Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Tibb tarixində görünməmiş hadisə: ölü "dirildi"

Bu yaxınlarda  beynəlxalq ictimaiyyəti heyrətə gətirən  tükürpədici bir hadisə baş verib. Eşidənləri həm qorxudan, həm də sevindirən bu hadisə ABŞ-ın Utah Universitetinin Moran Göz Mərkəzində qeydə alınıb.  Belə ki,  orqan bağışlanması üçün xəstəxanaya  gətirilən, beyin ölümü keçirən  bir xəstənin gözləri  vəfat etməsindən 5 saat keçməsinə baxmayaraq, işığa reaksiya verib.

Dr. Fatimə Abbasın rəhbərlik etdiyi həkim briqadası  tərəfindən ölünün gözləri çıxarıldıqdan sonra şüalarla müalicə edilib. Prosedur sayəsində mərhumun gözləri yenidən açılıb və irəliyə doğru baxmağa başlayıb. Tədqiqatçılar vəfat etmiş insanın torlu qişa hüceyrələrinin ölümdən 5 saat sonra belə işığa reaksiya verdiyini və bir-birilərilə  əlaqə qurduqlarını ortaya çıxarıblar. Gördükləri mənzərə qarşısında heyrətə gələn elm adamları artıq ölmüş bir  insanın  yenidən həyata qaytarıla biləcəyini güman edirlər. Tibb tarixində  ilk olan bu hadisədən sonra yeni bir araşdırmaya başlanılıb. Elm dünyasını silkələyən bu  hadisənin təfərrüatları " Nature" jurnalında dərc edilib.

Fatimə Abbas və komandası şahidi olduqları hadisə ilə bağlı ətraflı məlumat toplamaq  üçün hərəkətə keçib. Komanda beyin ölümü keçirən bir xəstənin dirilmə ehtimalının olub-olmadığını öyrənmək məqsədilə təcili araşdırmalara başlayıb.

"Biz gözdəki fotoreseptor hüceyrələri oyandırmağı bacardıq. Torlu qişa hüceyrələrinin canlı gözdə olduğu kimi, müxtəlif işıq səviyyələrinə uyğunlaşaraq cavab verməsinə  nail olduq. Bu, əvvəllər heç bir şəkildə əldə edilə bilməyən bir durum idi", - deyə həkimlərdən biri dr. Frans Vinberq qeyd edib.

Qeyd edək ki, buna bənzər bir araşdırma  daha öncə 2019-cu ildə Jale Universitetində aparılmışdı və elm adamları 32 donuzun beynini yenidən aktivləşdirməyə nail olmuşdular.

 

Dünyanın ən çox kitab oxuyan ölkələri

Bu yaxınlarda kitab oxumağa  ən çox zaman ayıran ölkələrin siyahısı tərtib edilib.  Bu siyahıda Hindistan dünyada  kitab oxumağa ən çox vaxt sərf edən ölkələrin siyahısında birinci yeri tutub. Bu ölkədə  insanların orta hesabla həftədə 10 saat 42 dəqiqə kitab oxuduğu məlum olub. Mütaliəyə ən çox vaxt sərf edən ilk 10 ölkədən 6-sı Asiyanın, 4-ü  isə Avropanın payına düşüb.

Böyük Britaniyada  yerləşən "Global English Editing" media monitorinq agentliyinin  məlumatlarına əsaslanaraq dünya üzrə ən çox kitab oxuyan ölkələr müəyyənləşdirilib. Siyahının başında həftədə 10 saat 42 dəqiqə ilə Hindistan, ikinci yerdə həftədə 9 saat 24 dəqiqə ilə Tailand, üçüncü yerdə isə həftədə 8 saatla Çin qərarlaşıb. Kitab oxuma indeksi fərdlərin həftəlik olaraq kitab oxumağa sərf etdiyi vaxta əsaslanır.

Çap olunmuş  kitablarla yanaşı, qəzetlər, jurnallar və onlayn məzmun da daxil olmaqla hər cür oxunaqlı materiallar araşdırma və qiymətləndirməyə daxil edilib. İlk onluğa daxil olan digər ölkələr  Filippin (7 saat 36 dəqiqə), Misir (7 saat 30 dəqiqə), Çexiya (7 saat 24 dəqiqə), İsveç (7 saat 6 dəqiqə), Fransa (6 saat 54 dəqiqə), Macarıstan (6 saat 54 dəqiqə)  və Səudiyyə Ərəbistanı (6 saat 48 dəqiqə) bu şəkildə sıralanıb. Qardaş ölkə Türkiyə isə kitab oxumağa ayırdığı vaxta görə siyahıda 18-ci yerdə qərarlaşıb.

