İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Gimnastlarımız Monteneqroda altı medal qazanıblar

Monteneqronun Budva şəhərində bədii gimnastika üzrə "Montanegro Wild Beauty Cup 2022" beynəlxalq turniri keçirilib.

Monteneqro Gimnastika Federasiyası və Budva Gimnastika klubu tərəfindən təşkil olunmuş yarışda uşaqlar, yeniyetmələr və böyüklər kateqoriyası üzrə 10 ölkəni təmsil edən 113 gimnast iştirak edib.

Fərdi hərəkətlərdə iştirak edən gimnastlarımız Amina Novruzova, Dərya Məmmədova, Zəhra Həsənzadə və Səidə Əliyeva qızıl, Aylin Ocaqi topla hərəkətlərdə qızıl, çoxnövçülükdə isə bürünc medal qazanıblar. Ən kiçik yaş kateqoriyasında çıxış edən Lalə Novruzova isə beşinci yerdə qərarlaşıb.

 

Respublika birinciliyinin zona turnirinin final mərhələsi keçirilib

Azərbaycan Basketbol Federasiyasının təşəbbüsü ilə basketbol üzrə oğlanlar və qızlar arasında məktəblilərin respublika birinciliyinin zona turnirinin final mərhələsi keçirilib.

Həlledici mərhələdə 12 oğlan və 12 qız komandaları mübarizə aparıblar. Yekun nəticələrə görə, oğlanlar arasında Bakı şəhəri, Nərimanov rayonu 82 saylı məktəbin komandası birinci yeri tutub. Qızların yarışında isə Şəki rayonu Şorsu kənd məktəbinin basketbolçuları qalib adını qazanıblar.

 

Avropa çempionatına cüdoçularımız uğurla başlayıblar

Yunanıstanın Heraklion şəhərində usta cüdoçular arasında Avropa çempionatı start götürüb.

Veteran cüdoçularımız qitə çempionatının birinci yarış gününü 2 qızıl, 2 gümüş və 2 bürünc medal olmaqla 6 medalla başa vurublar. Belə ki, qızıl medalları komandamızın aktivinə 90 kiloqram çəki dərəcəsində Fərhad Rəcəbli (M7) və Mübariz Cəfərov (M5) yazdırıblar. Müşviq Cəfərov (M5, 73 kq), Qabil Qasımov (M6, +100 kq) gümüş, Natiq Qasımov (M6, 81 kq) və Şamil Sövzəliyev (M8, 81kq) isə bürünc medal qazanıblar.

Nərgiz İSMAYILOVA,

“Respublika”.