Tarix yazan igidlər
Region

Tarix yazan igidlər

Bu mayda 20 yaşı tamam olacaqdı. Anası qədər sevdiyi vətəni yolunda şirin canından keçdi. 18 yaşında - həyatının təzə-təzə çiçəkləndiyi bir vaxtda həyatla əbədi vidalaşdı Elvin. Vətən müharibəsinin ilk günündə döyüşlərə qatıldı. Tərtər-Ağdərə istiqamətində ağır döyüşlərin iştirakçısı oldu. Snayperi ilə neçə-neçə düşmən əsgərini məhv etdi. Cəsur döyüşçü Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak oldu. 2020-ci il oktyabr ayının 5-də Xudat şəhər qəbiristanlığında torpağa tapşırıldı. Bir vaxtlar bütün məktəb tədbrilərində böyük qürur və fərəh hissi ilə dalğalandırdığı üçrəngli Azərbaycan Bayrağı məzarının üstünə sərildi. İgid əsgər ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları ilə təltif olundu. II Qarabağ müharibəsi şəhidi, Xudat şəhərində doğulub boya-başa çatmış Məlikməmmədov Elvin Elçin oğlundan danışırıq.

O gün Xudat şəhər qəbiristanlığına şəhid ziyarətinə çox adam gəlmişdi. Hava yağmurlu olsa da, şəhidin doğum gününü qeyd etməyə, onun ruhuna dərin ehtiramlarını ifadə etməyə şəhər sakinləri ilə bərabər rayon icra hakimiyyətinin rəsmiləri, Xudat şəhər icra nümayəndəliyinin, şəhər bələdiyyəsinin işçiləri, oxuduğu orta məktəbin müəllim-şagird kollektivi, şəhid ailələri, qazilər, veteranlar, məktəblilər, mədəniyyət işçiləri də buraya yığışmışdı. Şəhidin məzarı ziyarət olunandan sonra anım mərasimi keçirildi. Mərasim iştirakçıları öncə şəhidin qısa ömür yolunu əks etdirən "Xatirə guşəsi"nə baxdılar. Elvinin hələ 3-cü sinifdə oxuyarkən nümunəvi şagird kimi valideynlərinə məktəb direktorunun göndərdiyi "Təşəkkür" məktubu, rayon təhsil şöbəsinin Fəxri fərmanı, onun haqqında yazılan xatirələr, kitablar bizim də diqqətmizi çəkdi.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Valideynləri, nənəsi, uşaqlıq yoldaşları Elvin haqqında şirin xatirələr söylədilər. Daha sonra rayon icra hakimiyyətinin Xudat inzibati dairəsi üzrə nümayəndəsi Budaq Əliyev, şəhidin oxuduğu T.Fərzəliyev adına Xudat şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Şirinova Gülnarə, Vətən müharibəsi qazisi, mayor Tariyel Didarov, veteran Elşad Şərifov və başqaları Elvinin keçdiyi şərəfli döyüş yolundan, vətənpəvər bir gənc kimi yüksək insani keyfiyyətlərindən söz açdılar. Şair Cavanşir Musayevin söylədiyi "Əsgər yola saldım Elvin balamı" şeiri hamını duyğulandırdı.

Bəli, şəhidlər ölmür, ürəklərdə, xatirələrdə, tarixdə həmişəlik yaşayırlar. Elvinin tarix müəllimi Gülnarə xanımın çıxışında söylədiyi kimi Elvin balamız tarix dərslərindən əla qiymətlər almasa da, ölümü ilə əbədi bir tarix yazdı. Elə bir tarix ki, gələcək nəsillər üçün əsl vətənpərvərlik, qəhrəmanlıq nümunəsi oldu.

Ziyafəddin BAYRAMOV,

"Respublika".