DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

PUTİNDƏN FİNLANDİYA VƏ İSVEÇİN NATO İLƏ BAĞLI QƏRARINA MÜNASİBƏT

“NATO özünün geosiyasi siyasətindən kənara çıxır və digər regionlarda siyasətə təsir etməyə çalışır. Bu, bizdən diqqətli olmağı tələb edir”. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində çıxışı zamanı bəyan edib.

Bununla yanaşı, Finlandiya və İsveçin NATO-ya qoşulması haqqında danışan Vladimir Putin Rusiyanın bu dövlətlərlə probleminin olmadığını, bu dövlətlər hesabına genişlənmənin Rusiya üçün bilavasitə təhlükə yaratmadığını vurğulayıb.

Eyni zamanda, Putin qeyd edib ki, bu ərazidə hərbi infrastrukturun genişləndirilməsi Rusiyanın cavab reaksiyasına səbəb olacaq. “Bu reaksiyanın necə olacağına yarana biləcək təhlükələrdən çıxış edərək qərar verəcəyik”, - deyə Vladimir Putin əlavə edib.

 

VİKTOR ORBANDAN AVROPADA TƏNƏZZÜL ERASI İLƏ BAĞLI XƏBƏRDARLIQ

Macarıstanın baş naziri Viktor Orban Avropada tənəzzül erası ilə bağlı xəbərdarlıq edib. “APA”nın xəbərinə görə, bu barədə Viktor Orban dördüncü dəfə seçildiyi baş nazir postuna andiçmə mərasimində bildirib.

Baş nazir rəsmi Brüsseli gücdən sui-istifadə etməkdə, ölkələrin suverenliyinə təzyiq göstərməkdə ittiham edib. Lakin bu ittihamına baxmayaraq, o bildirib ki, Macarıstanın yeri növbəti onillikdə Avropa İttifaqındadır.

Eyni zamanda, Viktor Orban qeyd edib ki, Macarıstanın enerji təhlükəsizliyi üçün risk yaratmadığı müddətdə, onun ölkəsi Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına mane olmayacaq. O deyib: “Müharibə və buna cavab olaraq verilən Avropa sanksiyaları siyasəti enerji böhranı yaradıb. Enerji böhranı və ABŞ-dakı faiz artımı birlikdə yüksək inflyasiya dövrünü gətirib. Bütün bunlar Avropada iqtisadi hasilatın azalması, durğunluq və hasilatın cüzi artımlarının bir-birini izləyəcəyi tənəzzül dövrünü gətirəcək”.

Bununla yanaşı, baş nazir Ukraynada davam edən müharibəyə də toxunub. O, müharibənin uzun müddət davam edəcəyini və Macarıstan üçün daimi təhlükəsizliyə təhdid yaradacağını əlavə edib.

 

UKRAYNA ORDUSU XARKOVDA RUSİYA İLƏ SƏRHƏDƏ ÇATIB

Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xarkov vilayətində Rusiya ilə dövlət sərhədinə çatıb. Bu barədə “Report” Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin “Facebook” sosial şəbəkəsindəki videosuna istinadən xəbər verib.

Məlumata əsasən, 127-ci ərazi müdafiə briqadasının 227-ci batalyonunun hərbçiləri prezident Volodimir Zelenskiyə döyüş tapşırığının yerinə yetirilməsi barədə raport veriblər.

Bildirilir ki, döyüşçülər mayın 15-də Rusiya Federasiyası ilə sərhədə çatıblar. Onlar Xarkov vilayətinin şimalının Rusiya hərbçilərindən təmizlənməsi əməliyyatı zamanı əldə edilən strateji uğurdan danışıblar.

Xatırladaq ki, bu yaxınlarda Xarkov vilayətinin hərbi administrasiyası Ukrayna Silahlı Qüvvələrinin İzyum istiqamətində əks-hücum əməliyyatına başlaması barədə məlumat yaymışdı.

 

KİM ÇEN IN HƏRBÇİLƏRİ KORONAVİRUS SƏBƏBİNDƏN SƏFƏRBƏR EDİB

Şimali Koreya lideri Kim Çen In ölkədə koronavirusun yayılması fonunda apteklərə dərman tədarükünü təşkil etmək üçün ordunun səfərbər edilməsi barədə göstəriş verib. “Teleqraf.com”un xəbərinə görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilir ki, Koreya Əmək Partiyasının Siyasi Bürosu ölkədəki vəziyyətlə əlaqədar təcili iclas keçirib. Orada Şimali Koreya lideri qeyd edib ki, dövlət orqanlarının göstərişinə baxmayaraq dərmanlar apteklərə çatdırılmayıb. Bununla əlaqədar, Kim Çen In KXDR Xalq Ordusunun hərbi tibbi qüvvələrin Pxenyana dərman təchizatının dərhal stabilləşdirilməsinə cəlb olunmasını əmr edib.

