Unudulmayan qəhrəmanlar
Region

Unudulmayan qəhrəmanlar

İkinci Qarabağ müharibəsinin qəhrəman şəhidi Saməddin Mehman oğlu Fərziyev Lerik rayonunun Xanagah kəndində dünyaya göz açmışdı. Bu Vətən sevdalısı 19 yaşında Azərbaycanın şərəfini uca tutmaqla ölməzliyə qovuşdu. Torpaq uğrunda 44 günlük haqq savaşımızda tarixi zəfərin qazanmasında Saməddinin qəhrəmanlığı indi insanların dilindən düşmür. Qorxmaz, cəsur Vətən oğlunun keçdiyi şərəfli ömür yoluna Lerik camaatı örnək kimi baxır. Dövlət tərəfindən ölümündən sonra layiq görüldüyü "Vətən uğrunda" medalı şəhid Saməddinin şöhrətini bir qədər də ucaldır.

Saməddin Fərziyev xalqa fayda vermək, doğma yurdunun hər bir işinə gərək olmaq arzusu ilə müstəqil həyata başlayır. Elə xoşbəxtliyi də məhz bunda görür. Gözəl daxili hisslərə malik gəncin düzlüyü, təmizliyi, mənəvi saflığı, xeyirxahlığı yaşadığı cəmiyyətdə özünü yaxşı göstərir. Etimad, hörmət sahibi olaraq 2019-cu ildə ordu sırasına yollanır.

Vətənini canından artıq sevən Saməddin cəbhə xəttində layiqli, sədaqətli bir övlad təki Azərbaycana xidmət edir. Şəxsi keyfiyyətləri ilə əsgər yoldaşların, komandirlərin yanında hörmət qazanır. Vətən torpaqlarının tezliklə düşmən tapdağından qurtulması əsas amalı olur. Və məqamı gələndə yağıya layiqli cavab vermək üçün hərbin sirlərini həvəslə öyrənir, qatıldığı təlimlərdə əla döyüşçü keyfiyyətləri nümayiş etdirir. Vətənpərvər, hünərvər oğlunun hər an halal torpağı uğrunda canından keçmək istəyi başqalarına da qürur verir.

Vətən müharibəsində bütün igid oğullarımızla Cəbrayıl, Füzuli, Xocavənd döyüşlərində mərdliklə vuruşur, 30 il işğal altında qalan torpaqları geri qaytarmaq niyyəti ilə bir-birindən çətin əməliyyatlarda düşmənin başına od ələyir. Düşmənin texnikasını, canlı qüvvəsini məhv etməklə bərabər, neçə-neçə yaralı silahdaşını atəş zonasından uzaqlaşdırır. 21 oktyabrda yağı gülləsi Saməddindən yan keçmir. Torpaq igid əsgərin müqəddəs qanına boyanır. Elə bu qanlar hesabına yağı basılır, Qarabağ azad olunur.

Bəli, Saməddin canından keçdi yurdunu yaşatmaq üçün. Odur ki, qəhrəmanlar diyarı Azərbaycan var olduqca, o da ürəklərdə yaşayacaq.

Zəfər ORUCOĞLU.