İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Şahmat üzrə Azərbaycan çempionu bəlli olub

Qadın şahmatçılar arasında Azərbaycan çempionatına yekun vurulub.

Yarışın lideri Gövhər Beydullayeva hesabat turunda Xəyallə Abdullanı məğlub etməklə 5 xal toplayıb və ilk dəfə Azərbaycan çempionu olub.

Turnirdə Ləman Hacıyeva bu dəfə ağ fiqurlarla Türkan Məmmədyarovanı üstələyib. Nəticədə, o, 4,5 xalla karyerasında ilk dəfə çempionatın gümüş mükafatçısı olub. Ülviyyə Fətəliyeva qara fiqurlarla Xanım Balacayevanı məğlub edib. Yekun sıralamada o, 4 xalla yarışı üçüncü pillədə başa vurub.

Son turda Ayan Allahverdiyevanı üstələyən ötən ilin çempionu Gülnar Məmmədova bu dəfə yarışda dördüncü olub.

 

Kikboksinq üzrə qaliblər müəyyənləşib

Kikboksinq üzrə XXVI Azərbaycan çempionatının qalibləri bəlli olub.

"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən yarışda kişilər və qadınlar arasında kikboksinqin müxtəlif versiyaları üzrə 29 final qarşılaşması baş tutub.

Yekun nəticəyə görə, komanda hesabında 8 qızıl medal qazanan Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin idmançıları birinci yeri tutublar. "Qızıl əlcək" klubu ikinci, ZV Döyüş Akademiyası isə üçüncü yerdə qərarlaşıb.

Azərbaycan çempionatının qalibləri avqustun 9-18-də Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil etmək hüququ əldə edib.

 

Bədii gimnastlarımız Polşada 4 medal qazanıblar

Polşada "IV Qdınyanın bədii gimnastika ulduzları-2022" adlı beynəlxalq turnir keçirilib.

Qdınya şəhərində təşkil olunan yarışda ölkəmizi yığma komandamızın böyüklərdən ibarət ikinci heyəti (qrup hərəkətləri üzrə və fərdi gimnastlar) təmsil edib. Təmsilçilərimiz uğurla çıxış edərək 4 medala sahib olublar.

Fidan Yusifzadə, Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Zəhra Paşazadə, Nigar Xankişiyeva, Leyla Əliyevadan ibarət qrup hərəkətləri üzrə yığmamızın üzvləri çoxnövçülük proqramında və 5 halqa ilə hərəkətlərdə qızıl, 3 lent və 2 topla hərəkətlərin icrasına görə isə gümüş medal qazanıblar. Fərdi növdə isə komandamızın üzvü Alina Gözəlova topla hərəkətlərdə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

 

Boksçularımız beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Özbəkistanın Fərqanə şəhərində yeniyetmə boksçular arasında İsrailjon Rüstəmovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə yarımfinal döyüşləri keçirilib.

5 ölkədən 164 idmançının qatıldığı yarışda millimizin 4 üzvü final qarşılaşmasına çıxıb. Boksçularımızdan Tağı Nəsibov (50 kq) özbəkistanlı Şahboz Erqaşevi məğlub edərək finala yüksəlib. Murodulla Sunatullayevdən (Özbəkistan) güclü olan millimizin üzvü Məhəmmədəli Aşurəliyev (54 kq) qızıl medal uğrunda döyüşə vəsiqə qazanıb.

Yığmamızın digər boksçuları Məhəmmədəli Qasımzadə (57 kq) və Ziya Həsənov (66 kq) isə yarımfinalda məğlub olaraq bürünc medalla kifayətləniblər.

Nərgiz İSMAYILOVA,

"Respublika".