Eyni zamanda, qeyd olunur ki, ölkədə son 24 saat ərzində 8 nəfər koronavirusdan vəfat edib, 400 min insan isə bu xəstəliyə yoluxub. Şimali Koreyada koronavirusdan dünyasını dəyişənlərin ümumi sayı 50 nəfərə çatıb. Həmçinin, xəstələrdən birində testlər nəticəsində “gizli omikron” kimi tanınan “omikron BA.2” koronavirus ştammının variantı aşkar edilib.

 

NATO GƏLƏN AY YENİ STRATEJI KONSEPSIYASINI TƏQDİM EDƏ BİLƏR

NATO-nun iyunda Madriddə keçiriləcək sammitində qəbul ediləcək yeni strateji konsepsiyası Rusiyanın davranışını “qaçılmaz təhlükə” kimi təyin edə bilər. “Report”un verdiyi xəbərə görə, bu barədə “Bloomberg” agentliyi NATO rəsmisinə istinadən xəbər verib.

Agentliyin məlumatına əsasən, sənəddə Çin və onun Rusiya ilə münasibətləri də qeyd olunacaq. Bundan əlavə, hücuma məruz qalan qonşu ölkələrə daha effektiv dəstək müzakirə olunacaq.

“Müttəfiqlər, ehtimal ki, Moskvanın davranışı dəyişərsə, münasibətlərin bərpası imkanlarını açıq buraxacaqlar”, - deyə NATO rəsmisi vurğulayıb.

Eyni zamanda, qeyd edilir ki, 2010-cu ildən strategiyanın əvvəlki variantında Rusiya “tərəfdaş” kimi göstərilmişdi, indi bu ifadə çıxarılacaq.

 

HİNDİSTANDA HAVANIN TEMPERATURU 50 DƏRƏCƏYƏ YAXINLAŞIR

Hindistanın şimalında anomal istilər davam edir. “APA”nın “BBC” agentliyinə istinadən verdiyi xəbərə görə, Dehlidə havanın temperaturu Selsi şkalası üzrə artıq 49,2 dərəcəyə yüksəlib. Bunun mart ayından sonra ölkədə beşinci isti hava dalğası olduğu bildirilir.

Məlumata əsasən, son günlər ərzində xüsusilə də Himaçal Pradeş, Haryana, Uttaraxand, Pəncab və Bihar əyalətlərində havanın temperaturunun kəskin artdığı müşahidə edilib.

Bununla yanaşı, Hindistanın Hidrometeorologiya Departamenti bəzi bölgələrdə temperaturun 2-4 dərəcə düşə biləcəyini, lakin ümumən ölkədə kəskin isti havaların davam edəcəyini açıqlayıb.

Yerli hakimiyyət orqanları insanlara bu günlərdə küçəyə çıxmamağı məsləhət görüb və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

 

AVROPA RUSİYA QAZINI ALMAQ HAQQINDA PLAN HAZIRLAYIB

Avropa Birliyi sanksiyaları pozmadan Rusiya qazının alınması haqqında plan hazırlayıb. “APA”nın verdiyi xəbərə görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Bildirilir ki, bu plan Rusiyanın yanacağın pulunu rublla ödəmək tələbi yerinə yetirilmədən baş tutacaq.

Keçirilən qapalı iclasda Avropa Komissiyası Avropa İttifaqına üzv dövlətləri məlumatlandırıb ki, yeni təlimat şirkətlərin “Qazprombank”da hesab aça biləcəyini, eyni zamanda ödənişlərin dollar və ya avro ilə olacağını ehtimal edir.

Məlumata görə, bu şərtlər yerinə yetirilərsə, tənzimləyici şirkətlərin hərəkətləri sanksiyaların pozulması kimi qiymətləndirilməyəcək. İclasda bu məsələ ilə bağlı bir sıra fikir ayrılıqları da yaranıb.

Bəzi ölkələrin şirkətləri bu planda “Qazprombank”da rubl hesabının açılmaması haqqında təlimatın olmamasından da narazı qalıb.

Agentliyin fikrincə, bu aspekt əsas cəhətlərdən biridir. Çünki rubl hesabının yaradılması, baxmayaraq ki, bu, əvvəllər rəsmi şəkildə qeydə alınmayıb, sanksiyaların pozulması kimi qiymətləndirilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.