İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Gimnastlarımız Avropa çempionatında 2 medal qazanıblar

İtaliyanın Rimini şəhərində batut gimnastikası və tamblinq üzrə 28-ci Avropa çempionatı davam edir. Yarışda millimizin üzvləri 1 qızıl və 1 bürünc medala sahib olublar.

Komandamıza ən yüksək nəticəni gənclər arasında batut üzrə sinxron cütlüyümüz Maqsud Mahsudov və Hüseyn Abbasov qazandırıb. Belə ki, onlar sinxron proqramda bütün rəqiblərini üstələyərək 48,420 xalla fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Tamblinq üzrə yığmamızın üzvləri Adil Hacızadə (23.700 xal), Mixail Malkin (31.200 xal) və Tofiq Əliyev (27.500 xal) böyüklər arasında komanda yarışında bürünc medalla kifayətləniblər.

Xatırladaq ki, mayın 26-dan 28-dək eyni şəhərdə batut gimnastikası və tamblinq üzrə keçirilən 3-cü "Aere Trampoline Cup" beynəlxalq turniri və dünya kuboku yarışında da idmançılarımız uğurla çıxış ediblər. Belə ki, beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal, dünya kuboku yarışında isə tamblinq üzrə 1 gümüş medal əldə olunmuşdu.

 

Velosipedçimiz "Tour of Albania" yarışında ikinci olub

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı "Tour of Albania" yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb.

Azərbaycanın elit/U-23 yığma komandasının kapitanı Elçin Əsədov 109 kilometrlik məsafədə yarışda uğurlu nəticə göstərərək mərhələni ikinci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. E.Əsədov bu nəticə ilə ümumi təsnifatda 5-ci pillədə yer alıb və bununla da ölkə reytinqinə daha 15 xal qazandırıb, həmçinin ən yaxşı sprinterlərin mübarizəsində 77 xalla 3-cü olub. Qeyd edək ki, E.Əsədov yarışın birinci, ikinci və üçüncü mərhələlərini ilk onluqda tamamlayıb. Sonuncu mərhələdə yığma komandamızın digər üzvü Musa Mikayılzadə ümumi təsnifatda 12-ci nəticə göstərib.

Xatırladaq ki, mötəbər yarışda ölkəmizi baş məşqçi Asif Həsənovun rəhbərliyi altında elit/U-23 yığma komandasının üzvləri Elçin Əsədov, Elgün Əlizadə, Musa Mikayılzadə, Əli Qurbanov, Şahin Eyvazov və Yusif İsmayılov təmsil edib.

 

Cüdoçularımızdan Qitə kubokunda uğurlu nəticələr

Avstriyanın Qrats şəhərində keçirilən cüdo üzrə Avropa kuboku yarışları başa çatıb.

Yarışın son günündə cüdoçumuz Vüqar Talıbov (90 kq) bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. Yarımfinal görüşündə zədələndiyi üçün həkimlərin və baş məşqçi Elxan Məmmədovun birgə qərarına əsasən, həlledici mərhələdə iştirak etməyən idmançımız gümüş medalla kifayətlənib.

Beləliklə, komandamız qitə kuboku yarışını iki medalla başa vurub. Qeyd edək ki, bundan əvvəl komandamızın üzvü Vüsal Qələndərzadə (73 kq) də ikinci yeri tutub.

 

Azərbaycan və Bakı birinciliyinə yekun vurulub

Həndbol üzrə yeniyetmələr arasında keçirilən Azərbaycan və Bakı birinciliyinə yekun vurulub.

Şağan Olimpiya İdman Kompleksində təşkil edilən yarışda 2006-2008-ci il təvəllüdlü oğlanlar Azərbaycan birinciliyində qüvvələrini sınayıblar.

Yarışın son günündə keçirilən oyunlarda "Bakı-1"kollektivi "Bakı-2" komandasını 26:8, "Gəncə" isə "Bakı-3" komandasını 26:18 hesabı ilə məğlub edib. Digər görüşlərdə "Bakı-2" komandası "Bakı-3"ə 19:9, "Bakı-1" "Mingəçevir"ə 24:16 hesabı ilə qalib gəlib.

Qızların yarışında isə 2 saylı İOEUGİM 6 saylı İOEUGİM-2 komandası üzərində qələbə qazanıb - 14:9.

Nəticələrə əsasən, "Bakı-1" komandası 2006-2008-ci il təvəllüdlü oğlanlar arasında həndbol üzrə Azərbaycan birinciliyinin qalibi olub. İlk üçlüyə "Bakı-2" və "Gəncə" komandaları da daxildir.

2006-cı il təvəllüdlü və ondan kiçikyaşlı qızlar arasında 28 May - Müstəqillik Gününə həsr olunmuş Bakı birinciliyinin də qalibləri bəlli olub. Yarışın qalibi adını 2 saylı İOEUGİM kollektivi qazanıb. II və III yerləri müvafiq olaraq 6 saylı İOEUGİM-1 və 6 saylı İOEUGİM-2 komandaları tutublar.

 

Usta cüdoçularımız Avropa çempionatının qalibidir

Yunanıstanın Heraklion şəhərində keçirilən usta cüdoçular arasında Avropa çempionatının fərdi yarışlarına yekun vurulub.

Komandamız yarışı 9 qızıl, 5 gümüş və 5 bürünc medalla başa vurub.

Azərbaycan komandası yekun nəticələrə görə, 19 medalla ümumi hesabda birinci yerdədir.

Nərgiz İSMAYILOVA,

"Respublika".