qəzetinə müsahibəsində bəyan edib.

Baş katibin sözlərinə görə, Ukraynaya silah tədarükü davam edəcək. “Kiyev uzunmüddətli perspektivdə özünü yalnız sovet dövründən qalmış silahlarla müdafiə edə bilməz. Artıq Ukraynaya müasir silahlar verilməlidir”, - deyə Yens Stoltenberq əlavə edib.

Eyni zamanda, NATO-nun baş katibi Ukraynada nüvə silahının tətbiqi ilə bağlı Kremlə xəbərdarlıq edib. O deyib: “Bizim mesajımız birmənalıdır. Nüvə silahından istifadə nəticəsində hər iki tərəf uduzacaq. Nüvə müharibəsi qələbəyə səbəb ola bilməz”.

 

35 DOLLARA ALINAN BÜST QƏDİM ROMA ARTEFAKTI ÇIXIB

Texaslı qadının mağazadan, təxminən 35 dollara aldığı mərmər büstün bir neçə əsrlik artefakt olduğu məlum olub. “Report”un məlumatına görə, ekspertlər büstün İkinci Dünya müharibəsi zamanı Almaniyadan yoxa çıxan sənət əşyalarından biri olduğunu müəyyənləşdirəndən sonra onu muzeydə nümayiş etdirməyə başlayıblar.

Kolleksiyaçı Lora Yanqın 2018-ci ildə “Goodwill” mağazasında tapdığı büst bir vaxtlar kral I Lüdviqin kolleksiyasına aid olub. Sənət əsəri gələn il Almaniyaya qaytarılana qədər müvəqqəti olaraq San Antonio İncəsənət Muzeyində nümayiş olunur.

Muzeydən bildiriblər ki, qədim Roma dövrünə aid edilən büst eramızdan əvvəl I əsrə və ya eramızın I əsrinə aiddir və tarixçilər büstdə Pompeyin Yuli Sezar tərəfindən vətəndaş müharibəsində məğlub edilən oğlunun təsvir oluna biləcəyini düşünürlər. Artefakt sonuncu dəfə Almaniyanın Aşaffenburq şəhərində görülüb və ekspertlər hesab edirlər ki, amerikalı əsgər büstü götürərək özü ilə ABŞ-a gətirib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.