İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Ağır atletika üzrə Azərbaycan birinciliyində ilk gününün qalibləri müəyyənləşib

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyində ilk yarış gününə yekun vurulub.

Yarışın ilk günündə qızlar bütün çəki dərəcələrində, 15 yaşadək oğlanlar 49 və 55, 17 yaşa qədər oğlanlar isə 49 kiloqram çəki dərəcələrində mübarizə aparıblar.

Yaşı 15-ə qədər olan qızlar arasında Gülşən Hüseynova, Türkan Qənbərzadə, Zəhra Niftəliyeva, Arzu Qədimova yaşı 17-yə qədər olan qızlar arasında isə Selcan Qarayeva, Rəhilə Hüseynzadə Azərbaycan birinciliyində qızıl medala layiq görülüblər.

Orxan İmanov yaşı 15-ə qədər olan atletlər arasında qızıl medala sahib olub. Nihat Zairov isə yaşı 17-yə qədər olan atletlər arasında hamıdan güclü olub.

Yaşı 15-ə qədər oğlanlar arasında Hacıağa Məmmədov bütün rəqiblərini üstələyərək qalib adını qazanıb. Əli Mahmudov gümüş, Asim Əliyev isə bürünc medala layiq görülüb.

 

Əməkdar məşqçinin xatirəsinə

AFFA-nın və Gənclər və İdman Nazirliyinin dəstəyi, Şimal-Qərb Futbol Federasiyasının təşkilatçılığı ilə Əməkdar məşqçi Baba Mustafayevin xatirəsinə həsr olunmuş turnir keçirilib.

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda turnirin final oyunu təşkil edilib.

Həlledici oyunda "Uğur" komandasını məğlub edən UGİM-in kollektivi xatirə turnirinin qalibi olub.

Yarışda müxtəlif nominasiyalar üzrə - "Ən yaxşı müdafiəçi", "Ən yaxşı qapıçı" və "Ən yaxşı hücumçu" oyunçulara mükafatlar təqdim olunub.

 

Stolüstü tennisçilərimiz Almaniya və Polşada beynəlxalq turnirlərdə iştirak edəcəklər

Yeniyetmələrdən ibarət seçmə komandalar beynəlxalq "Pro Tur" yarışlarında iştirak edəcəklər. Oğlan tennisçilər mayın 17-dən 19-dək Almaniyanın Berlin şəhərində,  may ayının 20-dən 22-dək isə Polşanın Vladislava şəhərində təşkil olunacaq turnirlərə qatılacaqlar.

Qızlar isə mayın 17-dən 19-dək Vladislavada,  may ayının 20-dən 22-dək Berlində keçiriləcək yarışda bacarıqlarını göstərəcəklər.

Beynəlxalq turnirlərdə ölkəmizin idman şərəfini oğlanlardan Hüseyn Eylazov, Adil Əhmədzadə, Rüstəm Hacılı və Onur Quluzadə, qızlardan isə Arzu Aslanova, Aylin Əskərova, Yağmur Məmmədli və Mərziyə Nürmətova qoruyacaq.

Stolüstü tennisçilərin yarışlarda iştirakı iyul ayında Belqradda keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır.

 

Xüsusi olimpiyaçılar arasında atletika üzrə seçmə yarışları

Azərbaycan Xüsusi Olimpiya Komitəsi tərəfindən Respublika Olimpiya Mərkəzində atletika üzrə seçmə yarışları keçirilib.

Yarışlar xüsusi Olimpiya proqramına uyğun olaraq oğlanlar və qızlar arasında müxtəlif məsafələrə qaçış üzrə təşkil olunub. Yekun nəticələrə görə, komanda hesabında Nizami rayonu 3 saylı xüsusi təhsil məktəbi 3 qızıl, 2 bürünc medalla birinci yeri tutub. Xəzər rayon 12 saylı xüsusi internat məktəbi 2 qızıl medal qazanaraq ikinci, mərkəzi bölmənin yığması isə 1 qızıl, 3 gümüş, 2 bürünc medalla  üçüncü pillədə qərarlaşıb.

Turnirin nəticələrinə görə, ən çox medal qazanmış komandanın bazasında yığma komplektləşdiriləcək və 2023-cü ilin iyun ayında Almaniyada baş tutacaq Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edəcək.

Nərgiz İSMAYILOVA,

"Respublika".