Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Cek London

Kəşfləri, əsərləri ilə dünyada məşhur olan dahilərin bütün sahələrdə müstəsna rolları var. Lakin dahilikləri onlara asan başa gəlməyib. Belə ki, adını bəşəriyyət tarixinə qızıl hərflərlə yazmış dahi şəxsiyyətlərin bir çoxu müxtəlif xəstəliklərdən əziyyət çəkib. Həmin məşhurlardan biri də görkəmli Amerika  yazıçısı  Cek Londondu. "Həyat eşqi"ni yazıb intihar edən  bu yazıçı  demək olar ki, ömrü boyu bipolyar pozğunluğun pəncəsində olub.

Hətta bütün bunlar azmış kimi,  bir zaman qayıqla etdiyi səyahət zamanı tropik xəstəliyə yaxalanan yazıçı, bu xəstəliyi öz ağlına görə müalicə etməyi qərara alır və bu, ona çox "baha" başa gəlir. Hazırladığı   tiryək, heroin, civə və s. kimi kimyəvi maddələrin qarışığını bir müddət özünə yeridən dahi böyrəklərini çökdürür.

Çox faciəvi həyat yaşayan dahiyə atasının üzünü görmək nəsib olmamışdı. Belə ki, atası anasını hamilə vəziyyətdə qoyub getmişdi. Hətta uşağını tələf etməyə təhrik edilən qadın damarlarını da  doğramışdı. Həkimlərin səyi nəticəsində ana sağ qalmış və gələcəyin böyük yazıçısını dünyaya gətirmişdi. Atasız qalan Cek London kiçik yaşlarından çörək qazanmaq məcburiyyətində qalaraq küçələrdə qəzet satıb, okean gəmilərinin göyərtəsini yuyub, limanda yük boşaldıb. Həyatın amansız zərbələri altında böyüyən gələcək yazıçı səfalət içində yaşayıb.

Cek London ən yaxın dostu olan “Con Barleykorn”u o qədər sevirdi ki, onu yanından heç ayırmırdı. Hətta bu dərin dostluğa ithafən  bir kitab da yazmışdı:"John Barleycorn" Əslində, Barleykorn bir şəxs deyil, Londonun içkiyə verdiyi ad idi. Spirtli içkilərə qarşı olan sevgisi onu sonda "alkoqollu xatirələrini" bölüşdüyü avtobioqrafik bir kitab yazmağa da sövq etmişdi. O, içki ilə beş yaşında tanış olmuşdu və o vaxtdan başlayan bu "dostluq" onun başına bir çox qəzalar da gətirmişdi.  Hətta bir dəfə London o qədər sərxoş olmuşdu ki, Oklend tərsanəsində ləngərləyib dənizə düşmüş və San Fransisko körfəzində oyanmışdı.

İki dəfə ailə həyatı quran yazıçını ailəsi də başa düşmürdü və bu da onun üçün böyük zərbə idi. İkinci evlilikdən olan qızının doğulandan üç gün sonra ölməsi  yazıçını möhkəm sarsıdır və uzunmüddətli depressiyalar yaşayır. Tez-tez dəli olmaqdan qorxduğunu deyən yazıçı yaxınlarından xahiş edibmiş ki, əgər ağlını itirərsə, onu xəstəxanaya qoymasınlar.

Elə bil vaxtsız öləcəyini bilirdi yazıçı. Əsərlərində ölümün lap yaxın məsafədə olduğunu duyan Londonun “Martin İden”in sonluğundakı cümlələri əslində  öz yaşantıları idi: “O, heç olmasa, bir az qorxsaydı, həyata qayıda bilərdi, lakin qorxmurdu və buna görə də getdikcə özünü daha da zülmətə atırdı. Daha onu həyatda heç nə, hətta bir zamanlar sevdiyi şeylər belə sevindirmirdi...”.

Səyahəti, gəzintini çox sevən Cek  təbiətin qoynunda dincəlməyi xoşlayırdı.  Qısa müddət  bununla ruhi müvazinətini qoruyub saxlaya bilsə də,   həyatdan yorulan yazıçı morfi qəbul edərək intihar edir.

 

İmmanuel Kant

"İnsanlarla bir məqsəd kimi davranın, heç vaxt məqsəd üçün bir vasitə kimi deyil". Belə deyərdi tənqidi fəlsəfənin "atası", görkəmli alman filosofu İmmanuel Kant. Daha çox  həyat tərzində etdiyi son dərəcə dəqiqliyi ilə seçilən bu dahi şəxsiyyətin özünəməxsus gündəlik vərdişləri var idi. Belə ki, 12 yaşında keçirdiyi ağır bir xəstəlik səbəbindən həkimlərin ona ölüm diaqnozu qoyması gələcək filosofu həyatında bir sıra dəyişikliklər etməyə vadar etdi. Həyatının 40 ilini hər gün eyni saatda eyni şeyləri edərək keçirən bu dahi insan iradəsinin və düzgün həyat tərzinin hesabına heç bir tibbi yardıma ehtiyac duymadan  80 yaşına qədər sağlam  ömür sürüb. Yuxu, istirahət, iş rejiminə o qədər dəqiq əməl edib ki, hətta qonşuları onun gəzməyə belə günün hansı saatı və dəqiqəsində çıxdığını bildikləri üçün saatlarını  ona uyğun düzəldirmişlər. Lakin bütün bunlara baxmayaraq,  tütünə olan asılılığına qalib gələ bilməmişdi dahi şəxsiyyət. Bir çox filosoflar kimi onun da həyatında gündəlik "dəstək" kimi zərərli də olsa siqaret mühüm rol oynayıb. Lakin onun  bu asılılığının səbəbi bəzilərindəki kimi nə pul çatışmazlığı, nə də qarşılıqsız sevgi idi. Bunu sadəcə yaradıcılığında ilham pərisi hesab edirdi.

