DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSRAİL QAZININ TÜRKİYƏ ÜZƏRİNDƏN NƏQLİ MÜZAKİRƏ OLUNACAQ

Türkiyə və İsrail Şərqi Aralıq dənizindən qazın Türkiyə üzərindən Avropaya nəqli ilə bağlı danışıqlar aparacaq. “APA”nın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısının sözlərinə görə, Türkiyənin enerji və təbii sərvətlər naziri İsrail qazının Türkiyə üzərindən nəqli ilə bağlı bu ölkənin rəsmiləri ilə danışıqlar aparacaq. “Xarici işlər nazirimizin bizə təqdim etdiyi məlumatlara baxsaq, İsrail tərəfi buna hazır olduqlarını söyləyir və bu çərçivədə fəaliyyətimizi davam etdirəcəyik, - deyə Ərdoğan vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin Şərqi Aralıq dənizindəki sektorunda seysmik gəmilərin qaz ehtiyatları olduğu ehtimal edilən bir sıra yerləri müəyyənləşdirdiyini də xatırladıb. “Həmin müəyyənləşdirilən yerlərdə qazma gəmilərimiz çalışacaq”, - deyə prezident qeyd edib.

 

ALMANİYA XÜSUSİ MÜDAFİƏ FONDU YARATMAQ NİYYƏTİNDƏDİR

Almaniya kredit əsasında 100 milyard avroluq  xüsusi müdafiə fondunun yaradılmasına icazə vermək üçün konstitusiyasına dəyişiklik edəcək. “Trend”in “Röyters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, müvafiq danışıqları “FDP” (Azad Demokrat Partiyası) lideri Kristian Lindner, “SPD” (Almaniya Sosial Demokrat Partiyası) təmsilçisi olan müdafiə naziri Kristin Lambrext, “Yaşıllar” partiyası”nın lideri Annalena Berbok və müxalifətdən olan vitse-prezident Matias Middelberq aparıb.

Bu vəsaitlərin bir neçə il ərzində Almaniyanın müdafiə büdcəsinin təxminən 50 milyard avro artırılmasına sərf ediləcəyi və ölkəyə NATO-nun hər il ÜDM-in 2 faizini müdafiəyə xərcləmək məqsədini yerinə yetirməyə imkan verəcəyi vurğulanır.

 

BİR NEÇƏ ÖLKƏ QITLIQLA BAĞLI HİNDİSTANDAN BUĞDA İSTƏYİB

Bir neçə ölkə qıtlığı aradan qaldırmaq üçün Hindistandan 1,5 milyon tondan çox buğda istəyib. “Report” agentliyinin məlumatına görə, bu barədə hökumətdəki mənbələrə istinadən “The Economic Times” nəşri xəbər yayıb.

“Altıdan çox ölkə Hindistandan 1,5 milyon tondan çox buğda istəyib və biz bu tələbləri necə yerinə yetirəcəyimizi araşdırırıq. Hindistan həssas ölkələrə və buğdaya ehtiyacı olan hər kəsə kömək etmək niyyətindədir”, - deyə mənbə nəşrə bildirib.

Bu məlumata əsasən, buğdaya ən çox tələbat Hindistan taxılının daimi alıcısı olan Banqladeşdən gəlib.

Qeyd edək ki, Hindistan qida təhlükəsizliyinə təhdid kimi gördüyü buğda ixracını qadağan edib.

 

RUSİYA TƏKCƏ BİR EMBARQOYA GÖRƏ İLDƏ 22 MİLYARD DOLLAR İTİRƏCƏK

Avropa İttifaqı Rusiya neftinin tədarükünə qismən embarqo qoyulması ilə bağlı razılığa gəlib. “Teleqraf.com”un verdiyi xəbərə görə, “Bloomberg” agentliyinin hesablamalarına əsasən, Rusiya neftinə qismən embarqoya görə adı çəkilən ölkənin itkiləri ildə təxminən 22 milyard dollar təşkil edəcək.

Belə ki, Rusiya dənizdə neft ixracına qoyulan qadağadan təxminən 10 milyard dollar, “Drujba” neft kəmərinin şimal qolu vasitəsilə tədarükün dayandırılmasından isə daha 12 milyard dollar itirə bilər.

Agentliyin məlumatına görə, 2021-ci ildə Rusiya özünə məxsus magistral boru kəməri ilə Avropanın neft emalı zavodlarına gündə təxminən 720 min barrel neft tədarük edib.

“Bloomberg”in hesabladığı kimi, Rusiya neftini artıq endirimlə - ənənəvi qiymətdən təxminən 34 dollar ucuz qiymətə satılan Asiya bazarına yönləndirmək məcburiyyətində qalacaq.

