DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

COZEF BAYDEN ABŞ-DA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİB

ABŞ prezidenti Cozef Bayden elektrik enerjisi istehsal gücü çatışmazlığı təhlükəsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Bu barədə “Report” agentliyi Ağ Evin saytına istinadən xəbər verib.

Bəyanatda bildirilir ki, ABŞ-ın kifayət qədər elektrik enerjisi istehsal etmək qabiliyyətini təhdid edən bir neçə amil mövcuddur. Bu amillərə Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində enerji bazarlarında yaranan fasilələr və iqlim dəyişikliyi ilə daha da kəskinləşən ekstremal hava hadisələri daxildir.

Xüsusən ABŞ-ın bəzi bölgələrində həddindən artıq isti ilə müşayiət olunan quraqlıq, eyni zamanda elektrik enerjisi çatışmazlığına və rekord tələbata səbəb olur. Nəticədə, Federal Enerji Tənzimləmə Komissiyası və Şimali Amerika Elektrik Etibarlılığı Korporasiyası qısamüddətli elektrik təchizatı problemləri ilə bağlı xəbərdarlıq edib.

Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ günəş elektrik stansiyaları üçün modulların əksəriyyətini Cənub-Şərqi Asiyadan idxal edir, lakin son vaxtlar onları kifayət qədər miqdarda təmin edə bilmir.

 

“BLOOMBERG”: UKRAYNA TAXILI TÜRKİYƏ VASİTƏSİLƏ TƏDARÜK OLUNACAQ

Rusiya və Türkiyə Ukrayna taxılının Odessadan Türkiyə vasitəsilə tədarükü ilə bağlı ilkin razılığa gəliblər. “APA”nın verdiyi xəbərə görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Rusiya və Türkiyənin BMT-nin iştirakı ilə planına əsasən, Odessa limanının akvatoriyasından minaları təmizləmək və Qara dənizdən Aralıq dənizinə taxıl daşıyan gəmilərin göndərilməsi üçün təhlükəsiz dəhliz yaradılmalıdır.

Bildirilir ki, Rusiya və Türkiyənin Ukrayna taxılının ixracını təşkil etməsi ilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 7-də onlayn mətbuat konfransında məlumat verib.

Bununla yanaşı, qeyd olunur ki, Türkiyə hərbçiləri Ukrayna limanlarını minalardan təmizlədikdən sonra Ukrayna taxılının dəniz vasitəsilə ixracı üçün dəhliz təşkil olunacaq.

 

BÖYÜK BRİTANİYANIN BAŞ NAZİRİ VƏZİFƏLƏRİNİ QORUYUB SAXLAYIB

Böyük Britaniyanın baş naziri Boris Conson partiya lideri və krallığın hökumət başçısı vəzifələrini qoruyub saxlayıb. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verib.

Məlumata əsasən, Böyük Britaniya parlamentinin İcmalar Palatası baş nazir Boris Consona etimadsızlıq səsverməsi ilə bağlı keçirilən gizli səsvermənin nəticələrini açıqlayıb.

Eyni zamanda, “The Guardian” nəşrinin xəbərinə görə, mühafizəkarlar Boris Consona etimadsızlıq elan etmək üçün kifayət qədər səs toplaya bilməyiblər. Beləliklə, Böyük Britaniya hökumətinin başçısı bir il müddətinə toxunulmazlıq əldə edib.

Verilən xəbərə görə, səsvermədə ümumilikdə 359 deputat iştirak edib. Deputatlardan 211-i Boris Consonu dəstəkləyib, 148 nəfər etimadsızlıq göstərib. Qeyd edək ki, Consonun vəzifədə qalması üçün azı 180 səs lazım idi.

 

ÇİNİN KAMBOCADA GİZLİ HƏRBİ BAZA TİKMƏSİ İLƏ BAĞLI İDDİA

Çin və Kamboca sonuncunun ərazisində Pekinin hərbi-dəniz bazasının tikildiyini gizlədirlər. “Trend”in verdiyi xəbərə görə, bu cür iddia ilə “The Washington Post” qəzeti çıxış edib.

Nəşrin məlumatına əsasən, söhbət Kambocanın cənub-qərbində yerləşən Ream hərbi-dəniz bazasının şimal hissəsində, Tailand körfəzi sahilində bu həftə təməli qoyulacaq obyektdən gedir.

Qəzetin mənbələri qeyd ediblər ki, Hind-Sakit okean regionunda hərbi dəniz bazasının gizli tikintisi Çin üçün strateji əhəmiyyət kəsb edir, çünki Pekində bu region “qanuni və tarixi təsir dairəsi” kimi qəbul edilir.

Nəşrin məlumatına görə, sözügedən baza Çin üçün ikinci belə obyekt olacaq. Pekinin ilk və indiyə qədər yeganə xarici hərbi bazası Şərqi Afrikadakı Cibutidə yerləşir.

