İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Karate və parakarateçilərimiz Avropa çempionatında altı medal qazanıblar

Karateçilərimiz Türkiyənin Qaziantep şəhərində keçirilmiş 57-ci Avropa çempionatını altı medalla başa vurub.

Karateçilərin qitə çempionatına 45 ölkədən 454 karateçi, parakarateçilərin Avropa çempionatına isə 15 ölkədən 48 idmançı qatılıb. Yekun nəticəyə görə, Azərbaycan ümumi komanda hesabında medal qazanan ölkələr arasında 11-ci yeri tutub. Parakarate üzrə isə idmançılarımız Avropada ikinci olublar.

Mükafatların ikisi qızıl, biri gümüş və digəri bürüncdür. Qızıl medalları parakarate seçmə komandasının üzvlərindən Emiliya Mitilinova (görmə qüsurlu idmançılar) və Eldar Əhmədov (əlil arabası istifadəçiləri) qazanıblar. Nihad Məmmədzadə (görmə qüsurlu idmançılar) isə gümüş medala sahib olub.

Heyəti Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov, Ayxan Mamayev, Pənah Abdullayev və Tural Ağalarzadədən ibarət komanda fransalı idmançılarla final görüşünə üstünlüklə başlasalar da, sonda rəqibə 1:3 hesabı ilə məğlub olublar. Fərdi kumite yarışlarında isə yeganə medalı üçüncü yerə çıxan Mədinə Sadiqova qazanıb.

 

İdmançımız universal döyüş üzrə peşəkarlar arasında dünya kəmərinə sahib olub

Özbəkistanın paytaxtı Daşkənddə universal döyüş üzrə növbəti dünya çempionatı keçirilib.

Dünyanın 50-dən artıq ölkəsindən 700-dən çox idmançının qatıldığı çempionatda ölkəmiz 23 idmançı ilə təmsil olunub. Çempionat çərçivəsində ilk dəfə olaraq peşəkarlar arasında dünya kəməri uğrunda döyüş keçirilib. Qarşılaşmada Azərbaycan idmançısı Nicat Əliyev və ABŞ təmsilçisi Cesse Smit üz-üzə gəliblər. Gərgin keçən görüşdə həmyerlimiz inamlı qələbə qazanaraq dünya kəmərinə sahib olub.

Əməkdar idman ustası Nicat Əliyev Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşıdır. İdmançımız universal döyüş üzrə beşqat dünya, altıqat Avropa çempionu, Asiya kəmərinin sahibi, Dünya Oyunlarının və dünya kubokunun qalibidir.

 

Stend atıcılığının səngər növü üzrə qaliblər müəyyənləşib

Bakıda atıcılıq üzrə dünya kuboku yarışı davam edir.

Stend atıcılığının səngər növü üzrə qadınlar və kişilər arasında keçirilən final yarışının qalibləri müəyyənləşib. Qadınların yarışında finlandiyalı Noora Antikaynen, kişilər arasında isə çexiyalı Liptak Jiri qızıl medal qazanıblar.

Bakı Atıcılıq Mərkəzində iyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 705 idmançı 30 növ üzrə qarışıq komanda, komanda və şəxsi yarışlarda güclərini sınayırlar. Azərbaycanı dünya kuboku yarışında 36 idmançı təmsil edir.

Turnirdə idmançılar 30-u qızıl olmaqla, 188 medal uğrunda mübarizə aparırlar.

 

Gənc badmintonçular arasında Azərbaycan birinciliyinə yekun vurulub

1 nömrəli İdman Liseyində 2004-2005-ci il təvəllüdlü gənclər arasında badminton üzrə Azərbaycan birinciliyinə yekun vurulub.

30-dan çox badmintonçunun qatıldığı birincilikdə 5 kateqoriya üzrə qaliblər müəyyənləşib.

Şəxsi yarışlarda Aqil Qəbilov və Həcər Nuriyeva birinci olublar. Qoşa yarışlarda isə Rəvan Niftəliyev, Aqil Qəbilov və Əminə İsmayılova, Həcər Nuriyeva qızıl medal qazanıblar. Qarışıq qoşa yarışlarda Aqil Qəbilov - Nigar Səmədova cütlüyü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".