Sağlam həyat
Maraqlı

Sağlam həyat

İdeal yuxu müddəti hesablanıb

Təxminən 500 mindən çox  insanın məlumatını təhlil edən elm adamları sağlamlığımız üçün vacib olan gecə yuxusunun müddəti ilə bağlı araşdırma  aparıblar. Böyük Britaniyanın Kembric və Çinin Fudan Universitetindən olan tədqiqatçılar orta və yaşlı insanlar üçün ən ideal yuxu müddətinin 7 saat  olduğunu müəyyən ediblər.

"Natural Aging" elmi jurnalında dərc olunan məqalədə  38-73 yaş arası insanlarda 7 saat  gecə yuxusunun koqnitiv performans və psixi sağlamlıq üçün ən optimal müddət olmasından bəhs edilib. Bilavasitə tədqiqatçılar  yetkin yaşa çatmış insanlarda  7 saatdan artıq yuxunun idrak performansı və əhvali-ruhiyyəyə mənfi təsir etdiyini müəyyən ediblər.

Sınaq zamanı iştirakçıların  yuxu rejimi, sağlamlığı və əhvali-ruhiyyələri  ilə bağlı sorğu-sual aparılıb.  Respondentlər, həmçinin  vizual diqqət, yaddaşla bağlı  bir sıra  testlərdən keçiblər.  Nəticədə 7 saatlıq fasiləsiz yuxu orta  və yaşlı insanlarda ən  qənaətbəxş müddət  hesab edilib.

Qeyd edək ki,  sınaqlara qatılan respondentlərin 94 faizi ağdərili olduğu üçün  nəticələrin digər etnik və ya mədəni mənşələrə uyğun olub-olmadığı hələ ki, sual altındadır.  Mütəxəssislər, həmçinin fasilələrlə davam edən yuxunun zehni geriləmə riski yarada biləcəyini də qeyd ediblər. Yuxusuzluğun beyində özünü zərərsizləşdirmə prosesinə maneə törətdiyini söyləyən tədqiqatçılar, bu problemin amiloidin yığılmasına səbəb olaraq demansiya və Alzheimer xəstəliyinə yol aça biləcəyini söyləyirlər.

"Gecənin yaxşı yuxusu həyatın bütün mərhələlərində vacibdir,  xüsusilə də  yaşlandıqca", - deyə  tədqiqat müəlliflərindən biri,  Kembric Universitetinin professoru Barbara Sahakian bildirib. 

 

Genləri "qayçılayan" CRISPR-la infarkta son

Ürək böhranına qarşı radikal təklif irəli sürən ABŞ-ın biotexnologiya şirkətlərindən biri, insan genomunu redaktə etməklə infarktın qarşısını almağın mümkün olduğunu iddia edir.

"Verve Therapeutics"  adlı biotexnoloji şirkətin verdiyi açıqlama elm aləminin marağına səbəb olub. Şirkət gen redaktə texnologiyası ilə xolesterol yığılmasının qarşısını almağı hədəfləyir. Şirkətin baş direktoru Sekar Kathiresan  bu üsulun ürək xəstəliklərinə qarşı qalıcı bir həll yolu ola biləcəyini bildirib. Pis xolesterinin yığılmasını dayandırmaq üçün gen redaktə texnologiyası CRISPR-dan istifadə etməyi planlaşdıran şirkət heyəti  genomda dəyişikliklər edəcəyini bildirib.

"Biz bu modeli vahid bir müalicə üsuluna çevirmək ərəfəsindəyik" - deyə Kathiresan qeyd edib.

İlk sınaqlar müsbət nəticə verərsə, şirkət bu yeni texnologiyanı profilaktik müalicəyə çevirməyi və daha çox insan üzərində təcrübə aparmağı hədəfləyir. Həmçinin  müalicənin meymunlar üzərində müsbət nəticə verdiyi də bildirilib. "Forschung und Wissen" jurnalında dərc edilən xəbərə görə, bu üsul iki həftə ərzində heyvanlarda xolesterinin səviyyəsini 59 faiz aşağı salıb. Həmçinin müalicənin üsulunun yaxın zamanda insanlar üzərində də  sınaqdan keçirilməsi planlaşdırılır. Yeni metodun təhlükəsizliyi və effektivliyinə dair kifayət qədər sübut toplamağın lazım olduğunu qeyd edən ekspertlər  prosesin bir neçə il çəkə biləcəyini söyləyiblər.