Hər səhər saat 5-də qulluqçusu Martin Lampe tərəfindən oyandırılan Kanta  tezdən oyanmaq   çox çətin olsa da, heç vaxt  gec durmadığı üçün özü ilə qürur duyurdu. Oyandıqdan sonra isə hər gün təzə dəmlənmiş  çox da tünd olmayan bir və ya iki fincan çay içməyi sevən  filosof, eyni zamanda qəlyan çəkməkdən də xüsusi bir zövq alırmış.  Nahar yeməyi zamanı elə bir gün  olmazmış ki,  Kantın evi qonaq-qarasız olsun. Axşamlar isə otağının pəncərəsindən çox aydın görünən kafedral binaya baxmaqdan heç bezməzmiş.

Həyatı boyu heç vaxt evlənməyən Kant iki dəfə evliliyə qərar versə də, sonradan fikrini dəyişdirmişdi. Deyilənlərə görə, elə bu səbəbdən də, həyatındakı qadınlar tərəfindən tərk edilmişdi.

    

Fyodor Mixayloviç Dostoyevski

Onun həyatı macəra romanlarına bənzəyir, yaradıcılığı isə insan təbiəti haqda biliklər kitabıdır sanki - biz kimik, niyə doğulur, niyə ölürük...  Rus ədəbiyyatının  tanınmış yazıçılarından olan Dostoyevski eyni zamanda həm qəribə, həm də dahi insan idi.

Məşhur "Qumarbaz" romanının müəllifinin özü də tanınmış qumarbaz  idi. Avropaya səyahəti zamanı qurşandığı bu bəla onu on il boyunca rahat buraxmadı. Daha çox ruletka həvəskarı olan yazıçı hər zaman qalib gələ biləcəyi ideal bir sistem icad etməyə çalışsa da, bu, onda alınmırdı. Hərdən bəxti gətirir, böyük məbləğdə pul udur, bunları borclarını ödəməyə sərf etmək əvəzinə yenidən oyuna qoyub dərhal da uduzurdu. Viesbaden kazinosunda bir dəfə necə uduzmuşdusa, bütün dostlarını və qohumlarını yardım xahişləri ilə dolu məktublarla bezdirmişdi. Hələ  bu harasıdır,  yazıçı hətta bir dəfə evində nəyi vardısa, hamısını uduzmuşdu. Bütün bunlara isə hamilə həyat yoldaşının artıq geyinməyə paltarı belə qalmadığını görəndə son qoymuşdu. Həmin gündən yazıçı bu bəd əməlini tərgitdi.

Həm sakit, mənəvi cəhətdən zəngin qızlardan, həm də parlaq gözəlçələrdən xoşlanan Dostoyevski  tez-tez aşiq olurdu və özü haqqında  belə yazırdı: "O qədər gəzəyənəm ki, artıq normal yaşaya bilmirəm, xəstəlik tutacağımdan qorxuram, əsəblərim də yerində deyil...".

Dostoyevskinin həbs olunduğunu, sürgün edildiyini, yəqin ki, bilirsiniz. Yazıçı həbsxanada olduğu müddət ərzində bir itlə insan münasibətlərini əlaqələndirən  maraqlı bir təcrübə yaşayır.

Həbsxanada sahibsiz, hər tərəfi yara-xora içində, tükü tökülmüş cılız bir it dolaşırmış. Gəlib-keçən bütün məhbuslar iti təpikləyir, ağrı-acı içində zingildəyən iti daha da incidirmişlər.  Hadisənin maraqlı tərəfi budur ki, it onu təpikləyən məhbuslardan qaçmır, əksinə, məhbuslar yanından keçəndə şöngüyüb təpik gözləyirmiş. Hər gün rastlaşdığı bu hadisə  yazıçıya maraqlı gəlir. İnsaflı davranıb iti təpikləmir, məhbus yoldaşlarının təpiklədiyi itə fərqli münasibət göstərərək heyvanın başına tumar çəkir. İt əvvəlcə heyrətlə yazıçıya baxır. Sonra isə sürətlə qaçıb uzaqlaşır və hürməyə başlayır. Və ən qəribəsi isə sürgün boyunca həmin it yazıçını görər-görməz qaçıb uzaqlaşar, məhbuslara yalmansa da, Dostoyevskiyə hürərmiş. Dostoyevski bu  təcrübəsinin nə qədər kobud olsa da,  insanlar üçün də uyğun olduğunu düşünür. Doğrudan da sevgiyə, diqqətə möhtac olan  bəzi insanlar  eynən "Dostoyevskinin iti" kimi davranırlar. Ömrü boyu sevgisizlikdən əziyyət çəkən belə  insanlara sevgi göstərsəniz, qarşılığında nifrət, kin, qəzəb görə bilərsiniz.

Vərəm nəticəsində boğazından qanaxmadan ölən yazıçının həyatının sonunu yerə düşən qələmi gətirib. Belə ki, ağciyər xəstəliyindən əziyyət çəkən yazıçıya həkimlər çox hərəkət etməyi qadağan etmişdilər. Bir gün yazı yazdığı zaman Dostoyevski yerə düşən qələmi götürmək istəyəndə, qanaxma baş verib və iki gündən sonra yazıçı vəfat edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

“Respublika”.