Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Əhalisi ən çox yatan ölkələr

ABŞ-da aparılan yeni bir araşdırma, dünya ölkələri üzrə yuxu vərdişlərini ortaya qoyub. Ən az yatanlar içərisində ilk yeri Yaponiya, ən çox yatanlar sırasında isə birinci yeri Hollandiya tutub.

Miçiqan Universitetinin tədqiqatçıları minlərlə insanın iştirak etdiyi araşdırma və "Entertain" adlandırdıqları proqramın köməyi ilə dünya üzrə yuxu vərdişlərini müəyyən etməyə çalışıblar.

"Sciences Advances" jurnalında dərc olunan xəbərə görə, 20 ölkədən qatılan 5500 nəfər iştirakçı arasında yuxu müddəti ilə bağlı sorğu keçirilib.

Yaponlar və sinqapurlular orta hesabla 7 saat 24 dəqiqə ilə ən az yatan, hollandlar isə ortalama 8 saat 12 dəqiqə ilə yuxudan ən çox həzz alan ölkələr sırasında yer alıb. Almaniya isə araşdırma aparılan ölkələrlə müqayisədə 7 saat 45 dəqiqə ilə ortalama yuxu göstəricisindən aşağıda qərarlaşıb.

Bilavasitə araşdırma zamanı orta yaşlı kişilərin qadınlardan daha az yatdığı ortaya çıxıb. Belə ki, bu yaş qrupundakı kişilərin yuxu müddətinin tövsiyə olunan 7-8 saatlıq yuxu göstəricisindən aşağı olması qeydə alınıb. Həmçinin 30-60 yaş arası qadınların isə kişilərdən orta hesabla 30 dəqiqə çox yatdıqları bəlli olub.

Tədqiqat rəhbəri Olivia Walch, fərqli qrupların yuxu vərdişləri arasında böyük fərq olmadığını qeyd etsə də, yuxuya gəldikdə hər dəqiqənin əhəmiyyətli olduğunu vurğulayıb. Tədqiqatçı yuxu müddətində hətta yarım saatlıq fərqin belə daha yüksək beyin performansı və daha uzun sağlam həyat olduğunu söyləyib.

 

"Utopiya adası" xəyal deyil...

İngilis filosofu, humanist yazıçı Tomas Morun vaxtilə uydurduğu xoşbəxtliklər ölkəsi olan "Utopiya adası" adlı əsərini xatırlayırsınızmı? Yer üzündə siyasətin, pulun, dinin, bir sözlə, heç bir qadağanın hökm sürmədiyi cənnət kimi bir məkan təsəvvür edin. Yəqin ki, belə bir məkanda yaşamaq hər kəsin xəyalıdır. Əslində bu xəyal deyil, hazırda belə bir məkan gerçəkdə də mövcuddur.

Tam olaraq xəyalımızda canlandıra biləcəyimiz bu şəhər Hindistanın Tamil Nadu əyalətində, Pondiçeri Birliyinin Ərazisində yerləşən eksperimental bir qəsəbədir. Bu universal şəhər bəşəriyyətin daha möhtəşəm bir gələcəyə doğru irəliləməsinə töhfə vermək məqsədilə salınmışdır. Daha yaxşı bir niyyətli dünya həsrətində olanları bir araya gətirmək məqsədilə qurulan bu beynəlxalq şəhərdə 50 müxtəlif ölkə, millət və mədəniyyətləri təmsil edən insanlar yaşayır. Bütövlükdə heç kimə aid olmayan, bəşəriyyətə məxsus olan şəhərə hər millətdən olan kişi və qadın qəbul edilir. Bütün inanc sistemlərini və siyasi baxışları özündə birləşdirən şəhərdə dinc və mütərəqqi şəkildə uyğunlaşa bilən insanlar yaşayır. Universal bir şəhər olmağı hədəfləyən Aurovilin məqsədi, insan birliyini reallaşdırmaqdır. İnsanların problemsiz yaşaya bildikləri bu şəhərdə siyasi sistem və din də yoxdur. Ən yaxşı tərəfi isə şəhərdə puldan da istifadə edilməməsidir. Bunun əvəzinə insanlar mübadilə sistemi ilə yaşayırlar. Bütün binaları futuristik üsluba malik olan şəhərin sakinləri regenerativ və bərpaolunan enerjidən faydalana biləcək struktur yaradıblar. Təmiz bir mühit yaratmaq məqsədilə qurulan eko şəhərdə bir çox məhsullar təkrar emal olunur. Çox saylı tarlalardan və 15 təsərrüfatdan ibarət şəhərin 160 hektarlıq sahəsində saysız-hesabsız meyvə ağaclarının olması, ərzaq problemini də aradan qaldırır.

