DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ-IN TÜRKİYƏ İLƏ BAĞLI QƏRARI YUNANISTANI CİDDİ NARAHAT EDİR

ABŞ hökumətinin Türkiyəyə “F-16” qırıcılarının satışına müsbət münasibəti Yunanıstanı qorxuya salıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Yunanıstan xarici işlər naziri Nikos Dendias və müxalifət lideri Aleksis Çipras “F-16”ların Türkiyəyə verilməsinin qarşısını almağa çağırış ediblər.

Bildirilir ki, tez-tez Türkiyəyə qarşı təhrikedici və təxribatçı açıqlamaları ilə gündəmə gələn Nikos Dendias Ankaranın xarici siyasətini “Yunanıstan üçün təhlükə” adlandırıb.

Nazir Türkiyənin ABŞ-dan “F-16” alması perspektivi ilə bağlı qeyd edib ki, Ankaranın silah sistemlərinin səviyyəsini yüksəltməsi Yunanıstan üçün ciddi problem yaradır.

Nikos Dendias Vaşinqtona səfəri zamanı bu məsələnin müzakirə ediləcəyini bildirib.

Radikal sol “Siriza” partiyasının lideri Aleksis Çipras isə gələn həftə ABŞ-a səfəri zamanı baş nazir Kiryakos Mitsotakisdən ABŞ prezidenti Cozef Baydendən Türkiyəyə “F-16” satılmamasını tələb etməyi istəyib.

 

“G7” ÖLKƏLƏRI UKRAYNAYA 30 MİLYARD AVRO AYIRMAQ NİYYƏTİNDƏDİR

“Böyük Yeddilik” (G7) ölkələri Ukraynaya 30 milyard avro maliyyə dəstəyi ayırmaq niyyətindədir. “Report”un xəbərinə görə, bu barədə Almaniyada nəşr olunan “Der Spiegel” nəşri məlumat yayıb.

Qeyd edilir ki, gələn həftə Almaniyada keçiriləcək “G7” ölkələrinin maliyyə nazirlərinin görüşündə onlar Kiyevə 30 milyard avro civarında maliyyə yardımı ayırmaq barədə qərar qəbul etməyi planlaşdırırlar.

Məlumata əsasən, vəsait kredit və qrant şəklində verilməlidir. Beləliklə, Kiyev gələcəkdə heç də həmin vəsaitin hamısını qaytarmalı olmayacaq.

Eyni zamanda, “Der Spiegel” yazıb ki, müharibənin bu il ərzində bitəcəyi ehtimal olunur.

Xatırladaq ki, “G7” Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən beynəlxalq klubdur.

 

GÜRCÜSTANIN BUĞDA EHTİYATI TÜKƏNİB

Gürcüstanda buğda ehtiyatı faktiki olaraq bitib və dəyirmanlar yaxın günlərdə işini dayandıracaq. “Trend”in məlumatına görə, bunu Gürcüstan Taxıl və Un İstehsalçıları Assosiasiyasının icraçı direktoru Levan Silaqava bəyan edib.

İcraçı direktorun sözlərinə görə, buna səbəb son bir neçə ay ərzində ölkəyə böyük həcmdə yalnız unun idxal olunmasıdır.

“Biz artıq o vəziyyətə çatmışıq ki, bizdə olan buğda ehtiyatları artıq bitib və tezliklə dəyirmanlar işini dayandıracaq”, - deyə Levan Silaqava vurğulayıb.

Assosiasiya rəsmisi qeyd edib ki, Gürcüstana un idxalına vergi tətbiq olunmasa da, buğda idxalına 1 ton üçün 120 dollar vergi ödənilir.

Stastistikaya əsasən, Gürcüstanda ildə 650 min ton buğda istehlak olunur. Ölkə özünü buğda ilə yalnız 15 faiz təmin edə bilir. Gürcüstan əsasən taxılı idxal edir ki, bunun da 90 faizi Rusiyanın payına düşür.

 

İSVEÇ PARLAMENTİ NATO ÜZVLÜYÜNƏ “YAŞIL İŞIQ” YANDIRIB

İsveç parlamenti NATO-ya üzvlüklə bağlı təhlükəsizlik - siyasi təhlil hesabatını açıqlayıb. “APA”nın xəbərinə görə, İsveç parlamenti NATO-ya üzvlüyün regionda təhlükəsizliyi gücləndirəcəyini bəyan edib.

“NATO-ya üzv olmaq qonşularımızın müdafiəsini gücləndirəcək, çünki Baltik dənizi və Şimal dənizi bir təhlükəsizlik siyasi regionudur”, - deyə hesabatda bildirilir.

Bununla yanaşı, İsveçin xarici işlər naziri Ann Linde də NATO-ya üzvlüyün “sabitləşdirici təsiri” olacağını diqqətə çatdırıb.