 

Qaranlıqdan niyə qorxuruq?

Demək olar ki, çoxlarımız uşaqlıqda qaranlıqdan qorxmuşuq. Uşaq ağlımızla bütün canavarların gecələr gizləndikləri yerdən çıxacağına və bizə hücum edəcəyinə inanardıq. Bəzən aralı qapının arxasından qara bir əl çıxacağından,  bəzən də otağa düşən kölgədən belə qorxardıq. Hətta  bu qorxu bəzi insanlarda yetkinlik dövründə  belə  müşahidə edilir. Bəs bunun səbəbi nədir? Daha doğrusu elm bu barədə nə deyir?

Hər fobiyada olduğu kimi, qaranlıq qorxusunun da psixoloji bir izahı var.  Alimlər qorxu hissinin ağrı hissinə bənzədiyini və mümkün təhlükədən qorunmaq üçün olduğunu deyirlər. Araşdırmalardan əldə edilən nəticələrə görə,  qaranlıq qorxusu  bizə uzaq keçmişdəki qohumlarımızdan miras qalmış təkamül xüsusiyyətidir. Əcdadlarımız  qaranlıq düşəndə yırtıcıların hücumuna daha çox məruz qaldıqları üçün gecələr  daim  səksəkədə olurdular. Belə ki, yırtıcıların onlara hücum etməsindən qorxduqları üçün gecələr  gizlənirdilər. Zaman keçdikcə insanlarda  bu qorxu hissi instinktləşərək bir növ müdafiə mexanizmi kimi  inkişaf etdi. Bu baxımdan da ətrafımızda baş verən hər şeyi bilmək istəyimiz təhlükəsizliyimizi qorumaq və sağ qalmaq istəyimizdən qaynaqlanır. Xoşbəxtlikdən əcdadlarımız kimi ətrafımızda yırtıcı heyvanlar yoxdur. Bəs hələ də nədən qorxuruq?

Bu qorxu zamanla öz-özünə yox olmazsa, nikofobiya  (qaranlıq qorxusu) kimi tanınan fobiyaya çevrilə bilər ki, bu da münasibətlərimizə,  gündəlik iş qabiliyyətimizə  mənfi təsir göstərə bilər. Əgər bu hiss gecələr evdən çıxa bilməyəcək bir həddə çatarsa, o, artıq adi qorxu deyil, fobiyadır.

 

Meymunlar da "salamlaşırmış"

İndiyə qədər salamlaşmaq və ya vidalaşmaq kimi ritualın təkcə bizlərə məxsus olduğunu düşünürdük. Lakin yeni araşdırmada  bu xüsusiyyətin meymunlarda da olduğu ortaya çıxıb. Meymunlarda qarşılıqlı əlaqə zamanı niyyətlərini bölüşmək üçün istifadə etdikləri jestlərin əksəriyyətində bir-birinə toxunmaq, əl-ələ tutmaq və hətta başlarını bir-birinə vurmaq müşahidə edilib.

"iScience" jurnalında dərc edilən yeni araşdırmaya görə, bu heyvanlar şüurlu şəkildə "salam" və "sağ ol" siqnallarından sosial əlaqəni başlatmaq və bitirmək üçün istifadə edirlər ki, bu da insanlardan başqa digər  canlılarda indiyə qədər  heç vaxt görünməmiş bir davranışdır.

Zooparklarda   şimpanze  və  cücə şimpanze kimi tanınan bonoboların 1200-dən çox qarşılıqlı əlaqəsini təhlil edən tədqiqatçılar, meymunların sosial qarşılıqlı əlaqə zamanı niyyətlərini bölüşmək üçün tez-tez baxışlardan və ya jestlərdən istifadə etdiklərini müəyyənləşdiriblər. Buraya jestlərə bir-birinə toxunmaq, əl-ələ tutmaq və hətta başlarını bir-birinə vurmaq kimi jestlər daxildir.

Elm adamları heyvanlardakı bu  qabiliyyətin nəzakətdən çox  qarşılıqlı öhdəlik hissi ilə əlaqəli olduğunu söyləyirlər. Tədqiqatçılar bunun  həm də,  qarşılıqlı anlaşma prosesinə əsaslandığını deyirlər.

Bununla belə tədqiqat müəllifləri  həm insanlarda, həm də digər canlılarda olan bu cür  ortaq  davranış xüsusiyyətlərinin mənşəyi və təkamülü ilə bağlı daha çox araşdırmaya ehtiyac olduğunu qeyd ediblər.

Hazırladı:

 Elenora HƏSƏNOVA,

"Respublika".