 

ZELENSKİ YENİDƏN PUTİNLƏ DANIŞIQLARA HAZIR OLDUĞUNU BƏYAN EDİB

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlara hazır olduğunu növbəti dəfə bəyan edib. “APA”nın Britaniya bürosunun xəbərinə görə, bu barədə dövlət başçısı “Financial Times” nəşrinə müsahibəsində bəyan edib.

Prezident bildirib ki, qələbəni döyüş meydanında əldə etmək lazımdır. Onun sözlərinə görə, rus qoşunlarının hücumu zamanı törədilənlərə baxmayaraq, o, sülh danışıqlarına açıqdır və bu danışıqlar prezident Vladimir Putinlə üz-üzə aparılmalıdır.

Eyni zamanda, Zelenski bəzi Qərb müttəfiqlərinin Kiyevi cəlb etmədən Rusiya ilə atəşkəslə bağlı danışıqlar aparmaq cəhdlərinin olduğunu da vurğulayıb. “Bizə Qərbin daimi marağı, Ukraynanın suverenliyinə Qərbin dəstəyi lazımdır. Ukraynanın arxasından heç vaxt danışıqlar aparıla bilməz”, - deyə dövlət başçısı bildirib.

Bununla yanaşı, Zelenski əlavə edib ki, bəzi Qərb hökumətləri Rusiyaya qarşı sanksiyaların iqtisadi nəticələrindən artıq yorulub və öz kommersiya maraqlarını qorumaq üçün sanksiyaları yumşaltmağın yollarını axtarırlar. O deyib: “Onlar həm Ukraynanı dəstəkləyirlər, həm də biznes zərər görməsin deyə, sanksiyaları zəiflətmək üçün nə edilə biləcəyini nəzərdən keçirirlər”.

 

TÜRKİYƏDƏ ZƏRBƏ PUA-LARI ÜÇÜN YENİ TİP RAKETLƏR HAZIRLANIR

Türkiyə Elmi və Texniki Araşdırmalar Şurasının (TÜBİTAK) mütəxəssisləri, xüsusilə “Akıncı” zərbə pilotsuz uçuş aparatlarına inteqrasiyası planlaşdırılan “hava-hava” tipli raketlərin yaradılması layihəsini həyata keçirir. Bu barədə “Trend” agentliyi xəbər verib.

Məlumata görə, TÜBİTAK-ın Müdafiə Sənayesi Tədqiqat İnstitutunun direktoru Gürcan Okumuş “Anadolu” agentliyinə müsahibəsində yeni sursatların gələcəkdə digər PUA-lara da inteqrasiya oluna biləcəyini bəyan edib.

“Hava-hava raketləri insanlı və pilotsuz təyyarələr üçün vacibdir və çox vaxt uzun məsafədən hədəfləri vuran “hava qılıncları” adlanır. Ölkələr bir-birlərini bu cür yüksək texnoloji həlləri ixrac etmək istəmirlər və bəzən bunu ümumiyyətlə etmirlər”, - deyə direktor bildirib.

Gürcan Okumuşun sözlərinə görə, Türkiyə müdafiə sənayesində ciddi irəliləyişlər əldə edib və artıq əhəmiyyətli texnologiyalara malikdir.

 

İSPANİYADA 500 MİN AVROYADƏK CƏZA TƏTBIQ OLUNA BILƏR

İspaniya hökuməti yararlı ərzaq məhsulu və xörəkləri zibil kimi atan restoranlar və supermarketlərin cəzalandırılmasına dair qanun layihəsini dəstəkləyib. “Report”un verdiyi xəbərə görə, bu barədə məlumatı iyunun 7-də “El Pais” qəzeti yayıb.

Bildirilir ki, İspaniyada hər il ev təsərrüfatları 1,3 milyard kiloqram, yaxud adambaşına orta hesabla 31 kiloqram ərzaq və yemək tullayır. Krallığın Nazirlər Kabineti bu hala qarşı mübarizə aparmaq niyyəti ilə qida itkisinin qarşısını almaq üçün uyğun qanun layihəsini bəyənmək istəyir.

Məlumata əsasən, ərzaq zəncirinin bütün iştirakçıları tullantıların qarşısını almaq üçün qanun layihəsinin hazırlanmasına cəlb edilməlidir. Qanun layihəsinə əsasən, yeməyə yararsız olan ərzaq məhsullarından şirələr və cemlər hazırlamaq olar. Digər bir variant kimi onlardan heyvanlar üçün yem hazırlamaq da təklif olunur.

Verilən xəbərə görə, qaydalara əməl etməyənlər 2 mindən 60 min avroyadək cərimə olunacaq. Normalar təkrar pozularsa, o halda cərimənin məbləği 500 min avroya çata bilər. Bu qaydaların əhaliyə tətbiqi nəzərdə tutulmur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.