Ürəklərdə yaşayanlar
Region

Ürəklərdə yaşayanlar

Vətən müharibəsində Ağdamdan 62 nəfər ağır döyüşlərdə həlak olub, şəhadətə yüksəlib, mən ölsəm də təki Vətən yaşasın deyərək düşmənin başına od ələyib, onlarla insan isə əlil olub.

Şəhidlər Vətənimizi, xalqımızı, onun qürurunu, haqqını, bayrağını ucaltdılar və ən ali məqama yüksəldilər. Adını tarixin səhifələrinə qəhrəmanlıq və cəsarət simvolu kimi yazan şəhidlərin əziz xatirəsi uca tutulur, onların ailələrinə dövlət tərəfindən yüksək qayğı göstərilir, adları əbədiləşdirilir, bir sözlə ali məqama yüksələn və Vətənin şərəfini yüksəldən, üçrəngli bayrağımızı azad edilən torpaqlara sancaraq həlak olan oğulların şücaəti unudulmur. Ağdam Dövlət Sosial-İqtisadi Kollecin kollektivi şəhidlərin əziz xatirəsini uca tutur, onların ailələri ilə sıx əlaqə saxlayır, ali məqama yüksələnlərin qəhrəmalığına həsr olunan tədbirlər keçirir.

44 gün davam edən və şanlı qələbəmizlə başa çatan Vətən müharibəsində kollecin 32 nəfər müəllim, tələbə və məzunu istirak edib. Müəllim Elçin Cəfərov "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub. Tələbələrdən Cəmaləddin Adıgözəlzadə döyüşlərdə göstərdiyi şücaətə görə "Zəngilanın azad olunmasına görə", "Vətən müharibəsi istirakçısı" və "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medallarına, Tərxan Cəfərov isə müharibədə göstərdiyi qəhrəmanlığa görə "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən müharibəsi istirakçısı" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. Təhsil aldıqları kollecə baş ucalığı gətirən tələbələr Zahid Əlizadə və Əfsun İbrahimov da Vətən qarşısındakı xidmətlərinə görə medallara layiq görülüblər. Kollecin kollektivi şəhid tələbə Munis Abbaslının və şəhid məzunları - Ülvi Həsənovun, Elnur Şirinzadənin, Ramin Zeynalovun və Anar Yusifovun əziz xatirəsini minnətdarlıqla yad edir. Gənclərin vətənpərvərlik tərbiyəsində şəhidlərin həyat yolu əsl örnəyə çevrilib.

Kollecin həyətində Vətən müharibəsində şəhid olan tələbə və məzunların ölməz ruhuna həsr edilən xatirə lövhəsinin açılış mərasimi keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri, qazilər, kollecin müəllim və tələbələrinin iştirakı ilə keçirilən mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıqlardan danışmış, şəhidlərimizin qısa və hər kəs üçün vətənpərvərlik nümunəsi olan həyat yolundan bəhs etmişdir.

Mərasimdə Ağdam Dövlət Sosial-İqtisadi Kollecin direktoru, iqtisadiyyat üzrə elmlər doktoru, professor Natiq Cavadov bildirib ki, tariximizin ən şərəfli səhifəsi olan 44 günlük müharibə xalq, iqtidar, ordu birliyinin ən bariz nümunəsinə çevrildi. Şəhidlər Vətənin bütövlüyünü bərpa etdilər, xalqımızın şərəfini ucaltdılar. Onların adı əbədi yaşayacaq. Möhtərəm Prezidentimiz İlham Əliyevin sərkərdəlik şücaəti, liderlik bacarığı, diplomatik istedadı nəticəsində ağdamlıların taleyində yeni bir dövr başlayıb. Biz yalnız köçkünlük həyatımıza son qoymuruq, həm də öz yurdumuzu yenidən qurmağa imkan qazanırıq. Kollecimizdə təhsil almış və Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhadətə yüksəlmiş 6 nəfər Vətən müharibəsi şəhidinin: Anar Yusifovun, Elnur Şirinzadənin, Ramin Zeynalovun, Turan Əliyevin, Munis Abbaslının və Ülvi Həsənovun əziz xatirəsinə inşa edilmiş xatirə lövhəsi şəhidlər qarşısındakı borcumuzun cüzi bir hissəsidir.

Salman ALIOĞLU,

"Respublika".