DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ İKİ ÖLKƏ ARASINDAKI MÜNAQIŞƏYƏ SON QOYMAĞA ÇALIŞIR

Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyə son qoymaq üçün diplomatik səylərini davam etdirir. Diplomatik mənbələr Türkiyə, Rusiya, Ukrayna və BMT arasında humanitar təmas qrupu çərçivəsində görüş ola biləcəyini açıqlayıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilir ki, rəsmi Ankara Kiyev və Moskva arasında atəşkəs əldə etmək üçün prosesin içərisindədir. Diplomatik mənbələr hərbi toqquşmaların getdiyi bir vaxtda danışıqlar prosesinin davam etdiyini açıqlayıblar. Döyüş meydanında vəziyyətin daha da pisləşdiyini qiymətləndirən mənbələr yaxın günlərdə baş tutması gözlənilən mühüm görüşə diqqət çəkiblər.

Birləşmiş Millətlər Təşkilatının humanitar təmas qrupu yaratmaq təklifinin olduğunu qeyd edən mənbələr məlumat veriblər ki, Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında bu çərçivədə yaxın günlərdə danışıqlar davam edə, tərəflər arasında texniki görüşlər keçirilə bilər. Diplomatik mənbələr atəşkəs danışıqlarının bir hissəsi olan təhlükəsizlik təminatlarına da diqqət çəkiblər.

 

ABŞ KONQRESİ UKRAYNAYA 40 MİLYARD DOLLARLIQ YARDIMI TƏSDİQLƏYİB

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya ümumilikdə təxminən 40 milyard dollarlıq dəstəyi nəzərdə tutan genişmiqyaslı yardım paketini təsdiqləyib və layihə lazımi səs çoxluğunu toplayıb. “Report” agentliyinin məlumatına görə, bu barədə “RBC-Ukraina” Nümayəndələr Palatasının iclasının yayımına istinadən xəbər verir.

Məlumata əsasən, yardım paketi Konqresin Senatına göndəriləcək. Senatdakı çoxluğun lideri Çak Şumer bildirib ki, Senat onu təsdiqləmək və imzalamaqla bağlı Cozef Baydenə göndərmək üçün “cəld hərəkətə keçəcək”.

Bildirilir ki, əvvəlcə ABŞ prezidenti Konqresdən 33 milyard dollar istəyib. Lakin qanunvericilər hərbi yardım üçün əlavə 3,4 milyard dollar, humanitar məsələlər üçün isə 3,4 milyard dollar ayırmaq niyyətindədirlər.

Cozef Baydenin Ukrayna üçün ilkin 33 milyard dollar tələbi aşağıdakı kimi bölünməli idi: hərbi yardım üçün 20,4 milyard dollar, iqtisadi yardım üçün 8,5 milyard dollar, humanitar və qlobal ərzaq təhlükəsizliyi məsələləri üçün 3 milyard dollar.

 

QLOBAL NEFT HASİLATI ƏVVƏLKİ SƏVİYYƏYƏ GƏLƏN İL DƏ ÇATA BİLMƏYƏCƏK

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EİA) 2022-2023-cü illər üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu daha da endirib. “APA”nın EİA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının ortalama hesabla 101,6 milyon barrel olacağı ehtimal edilir ki, bu da ötən ilin proqnoz göstəricisi ilə müqayisədə 0,61 milyon barrel azdır.

Hesabata əsasən, 2022-ci ildə maye karbohidrogenlərin gündəlik istehsalı 99,89 milyon barrel olacaq, bu isə ötən proqnozla müqayisədə 0,32 milyon barrel azdır.

Xatırladaq ki, ötən il maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 95,55 milyon barrel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik istehsal 93,84 milyon barrel təşkil edib. 2019-cu ildə bu göstərici 100,61 milyon barrelə bərabər idi.

 

ÜST: 50-DƏN ÇOX ÖLKƏDƏ KORONAVİRUSA YOLUXMA YENİDƏN ARTIR

Dünyanın 50-dən çox ölkəsində koronavirsa yoluxma yenidən artır. “Report” agentliyinin məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə bildirib.

ÜST rəhbəri vurğulayıb ki, “omikron” variantının “BA.2” alt növü qlobal miqyasda dominantdır. Xəstəliklərin əsas artımı da məhz alt növlərdədir.

Qebreyesusun sözlərinə görə, hazırda dünyada yoluxma və ölüm səviyyəsi pandemiyanın əvvəlki dalğaları ilə müqayisədə yüksək immuniteti peyvəndlə əlaqədar nisbətən aşağıdır.

