ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

Gözdən əlillər üçün "implant" eynək

Hollandiyalı tədqiqatçılar təsvirləri simsiz olaraq beyinə ötürən daxili kameraya malik elektrodlu eynəklərin istehsalına başlayıblar. İmplant gözdən əlil insanlar üçün böyük ümid bəxş edir.

Yüksək texnoloji xüsusiyyətlərə malik eynəyin daxili kamerası görmə qüsurlu şəxslərin müəyyən obyekti təyin edə bilməsi üçün şəklini çəkir.  Eynəyin içərisinə yerləşdirilmiş kompüter təsviri emal edərək radiodalğaları vasitəsilə beyinə simsiz ötürür, daha sonra isə şəxsin dərisinin, boynunun və ya kəllə sümüyünün arxasına yerləşdirilən ötürücü bu siqnalı qəbul edir. Siqnal kor insanın görmə korteksinə qoşulmuş 1000-dən çox elektrod vasitəsilə göndərilən elektrik mesajlarına çevrilir.  Elektrik mesajları isə gözlərdən gələn oxşar məlumatları beynin aktiv hissələrində emal edərək görüntünü meydana gətirir.

Layihə üzərində Hollandiyanın Neyrologiya, Tvente, Radboud Universitetinin alimləri çalışırlar.

İmplant hərəkət edən obyektləri və xətləri tanıyan görmə qabiliyyəti zəif olan meymunlar üzərində sınaqdan keçirilib.

Elm adamları gələcəkdə görüntü keyfiyyətini yaxşılaşdırmaq məqsədilə implantdakı elektrodların sayını artırmağı planlaşdırır. Gözlüklərin təxminən 110.000 funt sterlinq dəyərində olacağı bildirilib.

İnformasiya "Forschung und Wissen" jurnalında dərc edilib.

 

Ayda bitki yetişdirildi

Ay kraterlər və tozla örtülmüş səthə malik olmasına baxmayaraq, kosmik tədqiqatlar üçün perspektivli bir göy cismidir. Uzun müddətdir ki, kosmosda yaşayış məntəqələri yaratmaq arzusunda olan alimlər, indi Ayın torpağında bitki yetişdirməyə bir addım daha yaxınlaşıblar. Belə ki, elm adamları Apollon 11 missiyalarından qayıdan astronavtların özləri ilə gətirdikləri Ay torpağında "xardal otu" adlı bitki yetişdiriblər.

ABŞ-ın Florida Universitetinin alimləri NASA astronavtları tərəfindən Yerə gətirilən torpaqda bitki yetişdirməyi bacararaq bir ilkə imza atıblar.

"Bu inanılmazdır. Bitkilər həqiqətən də Ay "tozunda" böyüyə bilir",- deyə Florida Universitetinin Qida və Kənd Təsərrüfatı Elmləri İnstitutundan Robert Ferl təəccüblə qeyd edib.

Ay torpağı ilə bağlı ən böyük problem bitkilərin Yerə nisbətən daha yavaş böyüməsidir. Əsas səbəb isə Ay torpağının bitkiləri çox sıxması və böyümə sürətini ləngitməsidir. Alimlər bunu Ayın səthinin sərt kosmik radiasiyaya və günəş küləklərinə uzun müddət məruz qalması ilə əlaqələndirirlər. Tədqiqatçılar Yerə gətirilən torpaq nümunələrinin Ayda ən səmərəsiz yer kimi tanınan "Sükut dənizi" adlanan bölgədən götürüldüyünü qeyd ediblər. Bitkilərin inkişafdan qalmasını aradan qaldırmaq üçün Ayın səthindəki vulkan qalıqları olan bölgələrdən istifadə problemin həllinə kömək edə bilər.

İnformasiya "The Guardian" qəzetində dərc olunub.

 

İnsan beyninə çip yerləşdirmə sınaqları başlayır

Beyinə yerləşdirilən çiplə artıq iflic olan xəstələr sadəcə düşünməklə çox şey edə biləcəklər. İnsanlar üzərində aparılan təcrübələr ABŞ-ın ardınca Avstraliyada da başlayıb. Bununla belə, çip texnologiyasının inkişafını müsbət qiymətləndirənlərlə yanaşı, şübhə ilə yanaşanlar da var. Proses planlaşdırıldığı kimi gedərsə, cihazın bir neçə ilə satışa çıxarılacağı gözlənilir.

Çipin istehsalçısı Avstraliyanın Synchron şirkətidir. Hazırlanmış çip ağır iflicli xəstələrə kömək etmək məqsədi daşıyır.

Bu yolla gələcəkdə iflicli şəxslər kompüterdən elektron məktublar göndərə, alış-veriş edə, hətta fikirlərini yazıya çevirə biləcəklər. Nyu-Yorkda artıq bir neçə xəstə üzərində sınaqlara başlanılıb. İnsanlar üzərində aparılan bütün sınaqlar uğurlu olarsa və cihaz ABŞ Qida və Dərman Administrasiyası tərəfindən təsdiqlənərsə, yaxın gələcəkdə satışa çıxarıla bilər.

İnformasiya " MedicalXpress" veb saytında yayımlanıb.

 

Robot texnologiyasında inqilab!

Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları robot texnologiyasında inqilab edəcək yeniliyə imza atıblar. Robota müəyyən tapşırıqları yerinə yetirməyi öyrədən tədqiqatçılar, bu yeniliyin daha çox daşınma xidmətlərində istifadə ediləcəyini söyləyirlər.

Tapşırıqları 10-15 dəqiqə ərzində icra edən robot, 3D görüntülərinin yenidən quraşdırılması üçün "neyron şəbəkəsi" sistemindən istifadə edir. Neural Descriptor Field (NDF) adlı bu model robota öyrəndiklərini tez bir zamanda qavramağa və daha sonra isə tətbiq etməyə imkan verir. Mütəxəssislər robotun təlim prosesinin eynilə uşaqların öyrədilməsinə bənzədiyini qeyd ediblər. Həmçinin robota hər hansı bir işin tapşırılmasından əvvəl icra edəcəyi işin insan tərəfindən göstərilməsi vacibdir. Obyekti nə qədər doğru bir şəkildə qavraması və tuta bilməsi sınaqdan keçirilən robot 85 faiz uğur nümayiş etdirib.

Əşyaların daşınması, yerləşdirilməsi, saxlanılması, kimi müxtəlif vəzifələri icra edə bilən robotdan e-ticarət depolama işlərində istifadə ediləcəyi nəzərdə tutulur.

İnformasiya "TechXplore" veb saytında yayımlanıb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".