 

NATO MÖVQELƏRİNİ GÜCLƏNDİRMƏK ÜÇÜN MƏHDUDİYYƏT GÖRMÜR

Ukrayna hadisələri fonunda alyansın şərqdə qüvvələrin yerləşdirilməsi ilə bağlı Rusiya və NATO arasında 1997-ci ildə imzalanan qarşılıqlı əlaqələr, əməkdaşlıq və təhlükəsizlik haqqında təsis aktından irəli gələn məhdudiyyətlər artıq yoxdur. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu NATO baş katibinin müavini Mirça Coana bildirib.

NATO rəsmisi qeyd edib ki, akt Rusiyaya görə qüvvədən düşüb. O deyib: “Bunu necə müəyyənləşdirmək nüans məsələsidir, lakin Rusiya bizimlə bu razılaşmadan böyük ölçüdə geri çəkilib. Buna görə də, Şərq qanadında güclü NATO varlığına və NATO ərazisinin hər kvadrat santimetrinin Alyansın beşinci maddəsi və müttəfiqlərimiz tərəfindən mühafizə olunmasına dair bizim artıq heç bir məhdudiyyətimiz yoxdur”.

Təşkilatın baş katibinin müavininin sözlərinə görə, Alyansın bölgədəki mövcudluğu bir sıra sahələrdə gücləndiriləcək, lakin qüvvələrin dəqiq sayı hələlik bəlli deyil. O əlavə edib ki, yekun qərarlar NATO-nun Madriddə keçiriləcək sammitində veriləcək.

 

HULUSİ AKAR: TÜRK ORDUSU ƏN ÇƏTIN TAPŞIRIQLARI BELƏ YERİNƏ YETİRMƏYƏ HAZIRDIR

Türkiyə Silahlı Qüvvələri şəxsi heyəti, texnikası və təcrübəsi ilə ən çətin tapşırıqları belə yerinə yetirməyə hazırdır. “Trend”in xəbərinə görə, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri zamanı bildirib.

Müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin 2016-cı ildən bəri “Fərat Qalxanı”, “Zeytun Budağı”, “Sülh Pınarı” və “Sülh Qalxanı” əməliyyatlarının uğurla həyata keçirildiyini xatırladaraq, Türkiyənin cənubunda terrorçuların olmasını qəbul etməyəcəklərini vurğulayıb.

“Bizim yeganə məqsədimiz millətimizin və sərhədlərimizin təhlükəsizliyini təmin etməkdir. Biz sərhədlərimizdə “terror dəhlizi” yaradılmasına imkan verməyəcəyik”, - deyə Hulusi Akar qeyd edib.

 

YPG LİDERİ QORXU İÇİNDƏ ABŞ VƏ RUSİYADAN KÖMƏK DILƏYİR

Türkiyənin Suriyada yeni əməliyyat siqnalı verməsi PKK-YPG terror təşkilatını qorxuya salıb. “Teleqraf.com”un xəbərinə görə, PKK-nın Suriya qolu olan YPG-nin liderlərindən biri Nuri Mahmud türk ordusunun yeni antiterror əməliyyatı ilə bağlı təşkilatın mətbu orqanına danışıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın əməliyyat siqnalından sonra təşkilat daxilində artan qorxu və təşviş hər cümləsində hiss olunan baş terrorçu ABŞ və Rusiyadan kömək istəyib.

Nuri Mahmud beynəlxalq qüvvələrin mümkün hər hansı əməliyyata qarşı çıxmasının vacib olduğunu bildirib.

 

ABŞ-DA KORONAVİRUSUN DAHA BİR TƏHLÜKƏLİ ŞTAMMI AŞKARLANIB

ABŞ-da koronavirusun həm “omikron”, həm də “delta” ştammlarının xüsusiyyətlərini birləşdirən daha bir ştammı müəyyən edilib. Bu barədə “Report” agentliyi “Assoşieyted Press”ə istinadən xəbər verib.

Məlumata görə, hazırda ABŞ-da dominant olan ştam “omikron ailəsi”nin üzvüdür, lakin alimlər onun əvvəlkilərdən daha sürətli yayıldığını, immunitet sistemini aldatmaqda daha mahir olduğunu və ciddi fəsadlara səbəb ola biləcəyini bildirirlər.

“Bu mutant həm “omikron”, həm də “delta” ştammlarının xüsusiyyətlərini birləşdirdiyindən virusun əvvəllər əldə edilmiş immunitetdən yayınmasına imkan verir”, - Texasdakı Hyuston metodist məktəbinin patoloqu doktor Uesli Lonq vurğulayıb.

Oxşar genetik dəyişikliklər Cənubi Afrikada üstünlük təşkil edən və “BA.4” və “BA.5” kimi tanınan “omikron” ştammlarında da mövcuddur. Onlar “delta” ilə eyni mutasiyaya malikdirlər.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.