Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
Sosial həyat

Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

Mayın 31-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda əvvəlcədən növbəlilik əsasında qəbula yazılan vətəndaşların müraciətləri dinlənilib, qaldırılan suallar cavablandırılıb.

Qəbulda, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlərin həyata keçirildiyi vurğulanıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.

Diqqətə çatdırılıb ki, məcburi köçkünlərin dayanıqlı məskunlaşması, işğaldan azad edilmiş ərazilərin abad guşələrdən birinə çevrilməsi üçün dövlət tərəfindən mühüm tədbirlər görülür.

Qəbulda olan şəxslərə ərazilərin minalardan təmizlənməsi, rabitə-kommunikasiya xətlərinin bərpa edilməsi, müasir infrastrukturun yaradılması ilə bağlı geniş məlumat verilib . Bir-neçə gün əvvəl Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonundakı "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak etdiyi, yaxın günlərdə kənd sakinlərinin doğma yurdlarına köçürülməsinə başlanılacağı xəbəri də verilən məlumatlarda yer alıb.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad edilmiş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.

Komitə sədrinin qəbulunda əksəriyyəti məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və qaldırılan məsələlərin həlli üçün onlar müvafiq qaydada qeydə alınıb. Qəbulda olanlar qaldırılan məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həllini tapacağı ilə bağlı məlumatlandırılıb.

AZƏRTAC