DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

UKRAYNA PREZIDENTI: MÜHARİBƏNİN SON MƏRHƏLƏSİ BAŞLAYIB

Ukrayna prezidenti Volodimir Zelenski müharibənin son mərhələsinin başlandığını bəyan edib. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Dövlət başçısı qeyd edib ki, müharibənin son mərhələsi ən çətin və qanlı mərhələdir və bu səbəbdən də ukraynalıları xaricdən qayıtmağa çağırış edə bilmir.

“Son mərhələ ən çətin, ən qanlı mərhələdir. Açığını deyim ki, Kiyev vilayətinin işğaldan azad olunmasından sonra elə bir hiss var ki, müharibə bitib. Bu isə sadəcə raketlərin uçmadığı ana qədər belədir”, - deyə Zelenski vurğulayıb.

Prezident həmçinin insanların ölkənin canlandığını gördüyünü və bunun belə də davam edəcəyinə söz verib. O deyib: “Bu gün xaricdə olan hər kəsə “evə qayıdın” deyə çağırış edə bilmərəm, çünki müharibə hələ bitməyib. Bu, hələlik hər bir insanın öz seçimidir”.

Eyni zamanda Volodimir Zelenski əmin edib ki, müharibə başa çatdıqdan sonra Ukrayna təhlükəsizlik məsələsinə böyük diqqət yetirəcək.

 

NATO 40 MİNDƏN ÇOX HƏRBÇİSİNİ DÖYÜŞ HAZIRLIĞI VƏZİYYƏTİNƏ GƏTİRİB

NATO yüksək döyüş hazırlığı vəziyyətində olan qüvvələrin sayını 42 minə çatdırıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Brüsseldə keçirilən mətbuat konfransında NATO müttəfiq qüvvələrinin  Avropadakı ali baş komandanı amerikalı general Todd Uolters bildirib.

“Avropada Ali Baş Komandan kimi mənim rəhbərliyim altında hazırda yüksək döyüş hazırlığı vəziyyətində olan 42 mindən çox hərbçimiz və 120 təyyarəmiz var, 20-dən çox gəmi də hazır vəziyyətdədir”, - deyə general vurğulayıb.

Eyni zamanda, Todd Uolters qeyd edib ki, hazırda Birləşmiş Ştatların kollektiv müdafiəyə töhfəsi 100 mindən çox hərbi qulluqçudan ibarətdir.

Bununla yanaşı, amerikalı generalın sözlərinə görə, NATO-nun qətiyyəti və birliyi heç vaxt bu qədər yüksək olmayıb.

 

FRANSA HÖKUMƏTİNDƏ YENİ TƏYİNATLAR

Fransa hökumətində yeni nazirlər təyin edilib. “Report” agentliyinin verdiyi xəbərə görə, təyinatları Yelisey sarayının baş katibi Aleksis Koler elan edib.

Məlumata əsasən, Katrin Kolonna Fransanın yeni xarici işlər naziri təyin edilib. O, 2017-ci ildən nazirliyə rəhbərlik edən Jan-İv Le Drianı əvəz edib.

Fransanın Silahlı Qüvvələr Nazirliyinə Sebastyan Lekornyu rəhbərlik edəcək. Daxili işlər naziri Cerald Darmanen, iqtisadiyyat və maliyyə naziri isə Brüno Le Mer olacaq.

Bununla yanaşı, bildirilir ki, Anyes Panye-Rünaşe energetika naziri vəzifəsini icra edəcək. Əvvəlki hökumətdə o, sənaye nazirinin nümayəndəsi vəzifəsində çalışıb.

Eyni zamanda, Ameli de Monşalen isə Fransanın Ətraf Mühitin Planlaşdırılması və Əraziləri naziri təyin olunub.

 

DÜNYANIN ƏN BAHALI AVTOMOBİLİ 135 MİLYON AVROYA SATILIB

1955-ci il istehsalı olan “Mercedes-Benz 300 SLR” modeli Almaniyada keçirilən hərracda rekord qiymətə - 135 milyon avroya satılıb. “APA”nın xəbərinə görə, hərrac Ştutqartdakı “Mercedes-Benz” muzeyində baş tutub.

Məlumata əsasən, nadir avtomobilə edilən təklif 2018-ci ildə 48,4 milyon dollara satılan “Ferrari” avtomobilinin 1962-ci ildə istehsal olunan “250 GTO” modelinə edilən təklifdən 90 milyon avro çoxdur.

Qeyd edək ki, “Mercedes-Benz 300 SLR” 1955-ci ildə Rudolf Uhlenhout-un rəhbərlik etdiyi şirkətin yarış departamenti tərəfindən hazırlanmış iki prototipdən biridir.

