ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

Virtual uşaq yaradıla bilər

Süni intellekt tərtibatçısı Catrion Campbell gələcəkdə virtual uşaqların yetişdirilməsi ideyasını irəli sürüb. Bu ideya lap 90-cı illərin məşhur oyuncaqları olan virtual kuklalar və heyvanları, "Tamagotchi"ni xatırladır. Tərtibatçı bu addımla məskunlaşma böhranı da daxil olmaqla, dünyada əhali artımının qarşısının alına biləcəyini hesab edir. Bəs, belə bir şey doğrudanmı mümkün ola bilər? Və nə dərəcədə fayda verə bilər?

Bəzi ekspertlər Campbellin arqumentlərinin əhali artımı probleminin həlli ola biləcəyini söyləyirlər. Mütəxəssislər yaxın gələcəkdə dünya əhalisinin sürətlə azalacağını ehtimal edirlər. Bu təxminlər Çində əhalinin getdikcə azalması baxımından daha çox uşaq yetişdirilməsi ideyasının ağlabatan olduğunu göstərir.

"Metaverse"nin (uydurma kainat) gündəlik həyatımızın bir hissəsinə çevrildiyi bir dövrdə, virtual körpələr böyütmək fikri o qədər də çətin görünmür. Bu ideya həyata keçirilərsə, bəlkə də gələcəkdə hər kəsin öz virtual körpəsi ola bilər.

"İndiki dövrdə bu ideya sizlərə qeyri-mümkün kimi görünə bilər, lakin 50 ildən sonra texnologiya o qədər inkişaf edəcək ki, metaversedəki körpələr yer üzündəki körpələrdən fərqli olacaq," -deyə Catrion Campbell qeyd edib.

İnformasiya "The Mirror" qəzetində dərc edilib.

 

Artıq zəlzələdən xəbərdar olacağıq

Türkiyədə yerli və xarici 4 şirkət tərəfindən quraşdırılan zəlzələ barədə erkən xəbərdarlıq sistemi EDIS insanların həyatını xilas etməklə yanaşı, eyni zamanda böyükmiqyaslı zəlzələlərin qarşısını almağı hədəfləyir. Yaşayış yerləri, fabrik, iş yerləri kimi bütün infrastrukturlarda tətbiq oluna biləcək sistem zəlzələnin gücü, xüsusiyyətləri, episentri barədə bir neçə dəqiqə əvvəl xəbər verəcək.

Sistemin təqdimat mərasimi Yıldız Texniki Universitetinin Texnopark Konqres Mərkəzində keçirilib. Konfransda akademiklər və dövlət məmurları iştirak edib. Layihənin müəllifi və baş icraçı direktoru Ali Emre Erişen sistemin xüsusiyyətləri barədə ətraflı məlumat verib.

"Artıq EDIS ilə zəlzələnin mənbəyi və baş verəcəyi barədə bir neçə dəqiqə əvvəl öyrənmək mümkün olacaq. Xəbər vermə vaxtı zəlzələnin böyüklüyünə və dərinliyinə görə dəyişə bilər. Bu, bəzən saniyələr, bəzən isə dəqiqədən çox çəkə bilər. İnfrastrukturlara quraşdırılma işi tamamlandıqdan sonra siren sistemini də tətbiq etməyi nəzərdə tuturuq. Bundan əlavə, sistemimizdən yararlanmaq istəyən istifadəçilər tətbiqi cib telefonlarına da yükləyə bilərlər. Onu da qeyd edim ki, tətbiqimiz pulsuzdur", - deyə layihənin qurucusu bildirib.

EDIS-in simulyasiya ilə təqdim edildiyi mətbuat konfransında sistemi izah edən icraçı direktor, layihənin yaxın gələcəkdə dünyanın bütün ölkələrində tətbiq ediləcəyini bildirib. Bilavasitə o, sistemin sınaqlarda göstərdiyi nəticələrə əsaslanaraq bu texnologiyanın dünyada indiyə qədər inkişaf etdirilən ən sürətli və ən yüksək texnologiya olduğunu bildirib.

İnformasiya "Akşam" qəzetində yayımlanıb.

 

Robot rəssam kraliça Elizabetin portretini çəkib

Süni intellektin dəstəyi ilə işləyən robot rəssam Ai-Da İngiltərənin kraliçası II Elizabetin portretini çəkib. "Alqoritm kraliçası" adlandırılan rəsm əsəri kraliçanın taxta çıxmasının 70-ci ildönümünün şərəfinə təşkil edilmiş "Platin Jübile" tədbirində təqdim edilib.

Ai-Da dünyanın ilk hiperreal robot rəssamıdır və indiyə qədər bir çox sənət əsəri yaratmışdır. Görünüşü və adı ilə XVIII əsrin riyaziyyatçısı Ada Lovelace-ni xatırladan robot, gözlərinə yerləşdirilən kamera və mikroçip vasitəsilə təsvirləri aşkar edə, əlləri ilə isə rəsm ləvazimatlarından istifadə edərək yeni əsərlər yarada bilir. Müasir incəsənət mühəndisi Aidan Meller tərəfindən Oksfordda konseptuallaşdırılan robot, eyni zamanda çıxışlar etmək üçün də öyrədilib.

"Alqoritm kraliçası" əsəri kraliça Elizabetin taxtda olduğu illərdə texnologiyanın inkişafını əks etdirməklə yanaşı, həm də onun çoxölçülü təsvirini yaratmaq məqsədi daşıyır.

"Mən əlahəzrət kraliçaya fədakarlığına və bu qədər insana xidmət etdiyinə görə təşəkkür etmək istəyirəm. O, dövlətinə, vətəninə bağlı, qeyri-adi, cəsarətli bir qadındır. Məncə o, əla insandır", - deyə Ai-Da çəkdiyi portreti nümayiş etdirərkən dil bacarıqlarından da istifadə edib.

İnformasiya "TechXplore" veb saytında yayımlanıb.

 

Kosmosda sirli siqnal aşkar edilib

Kosmosla bağlı araşdırmalarını davam etdirməkdə olan elm adamları, zaman-zaman heyrətamiz dərəcədə sirli tapıntılar əldə edirlər. Bu dəfə də avstraliyalı alimlər Yerdən 60 milyon işıq ili uzaqlığından gələn və hələ ki, mənbəyi məlum olmayan radiotezlik aşkar ediblər.

Qərbi Sidney Universitetinin tədqiqatçıları 60 milyon işıq ili uzaqlığında, lakin mənbəyini izah edə bilməyəcəkləri siqnal aşkar etdiklərini açıqlayıblar. Spiral qalaktika NGC 2082-nin də daxil olduğu ərazini müşahidə edən tədqiqatçılar, sözügedən siqnalın buradan gəldiyini ehtimal edirlər. Tədqiqatçılar yeni nəsil radioteleskopların siqnal barədə müəyyən məlumatlar verə biləcəyini hesab edirlər. Universitetin professoru Miroslav Filipoviç kəşfin kosmos tədqiqatları üçün çox mühüm addım olduğunu və siqnalın mənbəyini araşdırmaqdan böyük zövq alacağını bildirib.

Radiotezliyin qalaktikanın hansı istiqamətindən gəldiyi, daxildən, yoxsa xaricdən qaynaqlandığı barədə hələ ki, məlumat yoxdur. Lakin sirri çözmək üçün çox həyəcanlı olduqlarını bildirən Filipoviç, hazırda mövcud radioteleskoplarla əldə etdikləri tapıntının sirli hal aldığını qeyd edib.

İnformasiya "Nature Communication" jurnalında dərc edilib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".