Təşkilatın baş direktoru xəbərdarlıq edib ki, vəziyyət üçün ən pis ssenarilərdən biri koronavirusun immunitetin təsirindən yayına, daha asan yayıla və daha çox ölümə səbəb ola bilən variantının ortaya çıxması olacaq.

Eyni zamanda, bildirilir ki, ÜST dünyadakı bütün ölkələrin peyvəndin 70 faiz əhatəsinə nail olmaq üçün səy göstərməyə davam edir.

 

BMT-NIN BAŞ KATİBİ: DÜNYADA ACLIQ GENİŞ VÜSƏT ALA BİLƏR

BMT-nin baş katibi Antonio Quterreş Ukraynada davam edən müharibə ilə əlaqədar qida çatışmazlığı səbəbindən dünyanın müxtəlif yerlərində aclığın geniş vüsət alacağından dərin narahatlıq keçirdiyini bəyan edib. “APA”nın "Röyters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə baş katib Antonio Quterreş keçirdiyi mətbuat konfransında bildirib.

“Qeyd etməliyəm ki, Ukraynadakı müharibə səbəbindən üzləşdiyimiz dramatik ərzaq təhlükəsizliyi vəziyyətinə görə aclığın dünyanın müxtəlif yerlərində geniş vüsət alması riskləri məni çox narahat edir”, - deyə Antonio Quterreş vurğulayıb.

Baş katibin sözlərinə görə, hazırda Ukraynada sülhün və ya ümumi atəşkəsin bağlanması ehtimalı müşahidə olunmur. O bildirib ki, Ukrayna ilə bağlı sülh danışıqlarının zamanı gələcək, lakin bu, yaxın gələcək üçün mümkün görünmür.

“Bu müharibə əbədi olmayacaq. Elə vaxt gələcək ki, sülh danışıqları aparılacaq. Mən bunu yaxın gələcəkdə görmürəm. Lakin bir məsələni qeyd edə bilərəm: biz heç vaxt təslim olmayacağıq”, - deyə BMT baş katibi vurğulayıb.

 

NATO-NUN QARA DƏNİZLƏ BAĞLI PLANLARI MƏLUM OLUB

Şimali Atlantika Alyansı uzun müddət Qara dənizdən kənarda qalmağı planlaşdırmır. “Report” agentliyinin məlumatına görə, bunu NATO Hərbi Dəniz Qüvvələrinin komandanı, britaniyalı vitse-admiral Keyt Blount bildirib.

Vitse-admiralın sözlərinə görə, NATO hər gün vəziyyətdən asılı olaraq öz planlarına yenidən baxır. O, həmçinin qeyd edib ki, alyans hərəkət proqramına uyğun Qara dənizdə gəmilər və sualtı qayıqlar saxlayır.

Qeyd edək ki, aprel ayının sonunda Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qara dənizdə bölgədən kənar ölkələrin hərbi gəmilərinin olmadığını bəyan edib. O bildirib ki, NATO gəmilərinin sularda hərəkəti Qara dəniz regionunda gərginliyi artıra bilər.

Eyni zamanda, Hulusi Akar hərbi gəmilərin Qara dənizə girməsinə icazə verilməyəcəyini də vurğulayıb. Belə ki, 1936-cı ildə qəbul edilmiş Montrö Konvensiyasına əsasən, Qara dənizə daxil olmayan ölkələrin hərbi gəmiləri burada üç həftədən çox qala bilməz.

 

DÜNYADA QURAQLIQLAR 29 FAİZ ÇOXALIB

Son 20 il ərzində dünyada quraqlıqlar 29 faiz artıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyası bildirib.

Ekspertlərin qiymətləndirmələrinə əsasən, bu müddət ərzində iri quraqlıqlar 23 dövlətin ərazisində qeydə alınıb və daha çox Afrika və Asiya ölkələrinin payına düşüb.

Son iki onillikdə quraqlıqlardan dəyən ümumi ziyanın həcmi 124 milyard dollar səviyyəsində qiymətləndirilir.

BMT ekspertləri proqnozlaşdırır ki, 2030-cu illərin əvvəlinədək dünya əhalisinin 700 milyon nəfəri “iqlim qaçqınına” çevrilə bilər, XXI əsrin ortalarında isə əhalinin 70 faizə yaxını daimi və ya uzunmüddətli quraqlıqdan əziyyət çəkə bilər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.