Dahiləri bir də belə tanıyaq
Maraqlı

Dahiləri bir də belə tanıyaq

Qalileo Qaliley

Məşhur italyan alimi, müasir fizika və astronomiya elmlərinin banisi, Kopernikin davamçısı Qalileo Qaliley ömrü boyu psixoloji xəstəliklərdən əziyyət çəkib. Ətrafdakılara əhəmiyyətsiz görünən hadisələrdən mühüm nəticələr çıxaran  Qalileo Qalileyin sonradan tibb elmində məşhurlaşan "Qaliley sindromu"nun daşıyıcısı olması təsadüfi deyildi. Onun xəstəliyi elə öz adından götürülüb. Bu tip insanlar belə düşünürlər ki, cəmiyyətin ümumi düşüncəsinə zidd olan ideyalar mütləq şəkildə doğrudur və buna görə də hər şeyin əksini sübut etməyə çalışırlar.

Atası tərəfindən yəhudi monastırına  tibb təhsili almaq üçün göndərilsə də, o,  tərsliyindən həkimliyi yox,  keşişliyi seçir.  Günəşin öz oxu ətrafında  fırlanmasını kəşf etdiyinə və Kopernikin təlimlərini yaydığına görə alim  allahsızlıqda təqsirləndirilərək İnkvizisiya məhkəməsinə cəlb edilir. Alimi işgəncə və tonqalda yandırmaqla təhdid edən inkvizitorlar onu Kopernikin təlimindən imtina etməyə məcbur edirlər. Ömürlük həbs hökmü oxunan dahinin cəzası   sonradan ev dustaqlığı ilə əvəz edilir. Başına gələn bütün  bu hadisələrə baxmayaraq, deyilənə görə hətta Qaliley məhkəmə salonundan çıxanda da "Hər halda o, fırlanır" deyərək öz inadından əl çəkməyib.  Ev dustağı olmasına baxmayaraq, elmdən uzaqlaşmayan alim kor vəziyyətdə  olsa da yeni kitablar diqtə edir. Hətta  Qalileo bu ərəfədə borclarını ödəmək üçün  topların yerini müəyyən edən hərbi kompas hazırlayaraq bir müddət pul qazanır.

Kilsədən qovulan və öləndə dini qayda-qanunlara uyğun basdırılmağı qadağan edilən Qalileonun nəşi villasının həyətində dəfn edilir və ölümündən yüz il sonra başqa bir qəbiristanlığa köçürülür. Ən maraqlısı  isə odur ki, həyətində  dəfn edilərkən pərəstişkarlarından biri gizlincə alimin sağ əlinin orta barmağını kəsib götürübmüş. Hazırda Qalileonun oğurlanmış  barmağı  Florensiya Elm və Tarix muzeyində saxlanılır.

Qalileonun ən məşhur pərəstişkarlarından biri Eynşteyn olub. Məşhur alim həmişə Qalileonun: "Həqiqətlə bağlı fikirlər təcrübə ilə başlayıb, təcrübə ilə də sona yetir", - sözünü xatırladar: "Məntiqi üsullarla əldə edilən bütün fikirlər boşdur və faktiki əsasları yoxdur" - deyərmiş.

Həyatı boyu heç vaxt evlənməyən dahi üç uşağının anası ilə belə nikaha girməyib. Deyilənlərə görə,  Qalileo nikahdankənar doğulan qızları üçün başlıq pulu vermədiyindən onlar ömürlərinin sonuna qədər monastırda qalmağa məcbur olublar.

 

Blez Paskal

"Ey həyat, ölümə minnətdar ol! Səni ona görə sevirəm". Belə deyərdi dahi mütəfəkkir. İlk hesablama maşınının ixtiraçısı, hidrostatikanın yaradıcısı Blez Paskal özünü aldatmadan yaşamağa inanırdı. Daim gerçəkliyin və əbədiyyətin sirli mahiyyəti üzərində çılğın-gərgin ideya axtarışları Paskalı varlığındakı uçurumların qırağınadək gətirib çıxartdı...

Həyatı boyu  xəstəliklər "siyahısından" əziyyət çəkən Paskal beyin xərçəngindən tutmuş onurğa problemlərinə qədər yaşamışdı. Müasirləri  Paskalın 37 yaşında ikən həyat görmüş qocaya bənzədiyini deyirdilər.  Xüsusilə uşaqlıqdan sağlamlığı fiziki zəifliklə xarakterizə olunan Paskalın iki yaşından  bağırsaq xəstəlikləri, əzələ atrofiyasına səbəb olan xəstəliklərə düçar olması, illər keçdikcə onda qəribə fobiyalar və depressiyalara yol açdı.