 

Çəki atmaqda çətinlik çəkənlərə müjdə

Baharla birlikdə piştaxtalarda yavaş-yavaş öz yerini tutmağa başlayan alça, yaz fəslinin müjdəçisi olaraq həm damaqlarımıza dad, həm də sağlamlığımıza sağlamlıq qatır.  Qida mütəxəssisləri və dietoloqlar bir sıra  vitamin,  faydalı minerallarla zəngin  olan bu meyvənin  az kalori, yüksək miqdarda lif,  su tərkibinə görə formada qalmaq istəyənlər üçün əlverişli seçim olduğunu söyləyirlər.

Vücudu sərbəst radikallardan qoruyan alça yüksək miqdarda antioksidant maddələr ehtiva edir. Tərkibindəki C vitamini ilə  immunitet sistemini gücləndirən bu  meyvə bilavasitə A, B, K vitaminləri və bir çox minerallarla da zəngindir. 100 qram alça gündəlik C vitamini ehtiyacının təxminən 16 faizini ödəyir. Həmçinin  C vitamini sayəsində xolesterolu tarazlaşdıran təsirə malik alça damarlarda oksidləşmiş xolesterinin yığılmasının qarşısını alaraq, damar tıxanıqlığı riskini azaldır.

Mütəxəssislər alçanın tərkibindəki yüksək miqdarda lifin bağırsaq sağlamlığını qorumaqla çəkini və qan şəkəri balansını nəzarətdə saxlamaq baxımından xüsusilə  faydalı olduğunu deyirlər. Onlar uzunmüddətli toxluq  hissi yaradan, yüksək qlisemik indeksə (GL) malik bu meyvənin arıqlamaq istəyənlər üçün əla bir fürsət olduğunu qeyd ediblər. Bilavasitə mütəxəssislər meyvənin istehlakına  mane ola biləcək hər hansı bir xəstəliyi olan insanlara mümkün qədər ehtiyatlı olmağı tövsiyə edirlər.

İnformasiya "Apetite" jurnalında dərc edilib.

 

Uzunömürlü insanların sirri nədədir?

Yaşlanma sürətini ləngitmək, sağlam orta yaşınızı 80-ə  və yaxud 100-ə qədər uzatmaq istərdinizmi?  Əslində yaşlanma əleyhinə edilən son kəşflər bunun göründüyü qədər əlçatmaz olmadığını göstərir. Bu mövzu ilə bağlı axtarışa çıxan tədqiqatçılar Yaponiyanın Okinava adasında  yaşayan dünyanın ən  uzunömürlü insanlarının  sağlam yaşam sirlərini çözməyə çalışıblar. Maraqlıdır, bu adanın əhalisinin uzunömürlülüyünün sirri nədədir?

Əslində, Okinava əhalisi adətən meyvə, tərəvəz, soya pendiri və dəniz yosunundan hazırlanmış demək olar ki, yağsız, duzsuz qidalar yeyirlər. Ancaq sağlam qidalanmalarının təməlində nə yedikləri qədər, nə qədər yedikləri də xüsusi rol oynayır.  Okinavalılar "80 faiz tox olduqda süfrədən qalxın" anlamına gələn "Hara Hachi Bu" adlı yemək prinsipini tətbiq edirlər. Bu prinsipin əsas şərtləri yeməyin yavaş-yavaş yeyilməsi və axşam yeməyi ilə səhər yeməyinin arasındakı boşluğun ən az 12 saat olmasıdır.

Son zamanlar elm adamlarının diqqətini çəkən ən maraqlı amillərdən biri də Okinava pəhrizində karbohidratların zülala nisbətinin yüksək olmasıdır. Maraqlı  burasıdır  ki, okinavalıların əsas kalori qaynağı bol miqdarda  şirin kartof istehlakıdır.

"Bu, hazırda tətbiq olunan yüksək proteinli, aşağı karbohidratlı məşhur pəhrizlərin tam əksidir", - deyə Sidney Universitetinin  qidalanma və qocalma üzrə tədqiqatçısı Samantha Solon-Biet  təəccüblə qeyd edib.  Atkins və Paleo pəhrizlərinin populyarlığına baxmayaraq, yüksək proteinli pəhrizlərin əslində uzunmüddətli fayda verməsinə dair çox az dəlil var.

İnformasiya "Bild der Wissenschaft" jurnalında yayımlanıb.

Hazırladı:

 Elenora HƏSƏNOVA,

"Respublika".