 

COZEF BAYDENİN ŞƏRQİ ASİYAYA SƏFƏRİ BAŞLAYIB

ABŞ prezidenti Cozef Baydenin mayın 20-də şərqi Asiya ölkələrinə - Cənubi Koreya və Yaponiyaya səfəri başlayıb. “Report” agentliyinin xəbərinə görə,  bu barədə məlumatı Ağ Ev yayıb.

Bildirilir ki, səfər çərçivəsində prezident Cənubi Koreya lideri Yun Sok Yol və Yaponiyanın baş naziri Fumio Kisida ilə görüşəcək.

Məlumata əsasən, görüş zamanı tərəflər arasında təhlükəsizlik münasibətlərinin dərinləşdirilməsi, iqtisadi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

Bununla yanaşı, açıqlamaya görə, Cozef Bayden Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq Qrupunun (QUAD) liderləri ilə Tokioda görüş keçirəcək.

 

BMT İRANA QARŞI SANKSİYALARI LƏĞV ETMƏYƏ ÇAĞIRIB

BMT Təhlükəsizlik Şurasının razılığı olmadan ABŞ və digər ölkələrin Tehrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalar ləğv edilməlidir. “Trend”in xəbərinə görə, bu barədə BMT-nin birtərəfli məcburi tədbirlərin insan hüquqlarına mənfi təsiri üzrə xüsusi məruzəçisi Yelena Dovqan İrana səfərindən sonra bəyan edib.

Xüsusi məruzəçi xatırladıb ki, ABŞ 1970-ci illərin sonlarından etibarən İrana qarşı sanksiyalar tətbiq edir və bu tədbirlər dəfələrlə genişləndirilib.

Eyni zamanda, məruzəçi əlavə edib ki, Avropa İttifaqı 2010-cu ildə İrana qarşı hərtərəfli iqtisadi və ticarət sanksiyaları, 2012-ci ildə isə neft embarqosu tətbiq edib.

Yelena Dovqanın sözlərinə görə, Tehrana qarşı məhdudiyyətlər Avstraliya, Böyük Britaniya və Kanada da daxil olmaqla bir sıra digər ölkələr tərəfindən də qoyulub.

 

KXDR-DƏ QIZDIRMALI INSANLARIN SAYI 2 MİLYON NƏFƏRİ KEÇİB

Koreya Xalq Demokratik Respublikasında qızdırma hallarının sayı 2,2 milyon nəfəri keçib. “APA”nın Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən verdiyi xəbərə görə, son sutkada 263 mindən çox yeni  yoluxma və iki ölüm halı qeydə alınıb.

Hazırda xəstəlikdən ölənlərin ümumi sayı 65-ə çatıb. Mayın 19-na olan məlumata əsasən, 1,5 milyona yaxın xəstə sağalıb, 750 minə yaxın insanın müalicəsi davam etdirilir.

Bundan əvvəl KXDR pandemiyanın başlanmasından bəri ilk dəfə olaraq ölkədə koronavirusa yoluxma hallarının aşkar edildiyini bildirib. Məlumata görə, aprelin sonundan etibarən ölkədə naməlum qızdırma yayılmağa başlayıb.

Şimali Koreyanın bir sıra dövlət KİV-lərində yayılan açıqlamalardan belə nəticəyə gəlmək olar ki, ölkədə koronavirus yayılır, lakin qızdırması olan xəstələrin neçə nəfərinin “COVID-19”a yoluxması ilə bağlı dəqiq məlumat verilmir.

 

ABŞ-DA BENZININ QİYMƏTİ ƏN BAHA HƏDDƏ ÇATIB

ABŞ-da benzinin orta qiyməti bir qallon üçün 4,589 dollara yüksəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 3,043 dollara bərabər idi. “Trend”in verdiyi xəbərə görə, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Bildirilir ki, Amerika Avtomobil Assosiasiyasının dərc etdiyi son məlumatlara görə, Kaliforniyada ölkədə ən yüksək benzin qiymətləri müşahidə olunmaqda davam edir.  Belə ki, burada hər qallon üçün benzinin qiyməti 6,061 dollar təşkil edir. Ən yüksək qiymət isə Mono dairəsində müşahidə olunur. Burada bir qallon benzinin qiyməti 7,058 dollardır.

Məlumata əsasən, Kaliforniya tarixində ilk dəfə benzinin orta qiyməti bir qallon üçün altı dolları ötüb. Orta qiymətlərin hər qallon üçün dörd dollardan aşağı olan son üç ştatda da (Corciya, Kanzas və Oklahoma) bu hədd aşılıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.