Alimin həyatında bir neçə dəfə onun ruhunu silkələyən möcüzələr baş verib. Məsələn, bir dəfə Parisdə körpüdən keçərkən Paskalın mindiyi kareta qəzaya uğrayır. Atlar Sena çayına yuvarlanır, sanki möcüzə nəticəsində qoşqu qayışları qırılır. Karetanın batmaq təhlükəsi sovuşur. Bu hadisə Paskalı  o qədər sarsıdır ki, dərin mənəvi böhranlar keçirən dahi birdəfəlik dinə üz tutur. Pol-Royalda tənhalığa çəkilib yalnız yazıçılıq fəaliyyətilə məşğul olmağa başlayır. Lakin Paskal dini ənənəvi qavramda qəbul etmir. Onun özünü, ehkamlarını da sorğu-suala çəkir, "Əsl din böyüklüyü və heçliyi aşkara çıxarmalıdır" - yorumuna gəlir.

Paskalın həyatında yeganə sevgi elm idi. Asket həyat tərzinə sadiq olan Paskal ömrünün sonunadək heç bir qadınla münasibət qurmayıb. Ona görə də, böyük alimin nəslindən söhbət gedə bilməz.

Eyni müddətdə bir neçə xəstəlikdən  əziyyət çəkən 39 yaşlı dahinin ölüm səbəbi də bəlli deyil.

 

III Vlad Tsepeş (Drakula)

Dünya ədəbiyyatında Brem Stokerin təxəyyülünün məhsulu olan  məşhur "Drakula" əsərinin baş  qəhrəmanı vampir elə III Vlad Tsepeşin özüdür.  Əslində obraz vampirin törətdiyi müdhiş vəhşiliklər, əsl Drakulanın - yəni, həqiqətdə Valaxiyanın (indiki Rumıniya ərazisi) knyazı olmuş, "Drakula" ləqəbli  Vladın törətdiyi qorxunc vəhşiliklərlə müqayisədə, uşaq nağıllarına bənzəyir.

Ağlasığmaz kimi görünsə də, Drakula sözün əsl mənasında bir qaniçən olub. Ən dəhşətlisi isə odur ki,  o qanı qida məhsulu kimi gündə bir neçə dəfə qəbul edirmiş.  Deyilənlərə görə, yaşadığı müddət ərzində  yüz min adamı qətlə yetirən  Drakula öz şikarının boğazını dişləyərək vampir tək  qanını içmirmiş.

Onun bu qorxunc əməlinin səbəbi isə qətlə yetirilən atasının  qisasını almaq məqsədilə olub.  "Drakula"nın mənası - rumın dilində "Əjdaha oğlu" deməkdir. III Vlad (Drakula) həqiqətən də istəyirdi ki, onu "Drakula" deyə çağırsınlar. Onun atası II Vlad  "əjdaha ordeni"  gizli cəmiyyətinin üzvü olmuş və bununla həmişə fəxr etmişdir. Hətta adını dəyişib "Drakul" qoyubmuş. III Vlad da sonralar həmin ordenin üzvü olmuş və "Drakula" adlandırılmışdır.  Vlad atasının "şərəfli" yolunu davam etdirərək  törətdiyi vəhşiliklərə  görə sonralar  xalq arasında  "İblisin oğlu" ləqəbini də qazanmışdı.

Deyilənlərə görə, bu iblis həm də çox böyük yumor hissinə malik imiş. Əksər hallarda öz şikarını öldürməzdən əvvəl onunla zarafatlaşarmış. O, bunu adamlara işgəncələr verə-verə edərmiş.

Adamları payaya keçirtdirmək onun yeganə cəza növü idi. İlk baxışda adama elə gələ bilər ki, Drakula sadəcə bir manyak və ya dəli imiş. Amma bu, heç də belə deyil.  Valaxiyanın knyazı törətdiyi bütün vəhşilikləri guya qanunlar çərçivəsində edirmiş.

Deyilənlərə görə, Drakulanın cəsədi Buxarest yaxınlığındakı monastır qəbiristanlığında basdırılmışdır. Digər bir məlumat isə bunun əksini söyləyir. Bu məlumata görə, başı kəsildikdən sonra Drakulanın başsız cəsədi yoxa çıxmış, tapılmamışdır. Başqa bir  məlumata əsasən isə Drakulanın cəsədi torpağa tapşırılmış, amma sonradan onun qəbri yoxa çıxmışdır. Bu versiya - yəni, qəbrin yoxa çıxması daha inandırıcıdır. Çünki Drakulanı dəfn edəndə, bütün cəh-cəlalları ilə birgə basdırmışdılar. Yəqin ki, sonradan soyğunçu quldurlar tərəfindən qəbir qarət olunaraq  məhv edilib.

Hazırladı:

 Elenora HƏSƏNOVA,

"Respublika".