Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Şəki Xan Sarayı

Çoxsaylı mədəniyyət və  sənət əsərləri ilə zəngin olan Azərbaycan diyarı unikal memarlıq nümunələri xəzinəsidir. Milli memarlıq ənənələrini özündə əks etdirən Şəki Xan Sarayı da qədim və nadir abidələrdəndir. XVIII əsrdə fars üslubunda inşa edilmiş saray binası Şəki şəhərinin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Rəssamlıq və xalq təsviri sənətinin nadir incilərindən olan sarayın tikintisi 1760-1765-ci illərdə memar Şirazlı Hacı Zeynalabdin tərəfindən inşa olunmuşdur.  

İki mərtəbəli binanın ərazisi 300 kvadratmetrdir. 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvanı olan sarayın hər iki mərtəbəsi eyni quruluşdadır. Binanın dizaynında dekorativ sənət növü olan şəbəkə  üsulundan istifadə edilməsi tikiliyə xüsusi gözəllik verir, rəngli şüşələrdən içəriyə düşən işıq isə divarlarda və döşəmələrdə qeyri-adi əlvan kölgələr yaradır. Maraqlısı odur ki, mürəkkəb şəbəkənin çox kiçik həndəsi fiqurlardan ibarət  ağac və şüşə detallarının hazırlanmasında və ümumiyyətlə, binanın tikintisində nə yapışqandan, nə də mismardan istifadə olunmamışdı.

Xalq təsviri sənətinin bir çox növləri tətbiq olunan sarayda Nizami Gəncəvinin “Yeddi gözəl”, “Leyli və Məcnun” poemalarının motivlərində çəkilmiş illüstrasiyalar, ov və döyüş səhnələri, nəbati və müxtəlif geometrik ornamentlərlə zəngin rəsmlər də əks olunub. Burada həmçinin, saray əhlinin və kəndlilərin həyatını təsvir edən səhnələr də təsvir olunub. Binanın divar rəsmlərində əsasən göy, qırmızı, qızılı və sarı rənglərdən daha çox istifadə edilib.

Dünya abidələri siyahısına daxil edilmiş Şəki Xan Sarayının özünəməxsus inşa üslubuna, naxışlarının zənginliyinə, rəng çalarına, stalaktit oymalara və kompozisiyalara baxdıqca bu möhtəşəm sənət əsərinə bir daha heyran olursan.

 

Efesin Artemida məbədi

Gündəlik həyatın ayrılmaz  elementlərini təşkil edən bina və tikililər estetik şüurun ümumi səviyyəsinə təsir edir və şəhərlərin tarixinin öyrənilməsində böyük önəm daşıyır. Anadolunun qərb sahillərində, İzmirin Səlcuq bölgəsinin 3 kilometrliyində yerləşən  Artemida məbədi antik dövrün əhəmiyyətli mərkəzlərindən biri olan Efesin ən qədim tarixi abidələrindəndir.

Tamamilə mərmərdən hazırlanmış ellinistik və Roma dövrlərinə aid memarlıq və şəhərsalma nümunələrinin yer aldığı Efesdəki Artemida məbədinin ilk memarı Hersifron olmuşdur. Bölgənin seysmik aktivliyini nəzərə alan memar məbədi bataqlıq ərazidə tikməyə qərar vermişdi. Onun işini oğlu Metagen davam etdirsə də, layihəni Demetrius və Peonit adlı memarlar yekunlaşdırmışdı. 550 ilə tamamlanan Artemida məbədinin  eni 51, uzunluğu 105, sütunlarının hündürlüyü 18 metrdir. Yer üzündəki bütün canlıların himayədarı, ovçuluq və məhsuldarlıq ilahəsi Artemidanın heykəli fil sümüyü və qızıldan ucaldılmışdır. «İtirilmiş möcüzə» adlandırılan, xarabalıqlara çevrilmiş və yalnız bir neçə sütun və bünövrəsi salamat qalan məbədi əfsanəyə görə Efes şəhərinin gənc sakini Herostrat yandırmışdır. İşgəncə altında təqsirini etiraf edən Herostrat məbədi şöhrət qazanmaq üçün yandırdığını, hər kəsin onun barəsində bilməsini istədiyini etiraf etmişdir. Məhkəmənin qərarı ilə bu hadisədən sonra Herostratın adının tarixə yazılması qadağan olunmuşdur.

Dünyada qeydə alınan ən böyük sərvətlərdən biri olan Artemida məbədi günümüzə gəlib çıxan ən qədim bədii memarlıq əsəridir. 1994-cü ildə YUNESKO-nun Mədəni İrs Siyahısına alınan Artemida şəhəri Dünyanın Yeddi Möcüzəsindən biridir.

 

«Çaydan»  Mədəniyyət və Sərgi Mərkəzi

Çinin Tszyansu əyalətində dünyanın ən orijinal mədəniyyət və sərgi mərkəzlərindən biri olan “Wuxi Wanda” sərgi mərkəzi inşa edilmişdir. Nəhəng çaydan formasında olan Mədəniyyət və Sərgi Mərkəzi Yantszı çayı və Tayhu gölünün sərhəddində Usi şəhərində yerləşir. Yerli sənətkarlıq ənənələrinə istinadən dizayn edilən bina nəhəng keramika çaydanı xatırladır. Təsadüfi deyil ki, çinlilər məhz  çaydanı seçmək qərarına gəlmişdilər. Bu sərgi  mərkəzi XV əsrdən etibarən Səmavi İmperatorluğunun simvolu hesab olunan çaydanı  əbədiləşdirmək üçün dizayn edilmişdir.

10 mərtəbədən ibarət, hündürlüyü 40, diametri isə 50 metr olan dairəvi konstruksiyanın tikintisində müxtəlif ölçülü şüşə panellərdən və alüminium təbəqələrdən istifadə edilmişdir. Elastik materiallar fasadın istənilən əyriliyini yaratmağa imkan verir. Binaya sərgi salonları, dönmə çarxı və su parkı kimi əyləncə obyektləri də daxildir. Bundan əlavə, abstrakt binanın üç mərtəbəsinin hər biri öz oxu ətrafında fırlanır.

Dünyanın ən hündür çaydanı kimi Ginnesin rekordlar kitabına düşən bina qeyri-adi memarlıq üslubuna görə, Çin tikinti «möcüzələri» siyahısına da daxil edilmişdir.

Hazırladı:

Arzu ASİFQIZI,

«Respublika».