Nazir həmçinin qeyd edib ki, İsveçin NATO-ya üzvlüyü bölgədə hərbi münaqişələrin baş vermə ehtimalını yüksək dərəcədə azaldacaq.

Xatırladaq ki, mayın 12-də İsveçin qonşusu Finlandiya hökuməti NATO-ya üzvlük prosesinin başladılmasını rəsmi təsdiqləyib.

 

BƏƏ-NIN PREZİDENTİ DÜNYASINI DƏYIŞIB

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti şeyx Xəlifə bin Zayed Al Nəhyan vəfat edib. “Trend” agentliyinin məlumatına görə, bu barədə BƏƏ-nin Prezident İşləri üzrə Nazirliyi bildirib. Qeyd olunub ki, prezident 73 yaşında dünyasını dəyişib.

Verilən xəbərə görə, ölkədə 40 gün davam edəcək milli matəm elan olunub. Bu müddət ərzində dövlət bayraqları endiriləcək. Üç gün müddətində bütün nazirliklər, dövlət qurumları və özəl müəssisələri bağlı qalacaq.

Bununla yanaşı, bildirilir ki, BƏƏ-nin yeni prezidenti 30 gün ərzində seçiləcək. Məlumata əsasən, bu müddət ərzində prezident vəzifələrini ölkənin vitse-prezidenti və müdafiə naziri, Dubay əmiri Məhəmməd bin Rəşid Al Məktum icra edəcək.

BƏƏ qanunvericiliyinə əsasən, ölkəyə Ali Şura tərəfindən seçilən prezident beş il müddətinə rəhbərlik edir. Bu vəzifəyə ənənəvi olaraq Əbu-Dabi əmiri seçilir. Hazırda Əbu-Dabi əmirliyinin vəliəhd şahzadəsi Xəlifə əl-Nəhyanın qardaşı Məhəmməd bin Zayed Al Nəhyandır.

 

BÖYÜK BRİTANİYA NORVEÇLƏ YENİ BİRGƏ BƏYANNAMƏ İMZALAYIB

Böyük Britaniyanın baş naziri Boris Conson və onun norveçli həmkarı Yonas Störe arasında mayın 13-də Londonda görüş keçirilib. “APA” xəbər verir ki, liderlər görüş çərçivəsində, Avropanın şimalındakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər və Boris Conson bu həftə Finlandiya və İsveçə səfərləri barədə norveçli həmkarına məlumat verib.

Liderlər həmçinin, NATO müttəfiqlərinin Ukraynanı siyasi cəhətdən dəstəkləməsinin vacibliyi ilə bağlı razılığa gəlib, dayanıqlı enerji təchizatının artırılmasının əhəmiyyətini müzakirə ediblər.

Boris Conson görüş zamanı Böyük Britaniya-Norveç münasibətlərinin, ölkələr arasında əməkdaşlığın əhəmiyyətini də xüsusi qeyd edib.

Məlumata əsasən, görüşdən sonra Boris Conson və Yonas Störe Böyük Britaniya-Norveç münasibətlərinə dair yeni birgə bəyannamə imzalayıblar.

 

FRANSA XİN-I TÜRKİYƏNİN BAŞ KONSULLUĞUNA HÜCUMU PİSLƏYİB

Fransa Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Parisdəki Baş konsulluğuna hücumu pisləyib. “APA” verdiyi xəbərə görə, bu barədə mayın 13-də Fransa XİN-in nümayəndəsi brifinqdə çıxışı zamanı bildirib.

XİN rəsmisi vurğulayıb ki, Fransa tərəfi vəziyyəti nəzarətdə saxalamağa davam edəcək.

Mayın 12-də Türkiyənin Parisdəki Baş konsulluğuna bomba atılıb. Hadisə nəticəsində konsulluğun divarları zədələnib, şüşələr sınıb. Hadisə zamanı zərər çəkən olmayıb.

Baş verən hadisəyə görə məsuliyyəti PKK-ya bağlı qruplar üzərinə götürüblər.

Məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edib ki, Fransanın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

 

JOZEP BORRELL: RUSİYA NEFTİNDƏN ASILILIQDAN QURTULMALIYIQ

Avropa İttifaqının xarici işlər nazirləri mayın 16-da keçiriləcək iclasda Rusiya neftinə embarqo qoyulmasını müzakirə edəcəklər. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrell bildirib. O, həmçinin, tezliklə qərar qəbul olunacağına ümid etdiyini vurğulayıb.

“Biz iqtisadi sanksiyalarla Rusiyaya təzyiqi artıracağıq və Rusiyanın beynəlxalq təcrid olunması üzərində işləməyə davam edəcəyik”, - deyə Jozep Borrell əlavə edib.

Ali diplomat həmçinin razılığın əldə olunacağına əminliyini ifadə edib: “Bu razılaşma Rusiya neftinə olan asılılıqdan qurtulmaq üçün bizə lazımdır”.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.