Şəhid ailəsi ziyarət olunub
Region

Şəhid ailəsi ziyarət olunub

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması Beyləqan rayonunda ənənə halını alıb. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, RİH aparatının məsul əməkdaşları, Dövlət Təhlükəsizlik Xidmətinin Beyləqan Rayon Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi İkinci Qarabağ müharibəsi zamanı şəhid olmuş Məmmədov Emin Fazil oğlunun ailəsinə onun doğulduğu Birinci Şahsevən kəndində baş çəkdilər.

RİH-in başçısı Asif Ağayev şəhidimizin ailə üzvləri ilə söhbət aparıb, onları narahat edən problemlərlə tanış oldu. Rayon rəhbəri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində iştirak edən hər bir əsgər və zabitinin, Böyük Zəfərimizin əldə olunmasında misilsiz xidmətlər göstərdiklərini, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını bildirdi. Mərasim iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Birinci Şahsevən kəndindən olan şəhidlərimizin və Emin Məmmədovun məzarlarını ziyarət edib, üzərinə tər qərənfillər düzüb, ruhlarına ehtiram əlaməti olaraq dualar oxudular.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə, ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

44 günlük İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə yüksələn Məmmədov Emin Fazil oğlu 1997-ci ilin noyabr ayının 10-da Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. Hərbçi olmağı, vətənə, xalqa xidmət etməyi özünə şərəf bilən Emin "N" saylı hərbi hissələrin birində hərbçi kimi fəaliyyətə başlamışdır. Vətən müharibəsi başlayan zaman Emin də döyüşlərə qatılmış və döyüş yolu Füzuli, Cəbrayıl və Hadrutdan keçmişdir. Emin bu döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərərək döyüş yoldaşları ilə birlikdə çoxlu sayda düşmən məhv etdi. 3 noyabr onun son döyüş günü oldu. Daşaltı uğrunda gedən şiddətli döyüşdə Emin qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakına və hərbi hissə qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Emin Fazil oğlu Məmmədov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ərəstun ABDULOV,

"Respublika".