Belə bir şəhərdə yaşamaq istərdinizmi?..

 

Yarım beyinlə yaşaya bilərikmi?

Bəşəriyyətin yarandığı gündən bəri elm insanlarla bağlı bir sıra sirr "pərdələrini" ortadan qaldırsa da, beyinimizə aid olan bəzi məqamlar hələ ki, sual altındadır. Bunun ən bariz nümunələrindən biri beyninin yarısı çıxarılan insanlardır. Bu mövzu elm dünyasının daim diqqət mərkəzində olub. Beyninin yarısı çıxarılan insan həyatına normal davam edə bilərmi? Bu suala cavab tapmaq üçün Kaliforniya Texnologiya İnstitutunun alimləri araşdırma aparıb.

Cüzi dəyişikliklərə və zədələrə məruz qalması ilə həyatımıza çox böyük təsir edən beynimizin yarısının çıxarılmasını düşünmək belə tükürpədici gəlir. Görünüşü ilə qoz ləpəsinə bənzəyən, iki hissədən ibarət beynimizin yarısı həyatda qalmağımıza kifayət edə bilərmi?

Tədqiqat zamanı uşaqlıqdan epilepsiya ilə mübarizə aparan və dərmanlarla müalicə edilə bilməyən 6 xəstə əməliyyata alınıb. Əməliyyatın əsas məqsədi beyinin yarısını çıxarmaqla xəstələri şiddətli epileptik tutmalardan xilas etmək olub. Hədəflədikləri məqsədə çatan alimlər, bir neçə müddət sonra xəstələrin MRT nəticələri ilə sağlam insanların nümunələrini müqayisə ediblər. Nəticə hər kəsi təəccübləndirib. Radioloji görüntülərdə həyatını yarım beyinlə davam etdirən 6 nəfərin beyin fəaliyyəti ilə sağlam insanlarınkının arasındakı fərq nəzərəçarpacaq səviyyədə olmayıb.

Deməli, yarım beyinlə də yaşamaq həqiqətən mümkün imiş.

 

Tısbağalar okeanda yolu necə tapırlar?

Yəqin ki, çoxlarınız dəniz tısbağalarının köçəri quşlar kimi uzun məsafələri yerin maqnit sahəsindən istifadə edərək qət etdiklərini bilirsiniz. Bəs onların minlərlə kilometr məsafəni yolu azmadan necə qət etdiyini bilirsinizmi?

Okeanda yaşayan canlılarla əlaqəli bir sıra araşdırmalar aparılsa da, tısbağalarla bağlı bəzi məlumatlar sirr olaraq qalmaqda idi. Uzun müddətdir ki, suda və quruda yaşayan bu canlılarla bağlı araşdırmalar aparan elm adamları, tısbağalara dair maraqlı məlumatlar əldə ediblər. Belə ki, alimlər bu heyvanların yolu yerin maqnit sahəsindən kompas və xəritə kimi istifadə etməklə tapdıqlarını ortaya çıxarıblar.

"Journal of Royal Society Interface" jurnalında dərc edilən yeni bir araşdırma, bu mövzu ilə bağlı yeni və aydın məlumatlar ortaya qoyub.

Araşdırma zamanı tısbağaların naviqasiya edə bilmək üçün xəritə qavrayışına sahib olduqları ortaya çıxıb.

Şahin kimi tanınan (Eretmochelys imbricata) 22 dəniz tısbağasının üzərinə GPS yerləşdirən tədqiqatçılar, onların cütləşdikdən sonra yem axtardıqları sahələrə necə qayıtdığını araşdırmaqla, marşrutlarının kifayət qədər dolambac olduğunu müəyyən ediblər. Məsələn, bir tısbağanın başlanğıc nöqtəsindən 176 kilometr uzaqlıqdakı bir yerə çatması üçün 1306 kilometr yol qət etdiyi müşahidə edilib. Nəticədə heyvanların quruya çatana qədər uzun müddət dairəvi şəkildə üzdüyü məlum olub. Heyvanların istifadə etdikləri bu yöntəm onların zehni xəritə qavrayışına sahib olmasını göstərib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".