İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Azərbaycan Qran-Prisində iştirak edəcək komandalar artıq Bakıdadır

Akrobatika gimnastikası üzrə dünya kuboku yarışlarında ilk qızıl medal Polşanın Jeşuf şəhərində akrobatika gimnastikası üzrə dünya kuboku yarışları keçirilib.

Yarışda yığma komandamızın üzvləri qarışıq hərəkətlər proqramında 2 qızıl və 1 gümüş medal əldə ediblər.

Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupumuz, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz qızıl, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz gümüş medal qazanıblar.

Qeyd edək ki, qadın qrupu və qarışıq cütlüyümüzün qazandığı nailiyyət akrobatika gimnastikası üzrə dünya kuboku yarışlarında əldə olunan ilk qızıl medaldır.

 

"Zəfər turniri"ndə qaliblər müəyyənləşib

Hövsan Olimpiya İdman Kompleksində "RM" İdman Klubunun və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə kadetlər, yeniyetmələr, gənclər və kişilər arasında kikboksinq üzrə "Zəfər turnir"i keçirilib.

Turnirdə ölkəmizin müxtəlif bölgələrindən 350-dən çox idmançı qalib adı uğrunda mübarizə aparıb.

Yarışın yekununda klubun idmançıları fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Müdafiə Nazirliyinin Heydər Əliyev adına Hərbi İnstitutunun kikboksinq komandası isə turnirin gümüş medalına layiq görülüb. Üçüncü yerin sahibi Sumqayıtın "Teyd" kikboksinq klubunun idmançıları olub.

 

Parataekvondoçumuz Qran-Pri turnirində gümüş medal qazanıb

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Qran-Pri turnirində Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (K-44, 70 kq) gümüş medal qazanıb.

İdmançımız Türkiyə və Monqolustan təmsilçilərinə qalib gələrək finala yüksəlsə də, həlledici mərhələdə Meksika idmançısına məğlub olaraq yarışı ikinci yerdə başa vurub.

Xatırladaq ki, İmaməddin Xəlilov mayın 22-də Mançesterdə keçirilən Avropa çempionatında da ikinci yeri tutmuşdur.

Nərgiz İSMAYILOVA,

"Respublika".